O, cəmi səkkiz ilə milyarderə çevrilib. Pul qazanmağa mətbəxdə yemək bişirməkdən başlayıb. Hədiyyələr dükanı işlədib, daşınmaz əmlak satışı ilə məşğul olub. Nəhayət, kompüter yaddaşı üçün avadanlıqlar istehsal edən müəssisə yaradıb. Söhbət çin əsilli milyarder Con Tudan gedir.
Kasıblıqdan nazirliyə
Con Tu 1942-ci ildə Şanxayda anadan olub. Onun atası və anası kasıb ailədən gəliblər. Hətta anasının 6 yaşından yetim qaldığı, tez-tez aclıq yaşadığı deyilir. Tunun atasını hökumət oxutdurub. Belə ki, onun bilik və bacarığı qiymətləndirilərək, Fransaya Lion universitetində oxumağa göndərilib. Ata Tu Çinə qayıtdıqdan sonra bir müddət Fransa ilə əlaqələrin qurulmasında vasitəçi kimi işləyib. Daha sonra mədəniyyət naziri təyin edilib. Gələcək həyat yoldaşı ilə bu vəzifədə tanış olub və evlənib.
Hökumət əleyhinə çıxış
Con Tu qeyri-sabit dönəmdə böyüyüb. Özünün dediyinə görə, orta məktəbdə oxuduğu ilk illərdə hökumətin əleyhinə çıxışlar edirmiş: “Amma yuxarı siniflərə doğru anladım ki, bütün bunların hamısı boş-boş şeylərdir”. Bununla belə Tu bu sistemin bir iştirakçısı olmaq istəməyib. Müəyyən müddət keçdikdən sonra məktəbi buraxıb. Məktəb saatlarını isə dostları ilə vaxt keçirməyə həsr edib. Xəbər valideynlərinə çatdıqda onlar məsələyə fəlsəfi yanaşaraq, oğullarının qərarını dəstəkləməklə, onu təəccübləndiriblər.
Mətbəxdən başlayan yenilik
Dərsə getməməsi sonda qiymətlərinin aşağı olmasına gətirib çıxarıb. Bu səbəbdən Tailand universitetlərində oxumağı mümkünsüz olub. Amerikanı xəyal edən gənc bu arzusuna da çata bilmir. Çünki ABŞ-a ancaq aspirant kimi viza alıb getmək mümkün idi. Bu səbəbdən Berlində Çin restoranı işlədən dayısının yanına üz tutur. Alman dilini bilmədiyindən restoranın mətbəxində işləməyə başlayır. İki həftə sonra təhsilini davam etdirməyi, universitetə qəbul olmağı qərara alır. Keşişdən kömək istəyir. O da Tunu kilsəyə məxsus məktəbə düzəldir.
Amerikaya ilk səfər
Nəhayət 1966-cı ildə yay tətilində bacısını görmək məqsədilə çox arzuladığı ABŞ-a ayaq basır. Ölkəni görər-görməz qərara alır ki, kolleci bitirdikdən sonra birdəfəlik Amerikaya köçsün. Bu arada bacısı ona qalıb işləməyi təklif edir: “Təsəvvür edin, Almaniyadakı kimi diplom istəmirdilər. Howard Johnson adlı hoteldə mətbəxdə aşpaz kimi işə düzəldim”.
Alver və milyardlar gətirən kompüter
Gələcəyin iş adamının Amerikaya birdəfəlik köçü 1972-ci ildə baş verir. Belə ki, o, 1970-ci ildə Almaniyadakı “Technische Hochschule” universitetini mühəndis-elektrik ixtisasi üzrə bitirir. Ancaq ixtisası üzrə iş tapa bilmir və Amerikaya üz tutur: “Doğrusu bu ixtisas özümün də ürəyimcə deyildi. Məndən bacarıqlı mühəndis olmayacağını da bilirdim. Yeni fürsətləri dəyərləndirməyin zamanı gəlmişdi”.
Beləliklə Tu hədiyyələr dükanı açır və Tayvandan gətirilən bəzək əşyalarının satışı ilə məşğul olmağa başlayır: “İlin sonuna bütün mallar satılmış oldu. Amma bu iş gəlirli iş deyildi. Çünki gəlirin böyük hissəsi icarəyə sərf edilirdi”. Bununla da o, daşinmaz əmlak satışı bazarına üz tutur. Bu onun varlanmasına yol açır. O, 1987-ci ildə “Kingston Technology Corporation” şirkətini yaradır. Şirkət kompüterin yaddaşı üçün avadanlıqlar istehsal edir. 2010-cu ildə şirkətin dövriyyəsi 6,5 milyard dollar təşkil edib. Hazırda şirkətin Amerika, Çin, Tayvan, İngiltərə, İrlandiyada istehsal müəssisələri var: “Bu biznesə başlayanda mənim kompüterdən, yaddaşından başım çıxmırdı”.
Qeyd edək ki, Con Tu ailəsinin ona məsləhət gördüyü qızla evlənib. Bu evlilikdən bir qızı və oğlu var. Milyarderin sərvətinə gəlincə,4,5 milyard dollar təşkil edir. O hər gün səhər 6-da yuxudan oyanır və işə gedir: “Mən bütün günü oturan və yalnız məsləhət eşidən direktorları anlamıram. İstər müştərilərlə əlaqələrdə, istərsə də şirkətin qərarlarında yaxından iştirak etməliyəm”.
©publika