Yüksək Texnologiyalar Parkı

    0
    179

    Yüksək Texnologiyalar Parkı

    Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın inkişafına təkan vermək üçün yaradılıb. Həmçinin yeni texnologiya və innovasiyaların inkişafı üçün elmi- tədqiqat mərkəzlərinin lazımi infrastrukturla təmin edilməsini nəzərdə tutur.

    YTP xarici təcrübəyə əsaslanan bir layihədir və Yüksək Texnologiyalar Parkının tikintisi üçün Pirallahı adasında 50 hektar torpaq sahəsi ayrılıb.

    Layihənin rəhbərliyi Bakı şəhərinin mərkəzindəki ofisində həm də “Pi Campus” yaradıb ki, ərizə təqdim edərək seçilmiş startaplar burada yaradılmış imkanlardan bəhrələnərək işləyə bilsinlər. Startap layihələri YTP-yə çevik onlayn forma vasitəsilə təqdim olunur. Hər ay yeni seçilmiş startap layihələri özlərini təqdim etmək üçün YTP-yə dəvət olunur.

    Startaplar vaxtaşırı YTP-yə öz ümumi hesabatlarını təqdim edirlər. Bu yolla hansı startapların YTP-də fəaliyyətini davam etdirəcəyi müəyyən olunur. Bu, ilk növbədə onunla bağlıdır ki, YTP məhz səmərəli işləyən, qısa müddətdə gözlənilən nəticəni göstərə bilən startapların yaradılmış şəraitdən bəhrələnməsinə çalışır. Vaxtı və yeri səmərəli istifadə etməyənlər isə Pi Campusu tərk etməli olurlar. Onların bir hissəsi başqa mərkəzlərə göndərilir.

    YTP-ə ərizə verərək seçilmiş startapların çalışdığı məkandır. Burada

    startapların öz layihələrini inkişaf etdirə bilmələri üçün şərait yaradılmışdır. Startapçılar kiçik bir məbləğ ödəməklə avadanlıq, sürətli internet və lazım olan kompüter proqramları ilə təchiz olunmuş iş yerləri əldə etmiş olurlar. Bundan başqa YTP startaplara bacarıqların inkişafı sahəsində yardımçı olmağa çalışır. Bu inkubasiya mərkəzində işləyən startapların böyüdükcə iri firmalara çevrilərək Pirallahı adasına köçürülməsi düşünülür.

    Ümumiyyətlə, yüksək texnologiyalar sahəsində çalışan şirkətlərin bir- birinə yaxın, eyni məkanda işləyə bilməsi, eyni zamanda dövlət güzəştlərindən faydalana bilməsini nəzərdə tutur.

    Dövlət güzəştlərinə yeddi ilə qədər gətirilən avadanlıqlar üçün ƏDV-dən azadolma, illik mənfəət, torpaq və əmlak vergilərindən azad olma da daxildir. Bu isə o deməkdir ki, bu ərazidə yerləşmiş şirkətlərə verilmiş iş və yaşayış yerləri onlar üçün daha ucuz başa gələcək.

    Layihənin həyata keçirilməsinin üç fazası nəzərdə tutulub: ilk fazada dövlət öz maliyyəsi və özü tərəfindən həyata keçirir. Bu fazada təhsil mərkəzinin, böyük inkubasiya mərkəzinin qurulması, inzibati ofis, kiçik yaşayış mərkəzləri və bir neçə şirkət ofisinin yaradılması nəzərdə tutulur.
    Texnoparkın yaradılması layihəsinə başlanmazdan əvvəl dünyada olan 400-ə yaxın texnoparkla bağlı araşdırma aparılıb.

    Yüksək Texnologiyalar Parkının məlumatına əsasən YTP-yə daxil olan 100-dən çox layihə içərisindən 37-i seçilib.

    Seçim YTP-nin daxili komissiyası tərəfindən aparılır. Bu startapları cəlb etdikdən sonra növbəti məqsəd onları həm xarici investisiya şirkətləri, həm də bu sahə ilə maraqlanan yerli şirkətlərlə əlaqələndirməkdir.

    Bundan başqa YTP-yə nüfuzlu xarici proqramlaşdırma və biznes məktəblərinin cəlb edilməsi də nəzərdə tutulub.

    YTP ilə əməkdaşlıq edən startapların bəziləri artıq investorları cəlb edə bilib. Bəzilərinə isə İKT fondu qrant vasitəsilə dəstək verməyə başlayıb.

    Əmrah Qarayev