“Rusiyanın “RusAl” qrupu Bakı Neftayırma Zavodunun tərkibində olan koks istehsal edən müəssisənin bərpasında maraqlıdır”.
Bu barədə Rusiyanın “Qazprombank” bankının İdarə Heyətinin sədr müavini Famil Sadıqov bildirib.
“Heydər Əliyev adına Bakı Neftayırma Zavodunun yenidən qurulması çərçivəsində diqqət yetirdiyimiz bir layihə orada koks istehsal edən müəssisə ilə bağlıdır. Həmin məhsulun istehlakçısı olan bizim müştərimiz “RusAl” şirkəti bu müəsisəni satın alıb genişləndirmək arzusunu bildirib”, – o deyib.
F.Sadıqov bu layihəni SOCAR ilə birgə araşdıraraq layihələrin maliyyələşməsi prinsipi əsasında həyata keçirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
“Əvvəlcədən müqavilə imzalanıb. Həmin məhsulun alınacağını, iştirakçının da bu məhsulu istehsal edəcəyini bilirik. Biz də buna maliyyə ayıracağıq. Layihə səmərəli olacaq. Burada söhbət 200-400 milyon dollarlıq vəsaitdən gedir. Hazırda layihənin nə qədər səmərəli olacağı müzakirə mövzusudur”, – “Qazprombank” nümayəndəsi söyləyib.
Xatırladaq ki, ötən il dekabr ayında Prezident İlham Əliyev zavodun yenidən qurularaq modernləşdirilməsi layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən bitum qurğusunun və maye qaz dolduran stansiyanın açılışında iştirak etmişdi.
Birinci mərhələdə bitum qurğusu və qazdoldurma stansiyasının inşasını, sonrakı mərhələdə isə qurğular üçün ərazinin təmizlənməsini ehtiva edən BNZ-ın yenidən qurulması layihəsi cəmi üç mərhələ ilə həyata keçirəcək, nəticədə müəssisənin illik emal gücü 7,5 milyon tona çatdırılacaq.