Turizm dəstək istədi: “Vergi güzəşti bəs etmir…”

Date:

Paylaş:

Koronavirus və onun gətirdiyi qadağalar, ölkədə kütləvi tədbirlərin təxirə salınması,  turist axınının dayanması və otel restoranların fəaliyyətinin məhdudlaşdırılması bu sahədə çalışan şirkətləri böyük zərərə salıb.

Yerli otel, istirazət mərkəzləri, hətta restoranlar işçilərini ixtisar etməyə, maaşları və digər xərclərini azaltmağa məcbur olub. İş adamları bizneslərini qorumaq və fəaliyyətlərini davam etdirmək üçün hökumətdən dəstək gözləyirlər. Öz növbəsində hökumət turizm sektoru üçün dəstək tədbirləri hazırlayır.

Bu məsələlər, dövlət qurumları və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən onlayn tədbirdə müzakirə edilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sektora dəstək üçün müxtəlif tədbirlər planlaşdırılır. Bunlar kreditlərin vaxtının uzadılması, ana borcun saxlanaraq, faizlərin subsidiyalaşması, və sairdir. «Sahibkarların xeyrinə olan ən yaxşı təcrübələr nəzərdən keçirilir. Ən yaxşı təcrübələr tətbiq ediləcək və yaxşı mühit yaradılacaq. Bütün məsələlər araşdırılıb, çoxsaylı görüşlər keçirilib və onların əsasında bu günkü situsiyanı da nəzərə almaqla ən yaxşı yumşaldıcı təkliflər nəzərə alınacaq. Siz də təkliflərinizi verin»-deyə nazir müavini Sahib Məmmədov nümayəndələrini müzakirəyə dəvət edib.

Tədbirdə çıxış edən Bakıda fəaliyyət göstərən, «inkaminq» turizmlə məşğul olan şirkətlərindən birinin rəhbəri bildirib ki, böhran onları çətin vəziyyətdə yaxalayıb: «Yanvar-fevral ayları gəlirimizin ən az, xərclərin isə maksimum olduğu vaxt idi, çünki həmin vaxt biz sərgilərdə iştiraa edirik. Böyük məbləğdə alacaqlarımız vardı, hamısı qaldı».

«Qarşıdakı 3 ayda təqribən nə qədər zərər gözləyirsiniz?» sulına cavab olaraq şirkət rəhbəri bildirib ki, Təkcə UEFA və «Formula» yarışından yarım milyon dollar gəlir gözləyirmiş: «Amma mart ayı üçün bütün rezervasiyalar təxirə salınıb. Heç bir cərimə tutmadan səfərləri təxirə salmalı olduq. Təkcə UEFA və Formula-1 satışlardan gözlədiyimiz gəlir yarım milyon dollar idi. Hamısı da ixtisar olundu və bu vəziyyət avqustdan tez düzəlməyəcək. Ən pisi də odur ki, vəziyyətin nə vaxt bitəcəyi bilinmir, işlərimizi planlaşdırmaq mümkün deyil».

Şirkət nümaynədəsi bildirib ki, 20-yə yaxın əməkdaşı var və xərcləri ayda 20 min manatdır: «Bunları biz uzun müddət yetişdirmişik, azı iki dil ilən insanlardır və bahalı mütəxəssislərdir. Onlar sektordan getsələr yenidən 2 il keçməlidir ki, onları bu sahəyə qaytaraq».

Şirkət rəhbəri etiraf edib ki, işçilərin real maaşı təqribən 1000 manat ətrafındadır, amma bunun 350 manatı kartla ödənilir: «Sizdən də xahiş edirik ki, əməkdaşlarımızın minimum xərclərinin ödənilməsi üçün onların maaşlarını dövlət ödəsin. Yəni təkcə vergi güzəştləri ilə iş bitməyəcək, maaşlarda da kömək etmək tələb olunur».

Başqa bir şirkət nümayəndəsi turizm şirkətlərinə sərgilərə qatılmaq üçün dəstək verilməsini istəyib. Onun sözlərinə görə, əvvəllər turizm şirkətləri üçün belə güzəştlər olurdu, indi bu yoxdur: «Turizm nazirliyinin vaxtında sərgilərə pulsuz gedirdik. İndi isə istənilən sərgiyə özümüz xərc çəkir, adambaşına min avro xərcləyirik +18%. Azı bir neçə nəfər getməliyik və nəticədə hər sərgidə iştirak bizə

7-8 min manata başa gəlir. Təklif edirəm ki, heç olmasa 2020-21-ci illərdə sərgi məsələsi bizə pulsuz olsun».

