Qrafik-dizayner: “Hamı sual verirdi ki, pul qazana biləcəksən?”

1
2973

Son dövrlər dünyada qrafik-dizayn sahəsinə böyük maraq müşahidə edilir. Belə ki, artıq özəl şirkətlərdən dövlət qurumlarına qədər hər bir müəssisə bu sahəni prioritet olaraq müəyyən edib. Qrafik-dizayna xüsusi önəm verən şirkətlərin fərqini və qazandığı gəlirləri isə dünya mediasından, Wikipedia və biznes jurnalarından izləmək mümkündür.

Azərbaycanda da qeyd edilən sahə üzrə inkişaf müşahidə edilir. Belə ki, artıq qrafik-dizaynla bağılı müzakirələrə də tez-tez rast gəlirik.

Lakin müşahədimiz göstərir ki, bəzən bu sahənin fəaliyyət istiqaməti düzgün qəbul edilmir.

Bəs, görəsən bu sahə ölkəmizdə necə inkişaf edir? Ümumiyyətlə, qrafik-dizayn deyəndə nələr nəzərdə tutulur?

Məsələni elə sahənin ölkəmizdə ilk mütəxəssislərindən olan tanınmış qrafik- dizayner Rəsul Həsənov ilə müzakirə etdik.

O, Meteor adlı öz dizayn şirkətini də qurub. Rəsul Həsənov həmçinin illustrasiya, animasiya, 3D və dizaynın digər istiqamətləri ilə də məşğuldur. 

Dizayner bu sahə ilə 2004-cü ildən maraqlanmağa başlayıb.

Biz də söhbətimizə elə lap əvvəldən başladıq və ölkəmizdə qrafik-dizayn, mövcud vəziyyət, problemlər, dünya təcrübəsi, gələcək proqnozlar barədə səmimi söhbət etdik.

Müsahibəni təqdim edirik:

 Rəsul bəy, haqqınızda biraz araşdırma etdik. 13 ilə yaxındır bu sahədəsiniz. Elə ənənəvi sualdan başlayaq: Necə oldu ki, qrafik-dizaynerliyi seçdiz?

-Bu sahəyə 2004-cü ildən başlamışam. O vaxtı dizayn ölkəmiz üçün çox yad anlayış idi. Demək olar ki, inkişaf etməməşdi. Mən də tam olaraq bu sahəni başa düşmürdüm. Amma qrafik işlərlə məşğul olmaq xoşuma gəlirdi. Daha sonra Photoshop proqramı ilə tanış oldum. Elə ondan sonra başladım bu işlərlə məşğul olmağa. Ən böyük dəstəyi də mənə atam göstərib. Bu sahəyə gəlməyimdə əsas səbəbkar odur. 2009-cu ildən isə bu sahədə peşəkar fəaliyyət göstərirəm. Dizaynın müxtəlif sahələri ilə məşğul oluram. Amma əsas sahəm qrafik-dizayndır. Günümün böyük qismi dizayn işlərinin içərisində keçir.

– Ümumiyyətlə, qrafik-dizayna nələr daxildir?

Küçə reklamları, posterlər, çap mataeriallarım dizaynı, rəqəmsal və yaxud kağız daşıyıcılar üzərində olan dizaynlar, vizual xarakterli nə görürürksə, hamısı qrafik- dizayn hesab edilir. Yəni işimiz vizual kommunikasiya görməkdir. Dizaynerlərdən çox şey asılıdır, axı insan 86% informasiyanı gözü ilə qəbul edir.

 – Yəni, reklam və dizayn fərqlidir?

-Reklam hansısa işi tanıtmaqdır. Dizayn da burada bir nömrəli rolu oynayır. Bizdə dizayn hələ tam yetişməyib. Təəssüflər olsun ki, ölkəmizdə dizayn sahəsinə ciddi yanaşılmır. Şirkətlər hələ də bu işin vacibliyini tam dərk etməyib. Ona görə də şirkət məhsulu təqdim edir, bir müddət keçəndən sonra ya istənilən nəticəni almır, ya da məhv olur.

– Rəsul bəy, Sizin də qeyd etdiyiniz kimi o dövrdə qrafik-dizayn ölkəmizdə yeni idi. Onda rəqabətdən söhbət edə bilmərik?

 Əslində, dizayn sahəsində rəqabət var idi, amma çox cüzi. Hətta 5-6 reklam şirkəti də var idi. Azərbaycanda ilk reklam şirkəti səhv etmirəmsə, 1998-ci ildə yaranıb və 2004-cü ildən artmağa başlayıb. Çünki dizayn deyəndə çox adam başa düşmürdü. Sahənin əhatə dairəsi çox məhdud idi. Bunu da sırf İnternetlə maraqlanan və reklamdan işi keçən insanlar bilirdi.

