Əsas səhifə Məqalələr Marketinq Marketinq araşdırmaları:12 aktual arqument

Marketinq araşdırmaları:12 aktual arqument

361
Paylaş

Məncə, bu gün sosial mediada və ümumiyyətlə internet məkanında çiy və səviyyəsi plintusdan aşağı olan yazıların baş alıb getdiyi dövrdür. Məni köhnəpərəstlikdə qınamayın, müasir tarixi mərhələdə, insanların biliyə ehtiyacı artdığı bir tarixi kəsimdə, kitabların əhəmiyyəti durmadan artmaqdadır.

Pulsuz ətin şorbası da dadsız olur. Gəlin, etiraf edək. Kitaba pul verməliyik. Kitabı oxumalıyıq. Kitabı oxuduqdan sonra kitaba pul verə bilməyənə verməliyik, ikincə əl kitab mağazalarının, səyyar kitabxanaların sayını və xidmət çeşidini artırmalıyıq. Hər bir gəncin və iş adamının, mənim, sənin, onun, bizim, bir sözlə müasir düşünən insanın şəxsi inkişafa və öz intellekt səviyyəsini, peşə biliyini və təcrübəsini artırmağa ciddi ehtiyacı var.

Digər tərəfdən, maraqlı kitablar yaza biləcək-istər sahələr üzrə olsun, istərsə də ümumi xarakterli mövzulara dair olsun, fərqi yoxdur-insanlar var. Onların kitablarının nəşri və onların biliklərinin, təcrübələrnin daha geniş kütləyə, biliyə və təcrübəyə ac olan insanlara çatdırılması bu gün çox aktualdır.

Kitab bu gün müəllifi şöhrətləndirmək üçün yazılmalı deyil. Kitab cəmiyyət üçün faydalı olmalı, ekspertlərin zəngin bilik və təcrübələrini ehtiyacı olanlara yetirməli, gözəl tərtibatda və formatda oxucuya çatdırılmaqdan ötrü işıq üzü görməlidir.

Çünki kitab ciddi və səriştəli redaktor qələmindən keçir. Axı ciddi nəşriyyat tələblərinə cavab verməlidir. Daha yığcam, oxunaqlı və həcmi baxımında daha asan daşına bilən olmalıdır.

Kitab ana dilimizin tələblərinə və xüsusiyyətlərinə cavab verməlidir. Ekspert olmaq avtomatik olaraq insana mətn redaktorluğu və ya nəşriyyat redaktorluğu bacarığını ərmağan etmir. Kitab dilin üslubiyyətini və gözəlliyini özündə dolğun şəkildə əks etdirməlidir. Ağıllı kitabların dili oxunaqlı və səviyyəsi intellektual olmalıdır. Ağıllı kitabın (biz bü gün və həmişə yalnız ağıllı kitablardan danışırıq) müəllif(lər)inin səviyyəsi, onların yazı və təhkiyə tərzi, öz fəaliyyət sahəsinə dərindən və möhkəm bağlılıqları, habelə seçdikləri məsləkə sevgiləri aşıb-daşmalıdır.

Bu günlərdə bir kitab hədiyyə aldım. Kitabı “Bimpact” araşdırma və konsaltinq şirkəti adından təqdim etdilər. Mənə göstərdikləri hörmət və diqqətinə görə şirkətə, onun kollektivinə təşəkkürümü bildirirəm.

Bəri başdan deyim ki, məni sevindirən, habelə marketinqə gözəl töhfə olan bu kitab sevilən nəşrlərdən olcaqdır. Kənan Hüseynli və Nail Kərimlinin həmmüəllifliyi ilə işıq üzü görən

“Marketinq araşdırmaları bələdçisi” kitabının önəmli yeri vardır. İlk növbədə ona görə ki, zəngin metodoloji bazaya və ciddi tarixə malik olsa da, biganə münasibət bəslənilən marketinq araşdırmaları alətləri və resursları, son nəticədə iş adamları üçün hava və su kimi zəruri olan inkişafın təkanvericisi olduğu halda, haqsız olaraq, hədəf kütlə tərəfində soyuqqanlıqla üzləşir.

Digər tərəfdən isə bu gün ana dilimizdə dar ixtisaslaşmış fəaliyyət sahələrində geniş təcrübəyə dayanıqlı kitablara ciddi ehtiyac duyulur. Bu qənaətim hansı mənbələrdən qaynaqlanır? Sprint stilində bu istiqamətlərin qısa xülasəsinə diqqəti cəlb etməyi özümə borc bilirəm.

Birincisi, bu gün populyar olmayan sahədə kitab yazmaq insandan böyük cəsarət və səbir istəyir.

İkincisi, populyar olmayan sahəni populyar etmək üçün yazılan kitab insandan ikiqat cəsarət istəyir.

