Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi vəvergidən yayınmahallarının aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişikliklər paketihazırlanıb. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslarımız olub. Bu görüşlərdə biz sahibkarları narahat edən məsələləri, onları öz fəaliyyətlərini daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmləri müzakirə etmişik. Nəticədə Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir.Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsindən ibarətdir”, – M.Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, qeyd olunan dəyişikliklər çərçivəsində nazirlik yalnız kiçik biznes üçün sadələşdirilmiş verginin tətbiqini təkif edir. “Bundan başqa, sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin gəlirdən çıxılması kimi təkliflər edilib”, – M.Cabbarov bildirib.
Bundan əlavə, bu təkliflərə əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması daxildir. “Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur”, – nazir vurğulayıb.