– Cəmiyyətimizdə yeni sahələrə qarşı “maraqlı” yanaşma var. Məsələn, indi startaplarla məşğul olanlara elə bəzən ailələri də kinayə ilə yanaşır ki, “boş-boş” işlərlə məşğuldurlar, pul qazana bilməyəcəklər. O vaxt dizayna qarşı da belə münasibət hiss edirdiniz?

Açığı, ailəm həmişə mənə dəstək olub. Amma onlar da narahat olurdular ki, mən bu işlə nə edə biləcəyəm? Ətrafım da ən çox bu sualı verirdi: pul qazana biləcəksən? (gülür). Bu, yeni dövrün işi idi. Ona görə də hamıya biraz qaranlıq qalırdı. Amma bütün bunlara baxmaraq sahəni çox sevdiyim üçün işimdən zövq alırdım.

 Bu gün kifayət qədər bacarıqlı qrafik-dizayner kimi tanınırsınız. Özünüzü necə inkişaf etdirdiniz?

– İndi dizayner olmaq istəyən şəxslərdən çox sayda sual alıram ki, hansı kurslara gedib, necə öyrənsinlər? Onlara həmişə məsləhət edirəm ki, sadəcə proqramları açın və işləyin. İndi internetdə hər şey var. Coursera, Udemy, SkillShare kimi saytlar sizi başlamaq istəyənlər üçün böyük təkandır. Qalan hər şey isə Sizin iradəniz və işinizi sevməyinizə bağlıdır. Oturub işləsən, çətin nəisə yoxdur. YouTube-da bununla bağlı videolarla doludur. O, göstərir, Siz işləyirsiniz. Əvvəlcə alətləri öyrənmək lazımdır, sonra isə zamanla dizaynın vacib prinsipləri, kompozisiya, rəng, xətt, tipoqrafika və s. təkmilləşəcək. Həm də baxırsan ki, dizayn kurslarının qiyməti çox bahadır. Maddi vəziyyəti aşağı olanlar da var. Həmçinin, müəllimlərin dərs keyfiyyəti də biraz sual altında qalır. Ona görə də elə İnternetdən baza olaraq öyrənib davam edə bilərlər. Elə söhbəti ora gətirirəm ki, biz də bu formada öyrənmişik. O vaxt dizaynerləri şəbəkəsi var idi, Deviantart-da Azerbaijan Club. Orada bütün dünyadan dizaynerlər toplaşırdı ki, azərbaycanlılar da onların arasında yer almışdı. O vaxtlar forumlar da məşhur idi. Bir vaxtlar çox dəbdə idi. Burada, mövzular qoyulub müzakirə olunurdu. Yəni, müxtəlif mövzuda insanlar bir-biri ilə forum yaradıb müzakirə aparırdı. Bu forumlarda moderatorluq da etmişəm (gülür). Biz əsasən incəsənət və dizaynla bağlı müzakirələr edirdik. Daha sonra internetdə araşdırmalar edib, sahə ilə bağlı yeni məqamlar öyrənib, sonra tətbiq etməyə çalışırdıq. Belə-belə özümü İnternetlə inkişaf etdirdim.

– Bəs iş həyatına haradan başladız? Adətən, bu sahə ilə məşğul olan ya sərbəst işləməyi seçir, ya da özlərinin işini qurmağa üstünlük verirlər. Siz saat 9:00-dan, 18:00-a qədər olan ənənəvi rəsmi işə necə başladız?

Peoplebrand adlı reklam agentliyi var. Həmin şirkətin tanınmış dizayneri Elnur Babayev məni elə o Deviantart saytından tapmışdı. Orada mənim öz profilim var idi. E. Babayev məni işə dəvət etdi. Həmi vaxt 1-ci kurs idim. Universitetə görə işlə vaxt uyğun olmadı. Ona görə də 1-ci kurs özüm elə çalışdım. İlin sonunda artıq evdəkilər də dilə gəldi ki, bekar oturma, işləmək lazımdır. Məni kompüterin qabağında görəndə elə bilirdilər ki, bekaram (gülür). Düşündüm ki, pul lazımdır. Kiçik işlər görürdüm. Sonra biraz axtarış etdim. WebMaster adlı şirkəti var idi. Onlar veb saytlar yığırdılar. Sonra onlarla əlaqə yaradıb, işləməyə başladım. Dedilər bizə sayt lazımdır, onu “html” etməlisən . Dedim ki, edə bilərəm. Sifarişi götürdüm. Həmin vaxta qədər bir dəfə də olsun şəkli “html”-ə çevirməmişdim. Sırf işə qəbul olum deyə internetdə axtarış etməyə başaldım. Yeri gəlmişkən qeyd edim ki, axtarış etməyi çox sevirəm Bunu özümdə inkişaf etdirmişəm. Hə, bir proqram tapdım ki, özü avtomatik şəkili koda çevirdi. Sonra dedikləri kimi edib sifarişi təhvil verdim və beləliklə, işə qəbul olundum. 2010-cu ildə ilk rəsmi işimə 250 manat maaşla başladım. Sonra şirkətdə mənə dedilər ki, bunu necə koda çeviribsən ki, bir aydır biz başa düşmürük, ortaya nəsə çıxara bilmirik. Çünki proqram onu biraz qəliz dillə etmişdi. Onlar da bir ay ərzində ondan baş aça bilməmişdilər (gülür). İlk professional işə orada başlamışam. İşlədiyim müddədə video.az kimi böyük saytlar hazırladıq. Bir çox saytlar da var idi. Elə saytlar var ki, indi baxıram ki necə düzəltmişiksə, elə də qalıb.