Üçüncüsü, bu kitab yönləndiyi təyinat arealını dəqiq müəyyən etmişdir və funksional olaraq ilkin addım kimi məhz sözü gedən sahəyə dair bələdçi rolunu öz çiyinlərinə götürmüşdür ki, bu da müəlliflərin səmimiyyətindən irəli gəlir və təqdirəlayiqdir.

Dördüncüsü, kitabda bəhs olunan mövzular insanı yormayacaq dərəcədə səlist və oxunaqlı dil ilə söylənilir. Kitabın optimal həcmi və mövzular üzrə komplektləşdirilməsi oxucuya komfort verəcək sadəliyi ilə yadda qalır.

Beşincisi, araşdırmaların rəqəmlər tablosu kimi ilk baxışda qorxuducu magiyası var. Müəlliflər bunu nəzərə almışlar. Kitabı oxucunu yormayacaq dərəcədə rəqəm və qrafiklərlə illustrasiya etmişlər. Bu baxımdan da müəlliflərin optimal proporsiyalarda nəşrin materiallarını təqdim etməsi bu sahədə az məlumatlı olanlar üçün də maraq kəsb edəcək potensiala malikdir.

Altıncısı, mövzuların məntiqi ardıcıllığı və təqdim naviqasiyası da yorucu deyildir, mərhələlər üzrə sıralandığından problemin aktuallığı asan qavranılır, marketinq araşdırmalarının tərkib hissələrinin təhkiyəsində oxucu izafi informasiya axını ilə yüklənmir. Bax bu cür qənaətcillik, bilik nümayişkəranəliyinidən qəsdən imtina özünü tam doğrultmuşdur.

Yeddincisi, marketinq araşdırmalarının mahiyyəti və əhəmiyyəti zorla deyil, səmimi tərzdə insana çatdırılır. Bu da marketinqdə son dərəcə əhəmiyyətli yer tutan araşdırmçılığın rolunu və yerini doğru anlamağa imkan verir. Ondan effektiv faydalanmaq istiqamətində real addım atmaqda insanları, xüsusilə bu sahəyə dodaq büzməklə yanaşan bəzi iş adamlarını öz münasibətini diametral olaraq müsbətə doğru dəyişməyə hərəkətləndirəcəkdir.

Səkkizincisi, kitab müəllifləri öz sahəsini yaxşı bildiklərindən araşdırmanı faydalı və səmərəli yönümdən təqdim edirlər. Bu o kəslər üçündür ki, biznesini özü qurur, əziyyətini özü çəkir, mal və xidmət satışının artmasında özü maraqlıdır, risk etməyi sevəndir, ən başlıcası isə küyə gedən yox, fakta, rəqəmlərə və məntiqə əsaslanandır.

Doqquzuncusu, marketinq araşdırmaları bütün dərdlərin dərmanı deyil, amma zəruri məqamlarda, böhran dövründə, sahənin ümumi mənzərəsi barədə məlumat əldə etməkdə, habelə onun daxili strukturları barədə havadan deyil, gerçək araşdırmalar nəticəsində əldə olunan xülasələri və hesabatları rəhbər tutanlar üçün əvəzolunmazdır.

Onuncusu, kitab yorucu deyil, doğrudan da xeyirxah bələdçidir. Düşünürəm ki, müəlliflərin maksimum yığcam və anlaşılan tərzdə lakonik təqdimatı inkişafa meylli, sabahı düşünən iş adamları, eləcə də marketinq mütəxəssisləri üçün faydalı olacaqdır.

On birincisi, düşünürəm ki, növbəti nəşrlərdə müəlliflər konfidensiallıq kəsb etməyən yerli hesabat materialları zəminində təhlil və ümumiləşdirmələrə geniş yer verəcək və kitabı bələdçilikdən fəaliyyət üçün rəhbərlik səviyyəsində ərəsəyə gətirməyə nail olcaqlar.

On ikincisi, kitab müəllifləri olduqca maraqlı və ibrətamiz iş gördülər. Onlar marketinq araşdırmaları üzərindəki sehrli pərdəni qaldırdılar, bu problemin hər kəs üçün anlaşılan və zəruri olduğunu arqumentləşdirən yanaşma platformasını sadə və anlaşıqlı dil ilə geniş auditoriyanın diqqətini cəlb edə bildilər. Hər halda, bu kitabı ötəri də olsa səhifələyən insanların mənim söylədiklərimlə razılaşacaqlarını düşünürəm.

Bu gün ölkəmizdə marketinq canlı inkişafdadır. Müzakirələr, forumlar, təlimlər, müzakirələr ən müxtəlif səviyyələrdə davam edir.

Az diqqət və əhəmiyyət verilən, amma ciddi əhəmiyyət kəsb edən marketinq araşdırmaları sahəsində hər yeni təşəbbüs, məncə, ürəkdən alqışlanmalı, inkişafa və tərəqqiyə aparan bütün vasitələr və formatlar dəstəklənməlidir.

Teymur Məmmədov,

Kreativ Direktor

Adver.az