Kosmetik məhsullara olan tələbat, hər zaman artmaqdadır. Bu biznes qadın üçün ideal variantdır. Kosmetika mağazasını açmaq üçün nələr lazımdır?
Kosmetika və parfümeriya satışı, gəlirli bir biznesə çevrilə bilər. Gözəllik sənayesi ildən ilə məşhurlaşır, yeni kosmetik məhsullar meydana gəlir – bütün bunlar kosmetika və parfümeriya məhsullarına olan tələbatın artmasına gətirib çıxarır. Sosioloji sorğulara əsasən, qadınlar hər ay gəlirinin 15%-ni kosmetikaya xərcləməyə hazırdırlar.
Kosmetika mağazasını açmaq üçün nələr etməlisiniz? Birincisi, ixtisaslaşmanı seçmək lazımdır, ikincisi isə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların üzləşdiyi etaplarla tanış olmalısınız. Bunlara aiddir: biznesi qeydiyyata salmaq, uyğun bir otaq tapmaq, lazımi avadanlıqları almaq, çeşidi formalaşdırmaq və almaq, əməkdaşları təyin etmək.
Hər bir məsələyə nəzər yetirək.
Kosmetika mağazasının ixtisaslaşmasını necə seçmək lazımdır
İlkin mərhələdə mağazanın fəaliyyət istiqamətini və çeşidi üzrə seçim etməlisiniz. Bu seçim birbaşa sərmayələrin məbləğindən, yerdən və müəyyən bir məhsulu təmin etmək bacarığından asılıdır. Mağazaların bir qismi geniş çeşid təklif edirlər, digərləri isə dar bir seqment və xüsusi məhsullara fokuslanırlar. İri şəhərlərdə dar istiqamətli mağazanın açılması daha məqsədəuyğundur. Bu, sizə şəbəkə mağazaları ilə rəqabət aparmağa imkan verəcək. Əgər kosmetika mağazasını xırda kiçik bir şəhərdə açmağı planlayırsınızsa, onda mağazanın klassik modelinə üstünlük verməyiniz tövsiyə olunur.
Mağazanın fəaliyyət istiqamətini seçərkən nələrə diqqət etmək lazımdır:
- Yerləşmə. Əgər mağaza şəhərin mərkəzində yerləşirsə, bahalı kosmetika və parfümeriya məhsullarına üstünlük verə bilərsiniz. Digər hallarda qiymətlər münasib, çeşid isə geniş olsa daha məqbul olar.
- Rəqabət. Birbaşa rəqibləriniz olmasa daha yaxşı olar.
Kosmetika və parfümeriya mağazalarının növləri:
- Lüks kosmetika və parfümeriya mağazası. Məqsəd – yüksək gəlirli auditoriyanın diqqətini çəkmək. Təklif etdiyiniz məhsulların keyfiyyət yüksək olmaqla yanaşı, lüks brendlərə məxsus olmalıdırlar. Belə bir mağaza ciddi maliyyə yatırımı tələb edir. Şəhərin mərkəzində və ya nüfuzlu rayonlarda açmağınız tövsiyə olunur.
- Dırnaq üçün professional kosmetika mağazası. Məqsəd – dırnaq dizaynı studiyaları və fərdi manikür ustaları. Açılması üçün orta sahəli otaq kifayət edə bilər. Maliyyə xərcləri o qədərdə yüksək deyil.
- Təbii kosmetika mağazası. Təbii kosmetikaya olan tələbat daim artmaqdadır. Bu, sağlam həyat tərzi və ekologiya mövzularının son dövrlərdə aktual olması ilə bağlı olmuşdur. Lakin alıcının ürəyinə sahib olmaq üçün, reklama xüsusi diqqət ayırmalısınız.
- Brend mağaza. Siz məşhur bir brendin rəsmi nümayəndəsi də ola bilərsiniz. Hal-hazırda, bir çox kosmetik markalar əməkdaşlıq təklif edirlər. Burada üstün cəhət ondan ibarətdir ki, sizin biznesiniz yaxşı tanınmış ad almış olur. Mənfi cəhətlərdən isə rəqabət və əməkdaşınızdan asılılığı göstərmək olar.
- Müalicəvi kosmetika mağazası. Belə mağazalar müalicəvi kosmetika üzrə ixtisaslaşırlar. Məsələn, koreya və ya yapon kosmetikası mağazaları, ərəb parfümeriyası butiki və s. Burada yaranan problemlərdən biri, təchizatçının təmin edilməsi məsələsidir. Üstünlük – bazarda seçilmək imkanının olması.
- Vizajistlər üçün professional kosmetika mağazası. Belə bir ticarət nöqtəsinin fəaliyyəti, əsasən dar ixtisaslaşmış mütəxəssislərə istiqamətlənir. Mağaza gözəllik salonlarının yaxınlığında yerləşsə daha məqsədəuyğun olar.