– Ən maraqlı iş yeriniz hara olub? Sizcə, şirkətlərin iş fəaliyyətində ən böyük boşluq nədir?

-Demək olar ki, Azərbaycanda bir çox tanınmış reklam şirkətlərində işləmişəm. Amma indi geriyə baxıram ki, bu qədər şirkətdə işləmişəm. Heç vaxt biri də demədi ki, bizə bu qədər pul qazandırmısan, gəl, Səni bir dəfə Avropada hansısa dizayn kursuna və ya məktəbinə göndərək. Buna görə də həm özümə, həm də digər həmkarlarıma görə biraz heyfslənirəm. Belə deyək, işçi şirkətin təkəridir. Ona görə həmişə təkəri yeni saxlayıb, zamanla təkmilləşdirməlisən. İşçini nəzərə almaq lazımdır. Qrafik-dizaynerlik inkişaf edən sahədir. Dizayn bütün yeniliklərdən xəbərdar olmaq lazımdır. İndi inkişaf o qədər sürətlidir ki, gərək hər gün nəsə edəsən, araşdırasan və öyrənəsən. Şirkətlər də o baxımdan inkişafına da diqqətlə yanaşmadılar. İşçini də şirkətlə parlel inkişaf etirməlidirlər. Şirkəti qabağa aparan işçidir. Təəssüflər olsun ki, bizdə bu məsələyə fikir vermirlər.

– Rəsul bəy, dünya ölkələrində bu sahə ilə bağlı xüsusi məktəblər fəaliyyət göstərir. Hətta, universitetlərdə də ayrıca ixtisas kimi tədris edilir. Müşahidəmiz göstərir ki, bizdə bununla bağlı məktəb yoxdur. Amma kursların sayı çoxdur. Həmin kurslar nə dərəcədə keyfiyyətlidir? Ümumiyyətlə, təhsil bu işdə necə rol oynayır?

Bəli, indi çox sayda kurslar var. Qrafik-dizaynla bağlı ayrıca məktəb yoxdur. Amma bu fənn Rəssamlıq Akademiyasında tədris olunur. Orada buraxılış işlərinə nəzər salmışam. Qrafik-dizaynla bağlı maraqlı işlər var idi. Yəni, nəsə edirlər. Həmçinin, deyəsən bir neçə universitetdə də bu fənn var. Amma hamsının da ümumi problemi var. Bu sahə ilə bağlı yalnız nəzəri dərslər keçirilir, təcrübə isə demək olar ki yoxdur. Ümumiyyətlə, qrafik-dizaynla bağlı Azərbaycan dilində kitablar yoxdur. O tələbələr dərsə haradan hazırlaşır, onu da bilmirik. Nə öyrənirlər? Bu elə işdir ki, bir dərs nəzəri oldusa, bir dərs də onun praktikası olur. Dizayn mühəndislikdir. Məsələn, kitab oxuyarkən şriftin ölçüsü necə olmalıdır, şriftin ara məsafələri, çox şey daxildir. Küçə reklamının dizaynında adamlar sürətlə gəlib keçdiyinə görə mesaj necə ötürülməlidir dizayner bilməlidir. Psixologiyanı bilməlidirlər, tərtibat biliyini tələb edən bir sahədir. Gözəl etdim, üstündən keçdim deyil. Rəssamlığa bağlayırlar çox vaxt, amma rəssamlıq sadəcə çox kiçik bir hissəsi ola bilər. Dizaynın prinsiplərini bilmək lazımdır ki, yaxşı bir iş ortaya qoya biləsən. Universitetlərdə tədris çox aşağı səviyyədədir. Özüm də İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinin dizayner ixtisası üzrə təhsil almışam. Amma məndə moda dizaynı idi. Və tədrisin köhnə kitablardan keçildiyinin şahidi olmuşam. Tələbələr üçün dizayna görə ayrılmış otaqlar olmalıdır, kompüterlə təmin olunmalıdırlar. Yeni dərsliklərlə təmin olunmalıdırlar. Azərbaycanda dizayn haqqında kitab yoxdur. Olsa belə tarixindən danışır. Bu tələbəyə heç nə vermir.