Ölkənin cənubunda fəaliyyət göstərən böyük istirahət mərkəzinin rəhbəri bildirib ki, otelin gəlirlərinin 80%-i yayda, qalan 20% ilin digər vaxtlarında olur. Burada il boyu 109 işçi, mövsümün pik vaxtında isə 180 nəfər çalışır. Turist axını dayandığına görə, şirkət rəhbəri işçilərin maaşını öz cibindən ödəməli olub: «Fevralın 20-dən çətinlikləri hiss edirik. Fevralın maaşlarını da müəssisənin deyil, öz hesabımızdan vermişik». Hazırda əməkdaşların 109-u bizim hesabımıza məzuniyyətdədir, yalnız zəruri heyət iş başındadır.

Otel rəhbəri ilk növbədə kommunal xərclərə güzəşt edilməsini istəyib. Onun sözlərinə görə, otel işləməsə də, hər ay kommunal xidmətlərə  12-15 min manat ödənilir: «Bunun böyük hissəsi, 7-8 min manat qaz puludur».

Ölkənin şimalında fəaliyyət göstərən məşhur 5 ulduz otelin rəhbəri isə ayda 500 min manat zərərdə olduqlarını bildirərək dəstək proqramının tezlikdə işə düşməsin xahiş edib. Onun sözlərinə görə, adi vaxtlarda burada 328, pik vaxtı is 525 işçi çalışır: «Martda 250 min manat əmək haqqı verməliyik, gələn aydan biz artıq vəziyyəti bilməliyik ki, nə olacaq və necə olacaq ki, həm işimizi quraq, həm də işçiləri nəzərə alaq».

Otel rəhbəri bildirib ki, bu gün oteldə cəmi 10 otaqda qonaq var: «Əvvəlcədən rezervasiya olunmuşdu, imtina edə bilmərik, amma hər tərəfi dezinfeksiya etmişik. Bu da əlavə xərcdir və 10 otağa görə bütün oteli açıq saxlamışıq, təqribi hesablaima ilə ayda 500 min manat zərərdəyik».

Toplantıda rəsmi şəxslər otelin rəhbərindən otelin karantin üçün istifadəsi variantına münasibət soruşublar, otel rəhbəri etiraz etməyib, bildirib ki, turistlərdən fərqli olaraq xəstələri saxlamaq xərci az olacaq: «Necə deyərlər, onlara steyk verməyəcəyik».

Otel rəhbəri təklif edib ki, dəstək proqramı işə düşəndə turizm şirətlərinin otellərə borcu da nəzərə alınsın: «Sirr deyil ki, bütün otellər turizm şirkətlərinə kredit xətti açırlar. Elə turşirkələr var ki, bizə debitor borcları var və onlar ödənişə çətinlik çəkirlər. Proqram hazırlananda bu da nəzərə alınsa yaxşı olar».

İmişlidə şadlıq sarayı və qonaq evini idarə edən sahibkar bildirib ki, hazırda burada 40-a yaxın həkim yerləşib və otel buna görə ödəniş almır, amma 200-ə yaxın işçinin taleyi naməlumdur: «Həkimlərə təmənnasız xidmət edirik, borcumuzdur. Amma şadlıq sarayı və oteldə 200-ə yaxın işçimiz var. Gündəlik, günəmuzd işləyən də var, belələrini məcbur olub evə buraxmışıq».

Obyektin idarəçisi xatırladıb ki, onar icarə haqqı da ödəyirlər, amma bu məsələni obyektin sahibi ilə həll edəcəklər: «Əsas məsələ işçiləri saxlayıb maaşlarını verməkdir, martın maaşın vermişik, verəcəyik də amma sonrakı aylarda nə olacaq bilmirik, öz büdcəmizlə verə bilməyəcəyik».

Cavabında rəsmilər bildirib ki, işçilərin maaşlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı məsələyə baxılır, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə işçi qrupunda da müzakirə edilir.

