SOCAR şirkəti (ARDNŞ) Ukraynada iştirakını genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Ukraynaya 300 mln.dollardan artıq sərmayə yatıran SOCAR əlverişli və cəlbedici investisya şərtləri ilə gələcəkdə burada biznesini genişləndirməyi planlaşdırır. Yaxın zamanda Ukraynanın Energetika Nazirliyi ilə bir sıra çox sərfəli layihələrin perspektivlərini müzakirə etmək məqsədilə ARDNŞ-nin rəhbərliyinin səfərini gözləyirik”, – diplomat Ukraynanın “Ukrinform” milli informasiya agentliyinə müsahibəsində bildirib.
A.Xudiyevin sözlərinə görə, Azərbaycan Ukraynada enerji layihələri və tenderlərdə iştiraka hazırdır. “Biz Ukraynada həyata keçirilən enerji layihələri və tenderlərdə yaxından iştirak etmək istərdik. Qeyd etmək lazımdır ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycan nefti və neft məhsullarının Ukraynaya ixracının payına düşür”, – səfir qeyd edib.
A.Xudiyev vurğulayıb ki, Azərbaycan hər ay Ukraynaya 200-300 tona yaxın neft, neft məhsulları, qaz kondensatı və enerji tələbatı üçün digər yüngül və ağır neft məhsulları ixrac edir. “Tədarük alqoritmi plana əsasən həyata keçirilir”, – o əlavə edib.
© İnterfaks-Azərbaycan