-Dünyada bu təcrübə necədir?

– Dünyada da təcrübə belədir ki, sonuncu kursda ixtisas seçiləndə artıq əməkdaşlıq etdikləri şirkətlərdən real sifariş götürürlər və onları tələbələrə verirlər. Tələbələr artıq o real sifarişləri həyata keçirir. İlk olaraq onlar real işin nə olduğunu başa düşürlər, kiçik qazancları olur. Onlar dərk edir ki, bundan həqiqətən pul qazanmaq olar. Beləliklə, tələbələrin artıq universiteti bitirəndə müəyyən iş təcrübəsi olur. Amma indi istər universitetin ən yaxşı tələbəsi və elə ən yaxşı dizayneri olsun, belələri tapmaq çətindir. Çünki çox azdır. Ən yaxşı dizaynerlərin də təhsili heç bu sahə ilə bağlı deyil. Dizayn isə təhsilsiz mümkün deyil, müəyyən zaman işləyəndən sonra dizayn biliklərinin vacib olduğunu dərk edirsən.

– Bu sahədə kitab yazmağı düşünürsünüz?

– Elə sual tam yerinə düşdü. Yaxın vaxtda dizaynerlərin stolüstü olacaq maraqlı bir kibat təqdim etməyə hazılaşıram. Bu həm dizaynerlərə, həm də reklam sahəsi ilə maraqlanan şəxslər üçün möhtəşəm bir kitab olacaq.

– Dizayn mədəniyyətinin inkişafı cəmiyyətin zövqü ilə bağlıdır?

-Etiraf edim ki, Bakıda dizayn hiss olunmur. İndi dizyanerlərin gördüyü iş adamların estetik zövqünə təsir edir. Sizin zövqünüzü formalaşdırır. Amma hazırda Bakıda metorların çıxışında, küçələrdə reklamların, posterləri görəndə, özümü kənara qoyuram, kiçik yaşlı uşaqlar onu görür. Onların artıq beynində vizual anlayış o cür formalaşır. Dizayn, estetika elə formalaşır. Bu, bütöv mədəniyyətə təsir edir. Həmçinin, şəhərin özünə təsir edib. Artıq Bakıya yuxardan baxanda daş karxanası, daş zibilliyinə oxşayır. Nədənsə zövq almaq olmur. Bunu da yenidən formalaşdırmaq çox çətindir. Bir müddət Stokholm şəhərində oldum. Orada özümü çox yaxşı hiss edirdim. Çünki orada ən kiçik detalına qədər hər bir şey zövqlə hazırlanmışdı. Adi mağazaya daxil olurdun, orada yazılar belə düzgün şriftlərlə, səliqəli seçilmişdi. Eləcə ideyalar axıb gəlirdi, dəftəri götür yaz (gülür). Yadımdadır ki, oradan qayıdanda eskiz kitabıma çox qeydlər etmişdim ki, burada nəyi, necə tətbiq etmək olar?. Azərbaycanda nələrisə mükəmməl etmək istəyirsən, amma təəssüflər olsun ki, belə bir şərait yaratmırlar və yaxud da istəmirlər. Görülən işlər isə göz qabağındadır. Mühit əlverişsizdir.

Sizcə, bu problemlərin kökündə nə dayanır? Necə dəyişim mümkündür?

– Hazırda ilk növbədə təhsil kökündən dəyişməlidir, yeni mədəniyyət formalaşmalıdır. Yəni əsas nəsil dəyişməlidir. İş üçün orta yaş həddi 35 olmalıdır. 70 yaşında adamın təfəkkürü 2000-ci ilin dünyası ilə 2018-ci ilin dünyası arasında yerlə göy qədər fərq deməkdir. Belə düşünək, Nokia dünyanın ağası idi. Sonra iPhone gəldi. Nokia inqilabi nəsə edə bilmədi və batdı. Dövr indi iPhone-dur. Qlobal dəyişiklik olmalıdır.

Bir dizayner olaraq əsasən hansı proqramlardan istifadə edirsiniz?