Gəncədən olan turizm şirkətinin rəhbəri hələlik heç kimi ixtisar etmədiyini, işçilərin evdən işlədiyini bildirib. İş adamı dəstək olaraq dövlətdən faizsiz kredit verilməsini, ödənişlərin isə 6 aydan sonra başlanmasını istəyib. Sahibkar xatırladıb ki, şirkətin Ukraynada da filialı var və bu ölkədə biznesə dəstək artıq başlayıb: «5 ildir Ukraynada da fəaliyyət göstəririk, ordakı bəzi turizm dəstəyi ilə bağlı məlumat belədir ki, Ukraynada dövlət DSMF xərcini ödəyir, icarədarlarda danışıb icarə haqqını minimuma endirirlər, kommunal xərcləri dövlət edir, bir də turizm üçün kredit xətti ayrılıb. Kredit faizsiz verilir, bu gün alıb 6 aydan sonra ödəməyə başlayırsınız».

Qəbələdəki məşhur əyləncə mərkəzinin rəhbəri 125 işçinin olduğunu bildirərək birbaşa soruşub ki, dövlət hansı dəstəyi verəcək. Rəsmilər bildirib ki, hazırda dəstək tədbirlərinin müxtəlif formaları müzakirə olunur. İlk növbədə şəffaf işləyənlərə dəstək veriləcək: «Mart ayı üzrə hesabatlar təhlil olunacaq və bu mexanizmlər ilk növbədə vicdanlı vergi ödəyiciləri, vergini yaxşı ödəyənlərə münasibətdə tətbiq ediləcək. Qanuna dəyişiklik, vergi tətilləri,  kredit şərtlərinin yumşaldılması və dövlət satınalmalarında yerli şirkətlərə üstünlüklər müzakirə olunur».

Vergi hesabatlarının gecikməsinə görə cərimələrə gəlincə, rəsmilər bildirib ki, vergilərlə bağlı sanksiyalardan söhbət gedə bilməz.

Bakıdakı böyük əyləncə mərkəzlərindən birin rəhbəri toplantıda elan etdi ki, mərkəzin mindən artıq əməkdaşı var, hazırda müəssisə tamamilə dayansa da, onların maaşlarının 50%-i ödənilir. Şirkət rəhbəri dəstək üçün həmin vəsaitin dövlət tərəfindən ayrılmasını istədi. Eləcə də mövcud kreditlərin faizlərinin dayandırılmasını və ciddi islahatların aparılmasını təklif edib.

Toplantıda Gəncədə şadlıq sarayı və restoranı idarə edən sahibkar bildirib ki, sonuncu toy martın 15-də olub: «Qalanları təxirə salındı Behlərini də qaytardıq. İndi tam dayanmışıq».

İş adamı bildirib ki, hazırda şadlıq evi və restoran eyni kod altında işləyir. Restoran yalnız saat 15-ə kimi işləyir və vəziyyətdən çıxmaq üçün restoran keyterinq, yeməklərin evə çatdırılması xidmətinə keçib, amma bu o qədər də uğurlu olmayıb: «Bu sistemi işə saldıq ki, mənfəət bir yana, heç olmasa, keyterinqlə işçilərin əmək haqqını və kommunal haqları ödəyək. Amma Gəncədə durğunluq var, adamlar heç çölə çıxmırlar, o da qaldı evə yemək sifariş vermək».

İş adamı bildirdi ki, işçilərin bir hissəsi sabit qəbzlə işləyir və  soruşdu ki, fəaliyyət göstərməyən şadlıq evinin işçilərinin ixtisar edilməsi onun qaydaları pozması sayılmayacaq ki? Ona bildirildi ki, əsas diqqət əmək müqaviləsi ilə işləyənlərə yetirilməlidir. Bu gün dövlət müəyyən müddətə,  qısa müddətdə dövlətin yanında olan vətəndaşları işsiz qoymayan sahibkarlara dəstək olacaq.

Toplantıda bildirilib ki, hazırda sosial ödəmələrlə bağlı yükün azaldılması da müzakirə edilir, xüsusilə mikro və sabit qəbzlə işləyənlər üçün.

Toplantıya qatılan turizm şirkətinin rəhbəri Oqtay Məmmədov bildirib ki, dövlət dəstəyindən sui istifadə olunmasının qarşısın almaq üçün sadələşdirilmiş vergi ödəyiciəri və mənfəət vergisi ödəyiciləri üçün maliyyə hesabatı forması hazırlanmalıdır: «Bu formada aylıq maliyyə hesabatları tərtib olunsun və vergiyə təqdim olunsun, hamı elektron hesabat versin».

İş adamı bildirib ki, sektorun problemlərini həll etmək üçün faizsiz və girovsuz kredit verilməli və bu vəsaitlər yalnız köçürmə yolu ilə istifadə edilməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...