- Ev şəraitində hazırlanmış kosmetika mağazası. Əl işi hər zaman yüksək qiymətləndirilir və alıcıların diqqətini çəkir. Burada seçdiyiniz məhsulların sertifikasiyasını yoxlamağınız vacibdir. Bu seqmentdə ən məşhur məhsul sabunbişirmədir.
- Ekoloji və ya orqanik kosmetika mağazası. Bu gün ekoloji və orqanik kosmetika çox populyardır. Adətən bu tip məhsulların qiyməti yüksək olur, buna baxmayaraq onlara olan tələbat artmaqdadır.
Gördüyünüz kimi istiqamət çeşidi kifayət qədər genişdir. Rəqabət az olduğu sahəni seçməyiniz tövsiyə olunur. Düzgün müəyyən olunmuş auditoriya və çeşid – müvəffəqiyyətin açarıdır.
Hüquqi məsələlər
Biznesə başlamazdan öncə, hüquq məsələlərində olan nüanslara diqqət yetirməniz lazımdır. İlk növbədə açdığınız biznesi qeydə almalısınız. Siz onu MMC və ya Fiziki şəxs kimi qeydiyyatdan keçirə bilərsiniz. Kiçik mağaza üçün FŞ, böyük mağaza üçün isə MMC formatı uyğun gəlir.
Ümumilikdə kosmetika mağazasının qeydiyyatı, o qədərdə çətin bir iş deyil. Sadəcə unutmayın ki, bütün kosmetik məhsullar sertifikasiya olunmalıdır. Təchizatçı ilə müqavilələr bağladıqda, diqqətli olun və bütün sənədləri yoxlayın.
Sertifikasiya edilməli məhsulların siyahısı isə aşağıdakı kimidir:
- Kosmetik məhsullar – üz və bədənə baxım kosmetikası, diş və ağız boşluğu üçün gigiyenik vasitələr, saç üçün müxtəlif kosmetik vasitələr.
- Dekorativ vasitələr – makiyaj üçün istifadə olunan bütün məhsullar, dırnaqlar üçün kosmetika.
- Parfümeriya – ətir, dezodorant, odekolon.
- Sabun – duru, bərk sabun, sabunlu pasta və ya toz.
Mağaza üçün otaq seçimi
Mağazanın əlverişli bir yerdə açılması – müvəffəqiyyətin 70%-ni müəyyən edir. Məkanı seçərkən bunlara diqqət etməniz lazımdır: sahə, maşınlar üçün dayanacağın olması, piyada axınının intensivliyi və cəlbedicilik.
Bu, şəhərin mərkəzi, sıx məskunlaşmış rayon, ticarət mərkəzləri və s. ola bilər. Gözəllik salonlarına yaxınlıq da, üstünlük verən amillərdən biridir.
Bu və ya digər məkanı seçərkən, ilk növbədə rəqiblərin monitorinqini keçirməyiniz tövsiyə olunur: mağaza kosmetika hipermarketlərinə, brend kosmetika mağazalarına və sizin birbaşa rəqiblərinizə yaxın yerləşməli deyil.
İcarəyə götürdüyünüz otağın sahəsi, minimum 40 m2 təşkil etməlidir (çeşidiniz geniş olarsa əgər). Kiçik kosmetika mağazası üçün 25 m2 kifayət edir.
Zal dördbucaq və ya düzbucaq formasında olmalıdır. Mağazanın təmirinə münasibətdə hər hansısa tələb yoxdur. Keyfiyyətli işıqlandırma sisteminə diqqət yetirsəniz, kifayət edər.
Alış-veriş sahəsi necə təşkil olunmalıdır
Alış-veriş sahəsi yaxşı işıqlandırma sisteminə və xoş interyerə malik olmalıdır.
Əsas prinsiplər:
- Ticarət yerinin ada formasında yerləşdirilməsi – hər bir brend üçün xüsusi üslubda tərtib edilmiş ayrı stend təşkil olunur.
- Qiymət etiketlərinin rəng fərqliliyi (məsələn, xüsusi təklifləri yaşıl rəngli qiymət etiketi ilə işarələmək olar)
- Tərtibatda kontrast rənglərdən istifadə (ağ və qara, qırmızı və ağ və s.).
Kosmetika mağazası üçün hansı avadanlıq tələb olunur
Kosmetika mağazasının tərtibatında əsas element, ticarət avadanlıqlarıdır – stellajlar, vitrinlər, rəflər, kassa aparatı. Ticarət avadanlıqlarının sayını müəyyən edən zaman, məhsulun həcmi nəzərə alınmalıdır.