-Əslində, bu işdə alətin əhəmiyyətinin nisbətən az təsir etdiyinin zamanla şahidi oldum. İndi elə alətlər çıxıb ki, dizaynerin işini asanlaşdırır. Məsələn, qrafika üzrə ən yaxşı paket Adobe şirkətinə məxsusdur. Unutmamalıyıq ki, alətlər dəyişə bilər. Sırf bu işin təməli proqramdan çox ideyaya bağlıdır, savada söykənir. Dizayner bir növ informasiya tuluğu olmalıdır. Hər şeydən məlumatlı, mütaliəli, hadisələrə fərqli yanaşan, hər kəsin görmədiyini görə bilən, ən azı 3 il sonranı düşünə bilən olmalıdır ki, yeni ideya ortaya qoya bilsin.

– Hazırda dizaynda hansı rənglərə üstünlük verilir ?

-Hazırda hansı məhz bu rənglər trenddir deyə bilmərik, bu ilə, demoqrafiyaya, mədəniyyətə görə dəyişir. Həmçinin istifadə yerinə görə də dəyişə bilər. Təbii ki, rənglər biraz modernləşib. Həyatımızın rəqəmsallaşması bir çox şeylərin rəqəmsal cihazlar üzərinə keçirilməsinə gətirib çıxarıb. Rəng sistemində də dəyişiklik olub. Məsələn, rəqəmsal aləmi götürsək, burada daha çox Google və Apple şirkətinin rəng sisteminə üstünlük verilir. Parlaq rənglər, parlaq keçidlər çox yer alıb. Qrafik-dizaynda rənglər yerinə görə dəyişir. Məsələn, qırmızı rəngdən istifadə edərək həm romantika, həm də aqressiyanı göstərmək olar. Və ya yaşıl rənglə tibbi, ya da təbiəti də göstərmək olar. İnteryerlərdə isə pastel tonlar da üstünlük təşkil edir. Yəni insanların gözünü yormayan, çox parlaq olmayan rənglər.

– İndi bu sahədə trendlər nədir?

-Dizayn artıq tətbiqi sənət olmaqdan çıxır. İndi bu sahə daha çox mühəndisliyə gedir. Hər il qrafik dizayn trendləri fərqlənir. Yeni texnologiyalar, böyük şirkətlər buna təsir edirlər. Hazırda bazarda 2 nəhəng şirkət var. Biri Google, digəri isə Apple şirkətidir. Nisbətən Facebook da dizayna yeniliklər gətirir. Amma əsas olaraq bu iki şirkətdir. Onların məhsulları daha çox istifadə edilir. Google flat yəni hamar dizaynı gətirib. Apple da minimalistika, funksionallıq, həm də yüksək estetika ilə yenilik edib. Apple məhsulları dizaynı da kökünü Braun şirkətindən götürür. 1950-ci illərin dizaynı Apple-ın baş dizayneri Ayvı ilhamlandırıb.

Yadımdadır, bu dəfəki Rəqəmsal Marketinq Forumunda bu sahənin gələcəyinə dair maraqlı proqnozlar verdiniz. Hətta, yeni texnologiyaların bu sahəni əlinə alacağına dair slayd böyük marağa səbəb oldu. Qrafik-dizayn sahəsində hansı yeniliklər gözlənilir?

– Böyük ehtimalla biz artıq kağız daşıyıcılardan zamanla qurtulacağıq. Daha çox rəqəmsal daşıcılara keçəcəyik. İndi hər şey, istifadəçi təəssüratına uyğun dəyişir. Adamların artıq dizayna önəmi azalır. Azərbaycanda şirkətlər elə düşünürlər ki, yağın etketini yaxşı etsələr, yağ daha çox satılacaq. Amma adamlar artıq dizaynı başqa cür qəbul edirlər. Artıq bu sahəyə yeni “User experience” ( müştəri təəssüratı) termini daxil olub. Burada Uber-i misal göstərmək istərdim. Xidmət dizaynı deyə yeni sahə formalaşıb. Baxın, bu şirkət niyə belə uğurlu oldu?. Çünki ucuz idi, mobil tətbiq ilə taksini çağırmaq, tətbiqdə bütün xidmətləri görmək olurdu. Taksidə rahat olurdun ki, adını nömrəsini bilirsən. Evinə də gedib rahat çıxa bilirsən. Uber bir taksinin verə biləcəyi bütün keyfiyyətləri özündə topladı. Maraqlı olan onun necə təşkili yox, xidmətdir. Dizayn artıq ikinci plana keçir. Xidmət dizaynı biznesin formalaşmasında böyük rol oynayır. Bu hazırda insanların həyatını idarə edir. Uber NASA ilə birgə 2 il sonranı düşünür ki, daha necə müştərinin işini rahatlaşdıra bilər? Ona görə də NASA ilə hazırda uçan taksi platforması üzərində işləyir. Onlar 2020-ci ilə qədər bu taksiləri istifadəyə verməyə hazırlaşılar. Sırf qrafik-dizayn sahəsinə də süni intellektin təsiri olacağına əminəm və elə indi bunun qığılcımlarını da görürük. Müəyyən süni intellektlər müəyyən dizayn tapşırıqlarının öydəsindən gəlirlər, bəzi məsələləri sürətləndirirlər. Bəlkə də yaxın 20 ildə dizayn sahəsi tamam başqa məcra alacaq.

