Şəkidən Yaponiyaya mal göndərir

0
1228

Lətif Qinyət oğlu Lətifov. 1963-cü ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. Ali təhsilinin ilk 3 ilini Bakı Dövlət Universitetində almış, daha sonra Moskva Dövlət Universitetinə göndərilmişdir. 1990-cı ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir. Bakıya qayıdıb beş il Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1995-ci ildən arıçılıqla məşğuldur.

– Lətif müəllim, necə oldu ki, arıçılıqla məşğul olmağa başladınız?

– Əvvəla, onu deyim ki, hələ mənim atam Qinyət kişi 1975-ci ildən arı saxlamağa başlamışdı. Demək olar ki, ömrünün qalan hissəsini arılara həsr etmişdi. Arıxanalarmız şimal-qərb bölgəsinin müxtəlif ərazilərində yerləşir. 90-cı illərin ortalarında arıçılığı genişləndirdik, arıların sayını çoxaltdıq. 1998-ci ildə Qinyət Oğulları kimi fəaliyyətə başladıq. Mən həvəskar arıçı kimi işə başlayanda cəmi 20 arı pətəyimiz vardısa, hazırda mindən çox arı pətəyimiz var. Ailəmizin bütün üzvləri bu işə cəlb edilib. 1998-ci ildən Qinyət Oğulları adı altında ticarət markası olduq. İndi bizim məhsulları Bakının, Sumqayıtın, Gəncənin, Mingəçevirin supermarketlərində görə bilərsiniz. Məhsullarımız Bravo market, Bazarstore, Araz market, Favorit market, Qrand market, Rahat market, Bizim market, Sərham market, Makro market və s. marketlərdə müştərilərə təqdim olunur.

– Hər il nə qədər bal götürürsünüz?

– Bizim işimiz təbiətdən asılıdır. Hər ilin, hər fəslin öz hökmü var. Biz təbiətdə olan balı yığırıq. Təbiət hansı növ bal yığmağa şərait yaradırsa, bizdə də həmin növ bal olur. Məhsullarımız yaz balı, cökə, barınc və dağ balıdır. Baldan başqa arı südü, çiçək tozu və vərəmum da istehsal edirik. Qaldı ki, hər il nə qədər bal götürürük – bu rəqəm həmişə fərqli olub. Məsələn, ən çox 22 ton məhsul yığmışıq, elə illər də olub ki, 9 ton, 18 ton bal götürmüşük.

– Yəqin ki, məhsulun az yığılmasının da bir səbəbi var…

– Bəli, çox vaxt bunun səbəbi bitkilərə, meyvə bağlarına, bostanlara, xüsusilə də, taxıl əkilən sahələrə məhsulları zərərvericilərdən qorumaq üçün dərmanların, kimyəvi maddələrin vurulmasıdır. Məsələn, bu səbəbdən şirkətimiz 2009-cu ildə məhsul yığa bilmədi, demək olar ki, həmin il biz müflis olmuşduq.

– Kənardan elə mənzərə yaranır ki, bu sahəyə o qədər də kapital qoymaq lazım deyil.

Hər bir sahədə olduğu kimi, arıçılıq da, düz qeyd etdiniz, böyük zəhmət tələb edən və gəlir verən sahədir. Təsərrüfat yarandığı ilk gündən hər şeyi öz ailəmizin gücünə etsək də, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 15 000 AZN kredit götürdük. Bunun təsərrüfatımıza böyük köməyi oldu.

– Qablaşdırma və daşınmanı necə həyata keçirirsiniz?

– Qablaşdırma üçün 30, 140, 300, 470, 900 qramlıq bankalardan istifadə edirik. Bankaları İrandan, qapaqları Rusiyadan alırıq. Etiketlər Bakıda hazırlanır. Arıçılıq məhsulları Şəkidə qablaşdırılır, markalanır, Azərbaycanın digər rayonlarına və paytaxtımıza göndərilir.

– Bəs hansı çətinlikləriniz varmı, onları necə həll edirsiniz?

– Çətinlik ondan ibarətdir ki, Azərbaycanda arıçılıq məktəbi yoxdur, gənc arıçı kadrlara böyük ehtiyac var. Şəxsən mən həm də bir müəllim kimi, gənclərimizi öyrədirəm, amma məktəb olsaydı daha yaxşı olardı. Hazırda bizim kənddə 3 000 arı pətəyi var. Bacarıqlı kadrlarla gördüyümüz işin də keyfiyyəti, təbii ki, yüksək olur. Bir də qeyd etmək istərdim ki, son vaxtlar arıçılıqda rəqabət güclənir. Əslində bu, çətinlik yox, keyfiyyət yarışıdır. Biz bacardığımızı edirik ki, Qinyət Oğulları arıçılıq məhsulları yerli bazarda lider olaraq qalsın.

Onu da deyim ki, Qinyət Oğulları təsərrüfatı olaraq biz həmişə öz adımızı qorumağa çalışırıq. Məhsullarımızın keyfiyyətindən əmin olduqdan sonra onları satışa çıxarırıq. Əminliklə deyə bilərəm ki, balımız tam təbiidir və biz öz məhsullarımızı özümüz satırıq. Bal süzmə prosesini tam olaraq təkmilləşdirmişik, bal insan əli dəymədən süzülür. Avadanlıq ABŞ-dan gətirilmişdir. Bu işləri tam gigiyenik şəraitdə görürük.

– Bəs, ixrac haqqında heç düşünmüsünüzmü?

– Əlbəttə, keçən 2017-ci ilin dekabr ayında Yaponiyaya məhsul ixrac etmişik. Bu, bizim təsərrüfat üçün böyük hadisədir. Gələcəkdə başqa ölkələrə də ixracı genişləndirməyi hədəfləyirik.

@iqtisadiyyat