Bütün məhsullar növlərinə (dekorativ kosmetika, parfümeriya və s.) və ya brendlərə uyğun olaraq yerləşdirilir. Əgər mağaza özünəxidmət formatında fəaliyyət göstərirsə, alış-veriş sahələri açıq vitrinlər və stellajlarla təmin olunmalıdır.
Təxminən 30 m2 sahəsinə malik olan mağazanı avadanlıqla təmin etmək üçün, ~ 4 000 AZN maliyyə vəsaiti tələb olunur. Nəzərə alın ki, statistikaya görə oğurluğa görə itkilər ticarət dövriyyəsinin 5-10% arasında dəyişir.
Kosmetik mağazasında məhsulları necə yerləşdirmək lazımdır:
- Məhsulları elə yerləşdirmək lazımdır ki, müştəri onu yaxşı görə bilsin.
- Müəyyən faktorlar üzrə nizamlanmış malların kompozisiyasını düzəldin.
- Məhsulların bir-birinə uyğun olmasını nəzərə alın.
- Alış-veriş meydançası, vitrinlər və avadanlıqdan səmərəli şəkildə istifadə edin.
- Çeşidin keyfiyyətinə və əldə olub-olmamasına nəzarət edin.
Unutmayın ki, insanın gözləri və ya əlləri səviyyəsində yerləşdirilən məhsullar, müştərilər tərəfindən şüursuz olaraq alınır.
Kosmetika mağazasının çeşidi necə tərtib olunmalıdır
Burada əsas qayda, vitrinlərin ifrat dərəcəsində dolu olmasına yol verməməkdir. Mağazada səliqəliyə və təmizliyə riayət olunmalıdır. Əgər tələbatdan xəbəriniz yoxdursa, aldığınız ilk partiya çox böyük olmalı deyil. Məhsulları alarkən, tələbat və təchizatçının qoyduğu şərtlər nəzərə alınmalıdır.
Bazarı, mövcud təchizatçıları və rəqiblərinizin çeşidini analiz edin. Bu, sizə bazarda unikal bir təklifi yaratmaqda kömək edəcək. Təchizatçılar və onların mallarının keyfiyyəti haqqında ətraflı məlumat öyrənməyiniz tövsiyə olunur. Statistik məlumatlara görə, kosmetik malların 30%-ni kontrabanda və ya saxta məhsullar təşkil edir.
Malların ilkin alınması, təxminən 10 000 AZN xərc tələb edir. Aldığınız malların qiymətləri fərqli olmalıdır:
- Ucuz mallar – 50%
- Orta qiymətli mallar – 30%
- Bahalı mallar – 20%
Faiz nisbəti bir çox amillərdən asılı olaraq dəyişə bilər: mağazanın yerləşməsi, əhalinin sayı, ölkədəki iqtisadi vəziyyət və s.
Çeşid hansı mallardan təşkil olunmalıdır:
- Dekorativ kosmetika (pomada, tuş, göz kölgəsi və s.)
- Dəriyə baxım
- Bədənə baxım
- Saçlara baxım
- Parfümeriya
Kosmetika məhsulların marjası 20-50%, parfümeriyanın marjası isə 50-100% təşkil edir. Kosmetika və parfümeriyadan əlavə olaraq, müxtəlif aksessuarlar (eynək, bəzək əşyaları, saçlar üçün aksessuarlar və s.) da sata bilərsiniz. Bu, gəlirin artmasına təsir edəcək.
Təchizat məsələsinə gəldikdə isə, internetdə lazım olan informasiya üzrə axtarış aparın: əməkdaşlığın şərtləri, kataloqlar, rəylər. Yalnız keyfiyyət zəmanətini verə bilən təchizatlarla əməkdaşlıq etməyiniz məqsədəuyğundur.
Kosmetik mağaza üçün işçi heyəti hansı meyarlar üzrə seçilir
İşçi heyətinin seçilməsi məsələsinə məsuliyyətlə yanaşın. Mağazada işçilərin əsas hissəsini satış məsləhətçiləri təşkil edir. Satış məsləhətçilərinin sayı, mağazanın ölçüsündən asılı olaraq dəyişə bilər. Məsələn, 40 m2 sahəli mağazaya növbə ilə işləyən dörd satış məsləhətçisi kifayət edər. Satış məsləhətçilərindən başqa kadr işçisi, mühasibatçı və mallar üzrə mütəxəssisə ehtiyacınız olacaq. Zərurət yarandıqda bu funksiyaları sahibkarın özü də yerinə yetirə bilər.
Satış məsləhətçisinin təsviri: gülərüz və nəzakətli gənc bir qadın. Bundan əlavə olaraq işçi ünsiyyətcil, məsuliyyətli və müştəriyönümlü olmalıdır. İşə başlamazdan əvvəl bütün satıcılar təlim keçməlidirlər.