– Rəsul bəy, yeri gəlmişkən texnologiyadan danışırıq. Qrafik- dizayn bir inqilab yarada bilərmi?

-Bu sahə istənilən məsələyə təsir edə bilər. Məsələn, sülhün işarəsi var. 50-ci illərdə soyuq müharibə dövründə aid simvol kimi rəssam tərəfindən çəkilmişdi. Sonra həmin işarə sülh hərəkatının başlanğıcına çevrildi. Bunu bəziləri göyərçin ayağına oxşadır, bəziləri semafor işarələrinə. Müxtəlif formada anlamları var Dünyada belə nümunələr çoxdur. Hazırda da küçə nişanlarından tutmuş, əlimizdə tutduğumuz kiçik qara qutularadək hamısını dizaynın texnologiya ilə ahəngdar inqilabı hesab edə bilərik.

– Bu sahədə patent məsələsi, loqo oğrulanması kimi hallarla necə mübarizə aparmaq mümkündür?

Dünyada çox oxşar və ara-sıra üst-üstə düşən dizayn həlləri var. Bizim informasiya bolluğu dövründə bu kimi hallar həddindən artıq olur. Əslində, hər şey remiksdir. Yəni, biri-birinin təkrarıdır. Heç nə sıfırdan yaranmır. Hansısa ideyadan ilhamlanıb miks edirsən, olur səninki. Təbii ki, bacardığın qədər yeni nəsə etməlisən. Ona görə oxşarlıq qaçılmazıdır. Tam eyni olarsa, işin üzərində də müəlif hüququ varsa (Trade mark, “R” hərfi işarəsi olur: TM) məhkəməyə müraciət etmək doğrudur. Yəni bir növ sıfırdan velosiped yaratmaq mümkün deyil, amma bəlkə təkərsiz, yerin maqniti ilə hərəkət edə bilən velosiped yaratmaq olar.

Azərbaycanda hazırda qrafik-dizayn bazarını necə qiymətləndirirsiniz?

-Səmimi olsaq, Azərbaycanda Qrafik-dizayn bazarı var, amma lazımi səviyyədə deyil. Yəni, əvvələ baxsaq daha yaxşı inkişaf edib. Düzdür dünya bazarı ilə müqayisədə çox geridəyik. Bu bəzi iqtisadi, sosial məsələlərlə bağlıdır. Həm də dizayna tələbat ancaq Bakıdadır. Regionlarda demək olar ki, dizayn işi yoxdur. Ona görə biraz zəif inkişaf edirik. Əgər regionlar inkişaf etsə şirkətlər arasında böyük rəqabət olsa, düşünürəm daha sürətli inkişaf olar. Reklam sektoru böyük pulların dövr etdiyi yerdir. İndi gənc dizaynerlər daha çox yetişir. Hər ay demək olar yeni şirkət açılır. Yəni sırf dizaynla bağlı olmasa da, dizaynerə ehtiyac olan şirkətlər açılır. Sosial media şirkətləri, kiçik reklam agentlikləri artırlar. Özəl şirkətlərin dizayna daha çox marağı var. Əvvəl az idi. İndi görürlər, Instagram üçün yüngül post dizayn edir, zövqsüz işlər görürlər ki, sırf bu işlə məşğul olanları da hələ qrafik dizayner adlandıra bilmərik. Qrafik-dizayn daha ciddi sahədir.

Qrafik-dizayn sahəsində 2010-dan 2018-yə nə dəyişib?

-Yeni dizaynerlər çıxıblar (gülür). Amma ümumi götürsək, Azərbaycandan çıxacaq şəxslər, hansıları ki beynəlxalq festivallara göndərə bilərik, onlar demək olar ki, barmaqla sayılacaq qədərdir. Beynəlxalq festivallarda iştirak edən dizaynerlərimiz isə çox azdır. Ən çox Elnur Babayevin, Rəcəb İsmayılovun, Cahangir İsgəndərovun və Samir Sadıxovun işlərini görürərəm. Mən özüm hələ ki, beynəlxalq yarışmada iştirak edəcək qədər təkmilləşdiyimi düşünmürəm.

Dizaynerlərin ən çox üzləşdiyi problemlər nə olur?

