Hamıdan seçiləcək qədər cəsarətli ol
Hər zaman bizə aşılamağa çalışırlar ki, hamıdan seçilmək və fərqli olmaq yaxşı bir şey deyil. Bunları ağlından çıxar və cəsarətini topla. Hər zaman arzuladığın və düzgün hesab etdiyin ideyanın ardınca getməkdən çəkinmə. Bu vaxta qədər heç kimin etmədiyi bir işi reallaşdırmaqla gələcəkdə çox böyük uğura imza ata bilərsən. Qadınlar çox yaradıcı təxəyyülə malikdir, üstəlik, həyata fərqli baxışın olması insanı irəliləməyə sürükləyir.
Fürsəti göydə qamarla
Müşahidəçi olmağı bacarmaq lazımdır. Yeni bir iş quran zaman maliyyə dəstəyi və cəsarətin olması da uğura aparan yoldur. Sadəcə olaraq kiçik sahibkarlar üçün kredit verən banklar, sponsorların ola bilmə ehtimalını, hətta borc almağı belə göz önünə almaq və bu barədə yaxşı düşünmək lazımdır. Əmin ola bilərsən ki, bu, ayaqqabı seçməkdən daha az vaxt alacaq.
Detalları dəqiqləşdir
İşə necə başlayacağını, kiminlə danışacağını, tədarüklər, müsbət və mənfi nəticələr barədə düşün və qəti qərar ver. Qarşına konkret məqsəd qoyub, ona gedən yolu ağlında dəqiqləşdirməsən, sonda hər şeyi yarıda buraxmalı olarsan. Edəcəyin işi ilk növbədə təsəvvüründə canlandırmaq və özünə yaraşdırmaqla işin yarısını görmüş olursan.
Vaxt itirmə
Zaman çox bahalıdır, onu əldən vermək olmaz. Bir şeyi də unutmayın ki, qıraq-bucaqda sizin düşündüyünüzü eynilə planlaşdıran və yerinə yetirməyə hazırlaşan milyonlıarla insan var. Sürətlə hərəkət etmək və bir işi daha tez görə bilmək sizi xeyli qabağa sala bilər.
Kişi kimi davranmağa ehtiyac yoxdur
Gecə-gündüz yorulmadan çalışır, bununla bərabər, kişi yoldaşının daha böyük uğura imza atdığının şahidi olursunuz? Dərhal özünüzü bu bəd fikirlərdəm uzaqlaşdırırsınız. Qadınlar intuisiyasına inanaraq daha yaxşı biznes əlaqələr qurur və gələcəyi daha öncədən görə bilirlər. O güc qadinlarda onsuz da var.
Hədəflərini müəyyənləşdir
Qadınlar bir şeyə can atan zaman əziyyət çəkməyi və onun üzərində baş sındırmağı yaxşı bacarır. İnanmırsınız? Universitet vaxtı imtahanlara hazırlaşmaq sürətinizi yadınıza salın. Təsəvvür edin ki, indi də həyatınızın ən vacib imtahanına hazırlaşmalısınız. Həftəlik, aylıq, illik planınızı hazırlayın. Məqsədinizə aparan yolda eniş-yoxuşları da yaxşı düşünün ki, sonra xəyallarınız puç olmasın.
Fikirlərə qulaq as
Fikirlərinizə təsir edən amillər müxtəlif ola bilər: vərdişlər, ətraf-mühit, keçmişdən nəticə çıxarıb yeni işlər görmək istəyi, çərçivələri aşmaq arzusu və s. Fikrinizi cəmləmək və hadisəyə fərqli tərəfdən baxmaq üçün qıraqdan hansı münasibətin göstəriləcəyini anlamağa ehtiyac var. İşə başlamazdan öncə dostlarınızı bir araya yığın və məsələni onlarla müzakirə edin. Bundan əlavə, qurmaq istədiyiniz biznesdə alıcı ola biləcək insanların fikrini də bilmək maraqlı olardı. Qadınlar müxtəlif sahələrdə çatışmazlığı daha tez görür və əksər hallarda da ondan əziyyət çəkirlər. Əgər bazarda dünyaca məşhur markanın mallarına rast gəlmirsinizsə, hirslənmək əvəzinə, maliyyə yatırıb, açmanız daha düzgün olmazdımı? Odur ki, cəsarətinizi toplayın və iş başına keçin.
Geyin-keçim
Özünü doğru ifadə edə bilmək üçün geyimin də səninlə bir bütünlük təşkil etməlidir. Düzgün geyim seçimi böyük yardımçınız ola bilər. Söhbət vacib iş görüşməsindən gedirsə, klassik tərz hər zaman arzu olunandır. Məsələn, ağ rəng qarşınızdakı insana güvən hissi verir. Uzun qollu, belə oturan köynək geyinməklə müsbət təəssürat yaratmış olacaqsınız. Tünd rəngli pencək-şalvar və ya pencək-ətək kimi dəstlər heç vaxt dəbdən düşmüş sayılmır. Tünd qəhvəyi, göy, boz rəngli dəstlər geyinə bilərsiniz. Ayaqqabı da geyimə uyğun və qapalı olmalıdır. Bər-bəzəkli baletlər, çox hündürdaban ayaqqabılar və barmaqarası sandallardan uzaq dursanız yaxşıdır. Aksesuar seçimində sadəlikdən yana olmaq lazımdır.
Həyatınız, gələcəyiniz və karyeranız üçün bir çox planlar qurursunuz. Bu planları reallaşdırmaq üçün özünüzü zamanın axınına buraxmamalısınız. Əslində enerjinizdən kifayət qədər istifadə etmək daha ağıllı seçim olar.