Biznesin inkişafını tezləşdirmək üçün nə etmək lazımdır
Əl atacağınız vasitələr, reklama ayırdığınız büdcədən asılı olaraq dəyişə bilər. İstifadə edə biləcəyiniz vasitələrə aiddir:
- Poliqrafik reklam – bukletər, kataloqlar, vizit kartlar.
- SMS bildirişi xidmətindən istifadə
- Şəhərin elektron məlumat bazasında mağaza haqqında məlumatın yerləşdirilməsi.
- Xarici reklam növündən istifadə: bannerlər, işarələr, plakatlar.
- Reklam tədbirlərinin keçirilməsi.
- Endirim proqramlarının köməyi ilə ziyarətçilərin cəlb edilməsi
- Mağaza vitrinlərinin düzgün tərtib edilməsi. ( ~500-800 AZN)
Mağazanın açılması üçün tələb olunan maliyyə vəsaiti
Kosmetika mağazasını açmaq üçün, ilk növbədə tələb olunan maliyyə vəsaitini müəyyən etməniz lazımdır.
İlkin yatırımlar
- İcarə ~ 500-1000 AZN
- Təmir ~ 1 500 AZN
- Avadanlıq ~ 4 000 AZN
- Reklam kompaniyası ~ 1 000 AZN
- Malların alınması ~ 10 000 AZN
Ümumi: ~17 500 AZN
Biznes-plan çərçivəsində aylıq xərcləri də hesablamaq lazımdır. Onlar dəyişən (malların alınması və nəql edilməsi) və daimi (kommunal xərclər, icarə haqqı, əmək haqqı fondu, reklam xərcləri, vergi və rüsumlar) xərclərə bölünürlər.
Mağazanın daimi xərclərinə aiddir:
- İcarə haqqı ~ 1000 AZN
- Reklam ~ 300 AZN
- Kommunal xərclər ~ 100 AZN
- Vergilər ~ 200 AZN
- Digər ~ 300 AZN
Beləliklə, aylıq daimi xərclər ~2 000 AZN təşkil edəcək.
Kosmetika mağazasının gəlirliliyi
Bir neçə ay itki ilə və ya çox az mənfəətlə işləyəcəyinizə hazır olun. Unutmayın ki, müştərilərin diqqətini cəlb etmək üçün vaxt tələb olunur.
Aylıq gəlir – 8 000 AZN
Mənfəət – 2 000 AZN
Rentabellik – təxminən 10 ay
Bu biznesin rentabelliyinin orta səviyyəsi 10% təşkil edir. Qeyd etmək lazımdır ki, xüsusi günlərdə (8 mart, Yeni il, 14 fevral) gəlirin səviyyəsi daha yüksək olacaq.
Layihənin realizə edilməsi üçün bütün lazımi mərhələləri nəzərdən keçirdikdən sonra biznes-plan qurun. Adətən bu tip layihənin realizəsi 4-5 aya mümkün olur.
Risklər
Biznesi planladığınız zaman müəyyən riskləri nəzərə almağınız vacibdir. Qeyd edək ki, kosmetika bazarında rəqabət kifayət qədər yüksəkdir, bu səbəbdən rəqiblərin davranışı sizin biznesinizə də təsir göstərə bilər. Onu azaltmaq üçün nə etmək lazımdır: müştəri bazasını yaratmaq, daimi bazarın monitorinqini keçirmək, düzgün qiymət siyasəti, müştərilərin loyallıq proqramının mövcudluğu, nümunəvi xidmət, unikal təkliflərin yaradılması.
Digər bir risk, qiymətlərin artmasıdır. Bu halda xərclərin artmasının ehtimalı yüksəlir. Bu kimi risklərin qarşısını almaq üçün tədarükçünün seçiminə məsuliyyətlə yanaşmalısınız.
Bir sıra digər risklərə tələbatın aşağı olması (qarşısını almaq üçün mağazanın fəaliyyətini və maliyyə nəticələrini xırdalıqlara qədər planlayın, çeşidin formalaşdırılmasına və yerləşmə məsələsinə xüsusi diqqət yetirin), icarə ilə bağlı yarana biləcək problemlərdir (qarşısını almaq üçün uzunmüddətli müqavilələrin bağlanmasına üstünlük verin).
Satışların aşağı düşməsinin digər səbəbi isə qeyri-peşəkar işçi heyətidir. Çalışın əmtəə və xidmətlərin keyfiyyətinə daim nəzarət edəsiniz, vaxtaşırı korreksiya tədbirlərini həyata keçirin. Mümkün olacaq risklərdən xəbəriniz olsa, ciddi maliyyə itkisindən qurtula bilərsiniz.