– Elə müştərilər (gülür). Düzdür, dizaynerlər adətən tənbəl olur. Bəzən verilən məvacib sənin gözləntilərinlə üst-üstə düşmür. Bizi yoran əsas məqam isə verilən tapşırıqların qeyri-müəyyən olmasıdır. Müştəriləri daha çox gözəllik maraqlandırır. Problem ondadır ki, müştəri düşünmədən yanımıza gəlir. Deyir ki, yeni şirkət açmışam yeniləmək istəyirəm. Əgər yeni şirkətdirsə burada vəziyyət daha sadədir. Yeni şirkətə üslub düşünmək rahatdır. Çox vaxt müştərinin ağlında şirkətin biznes planı olmur. Rəqibləri tanımır, bazarı analiz etmir. Sadəcə kimdəsə görür və gəlib deyir mən də bundan etmək istəyirəm. Dizaynda texniki tapşırıq var. Orada şirkət haqqında, komandanın kimlərdən ibarət olması, bir il ərzində hansı işlərin görüləcəyi, hansı seqmenti əhatə edəcəyi, məhsullarının necəliyi yazılır. Bir çox hallarda müştərilər elə necə gəldi sifariş verirlər və proses zamanı çox problemlər yaranır. Müştəriləri öyrətmək lazımdır. Birinci şərt budur. Müştərilər dizayn barədə savadsızdırlar. Bəzən dizaynı yeniləmək istəyənlər də olur. Dünya praktikasında çox belə şeylər olub. Məhsulu yeniləyib, amma biznesi aşağı düşüb. Uğursuzluğun birinci səbəbi dizayn yenilənməsi olub, ikincisi də müştərilər artıq köhnə üslubna öyrəşiblər. Müştəri layihənin ortasında abstrakt məqamlar tapşırır. Dizayner texniki tapşırıq əsasında işləyir, yəni öncədən görən, fikirləri oxuyan fövqəlinsan deyil. Sualları verirsən necə bir şet düşünürsünüz?!. Deyir, necə istəyirsən, et. Amma işi təhvil verəndə deyir, belə təsəvvür etmirdim (gülür).

– Rəsul bəy, Facebook-da tez-tez mədəniyyət, incəsənət, texnologiyanın birgə vəhdəti ilə maraqlı ideyalarınız, təklifləriniz olur. Özü də bunu hazır dizayn edilmiş formada paylaşırsınız. Bu təkliflərdən faydalan böyük şirkətlər olurmu? Yəni, yeni ideyalar tətbiq edilirmi?

-Bəli, tez-tez konseptual layihələr ortaya qoyuram. Bu bir çox hallarda ətrafa brend identifikasiyası yəni şirkət üslubunun vacibliyi, dizaynın insan təfəkkürünə təsirini göstərmək üçün olur. Bir neçə dəfə yerli şirkətlər üçün etdiyim konseptual təkliflərlə bağlı görüşlər də almışam, amma deyəsən onlar hələ buna keçid etməyə hazır deyillər. Etdiyim bir çox layihələrdən sonra bəzi şirkətlərin müəyyən ideyalar və elementlərdən yararlandığını da görmüşəm.

-Deyəsən, Siz də artıq haralardasa işləməmək qərarını verib, öz şirkətinizi qurdunuz. Meteor şirkəti nə vaxtdan fəaliyyət göstərir?

– Haqlısınız, artıq heç harada işləmək istəmirəm (gülür). Şirkətimiz 2017-ci sentyabr ayında fəaliyyətə başladı. 4 nəfər dizayner ilə işə başladıq. Çalışmışam özümü qrafik, montaj, 3D, animasiya, foto, illistruasiya sahəsində təkmilləşdirim. Bu sahələri də öyrənmişəm. İndi bunları şirkətimizdə tətbiq edirəm. Meteor şirkəti Qrafik-dizaynla bağlı rəqəmsal xidmətlər təklif edir. Bu gün çox sayda sifariş alırıq. Hələlik işlədiyimiz böyük layihələrimizdən “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) və shop.az Online Ticarət Mərkəzi olub. Amma məqsədimiz yalnız ölkə daxilində yox, qlobal bazarda da fəaliyyət göstərməkdir.

– Qeyd etdiniz ki, bir müddət xaricdə olmusuz. İndi müxtəlif sahənin peşəkarları belə şans axtarırlar ki, ölkədən gedib, fəaliyyətlərinə orada davam etsinlər. Siz nə yaxşı hələ Azərbaycandasınız?

– Hazırda özümü Azərbaycanda dizayn sahəsinin dirçəlməsinə yönləndirmişəm. İstəyirəm əvvəlcə bura inkişaf etsin. Buradan çıxıb getmək istəmirəm. Öz sahəmin problemlerəri, istər şəhər, istərsə də qrafik dizayn olsun hamısı mənə təsir edir. Mən də burada tək deyiləm. Mən öz ölkəmi, dilində danışdığım adamları qoyub, nəyə görə gedib xaricdə işləməliyəm ki?! Amma buna məcbur edirlər, özü də çox. Ətrafın insana təsiri çox böyükdür. Düzdür, xaric böyük şeylər vəd edir. Bəlkə də bu, Sizə biraz gülməli gələ bilər. Çünki hazırda 26 yaşım var və mən özüm hələ çox şey öyrənməliyəm. Amma bilirəm ki, mənə burada ehtiyac var.

