Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 880 mln. dollardan çox olub

0
1845

2017-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881,9 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan qonşu ölkənin 4-cü ən böyük ticarət tərəfdaşı olub.

Ötən il Azərbaycan Gürcüstandan 272 mln. 172,5 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 609 mln. 721,8 min dollar dəyərində olub.

Azərbaycanın Gürcüstanın xarici ticarət dövriyyəsində payı 8,2% təşkil edib.

Gürcüstanın ötən il ən böyük ticarət tərəfdaşlarının üçlüyünə Türkiyə (1 mlrd. 589,3 mln. dollar), Rusiya (1 mlrd. 183, 6 mln. dollar) və Çin (939, 5 mln. dollar) daxil olub.

2017-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 10 mlrd. 707,4 mln. dollar təşkil edib ki, bu da 2016-cı illə  müqayisədə 13,8% çoxdur.

Qonşu ölkənin ixracı 29,1% artaraq 2 mlrd. 728, 0 mln. dollar, idxal isə 9,4% artaraq 7 mlrd. 979,4 mln. dollar təşkil edib.

2017-ci ildə Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında birinci yeri mis filizi və konsentratlar (ümumi ixracın 15,4%-i), ikinci yeri ferroərintilər (11,3%), üçüncü yeri isə minik avtomobilləri (8,6%) tutub.

Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və neft qazları (4,4%) yer alıb.