– Görünür, həssas insanınsınız. Maraqlıdır, Sizə nələr ən çox təsir edir, nələrdən ilham alırsınız?

-İlk növbədə mənə insanlarla xoş münasibət təsir edir. Neqativ və konfliklərdə girməməyə çalışıram, amma bəzən özləri gəlib məni tapırlar. Musiqi də ilham mənbəyimdir, filmlər, kitablar, maraqlı layihələr, maraqlı insanlar, hamısı. Daha çox sakit musiqilərə qulaq asıram. Hamı da elə bilir ki, buna görə belə qəmgin oluram(gülür). Amma elə deyil. Mən sakit musiqilərdən enerji alıram. Fəlsəfə və həyatın müxtəlif istiqamətində yazı yazmaq, paylaşmaq da marağımdadır. Etdiyim layihələrə gələn fikirlər, onlardan istifadə olunması da mənə çox müsbət təsir edir.

– Sizcə, bir dizaynın uğuru nə ilə qiymətləndirilir?

-Dizaynın uğuru yəqin ki, onun doğru işləməsinə, insanların həyatını yaxşıya doğru dəyişməsinə yönəlikdir. Qrafik-dizaynı isə götürsək əgər bu məhsuldursa və satışı artırmağa qulluq edibsə onu uğurlu hesab edə bilərik. Bu barədə texnologiya da araya girir, məsələn təbiəti qoruyan dizaynları daha yaxşı, dostyana hesab edirik.

– Facebook-da Azərbaycan dizaynerləri və dizayn olmaq istəyənləri bir yerə toplayan maraqlı qrup var. Deyəsən, bunu da Siz yaratmısınız.

-Bəli, bu qrupu dizayn sahəsinin inkişafına dəstək üçün həmkarım Ziya ilə birgə qurduq. Məqsədimiz, dizayn sahəsinə marağı artırmaq idi. Demək olar ki, bu hədəfimizə çatmışıq. 2015-ci ildə qurulan qrupun hazırda 10 mindən çox üzvü var. Burada dizaynerlər öz təcrübələrini paylaşır, sual-cavab olur ki, hər kəs faydalana bilsin. Qrup üzərindən dizayn sahəsinə başlayanların sayı hər gün artır. Sevinirik ki, az da olsa sektora töhfə verə bilirik. Dörd dəfə dizayn forum təşkil edib müxtəlif spikerlərin iştirakı ilə müzakirələr aparmışıq.

– Son olaraq, bu sahədə hansı addımların atılmasını istərdiniz?

-Dizayn elədir ki, sırf texnologiyaya və inkişafa bağlı bir şeydir. Həm də rəqabətlə bağlıdır. Mən istəyərəm ki, Azərbaycan insanı onun vacibliyini dərk etsin. Xüsusən biznes adamları. Sifarişi verdiyi dizaynerləri məhz mütəxəssis olduqları üçün müraciət etdiklərini anlasınlar. Sadəcə onların şəxsi rəssamı kimi görməsinlər. Bir də inanmıram ki, regionlarda hansısa şirkətlər arasında elə rəqabət olsun ki, dizayna ehtiyac olsun. Güclü rəqabət olmalıdır ki, dizayn olsun və inkişaf etsin. Regionlarda dizaynerlərin formalaşması üçün şərait də yoxdur. Ordakıların böyük bir qisminin dizayndan xəbəri belə yoxdur. Məsələ ilə aidiyyatı qurumlara müraciət edirəm: Yaxşı olardı ki, Azərbaycanın nə qədər ərazisinin tam internetlə təmin ediliyi araşdırılsın. Görəsən, ən ucqar yerlərdə normal İnternet varmı? Regionlarda texnologiyalar necə tətbiq edilir?

xeberler.az

1 COMMENT

  1. Salam men grafik dizayner olmaga chalishiram bunu oxudum, oyrendiyim sheyde chox oldu. teshekkurler emeyi kechen her kese sadece suallarim var. bildiyim geder kitab yoxhdur Azerbaycan dilinde onun satisha chixdigini bilmek, daha chox informasiyaya sahib olmag isteyirem. beli praktiki ishleyirem bir necehe shirketlerdede ishlemishem. birde facebook sehifeviz maraglidir mene onu nece tapa bilerem? teshekkur edirem ve ugurlar dileyirem sizlere.