“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş direktoru dəyişdi

0
656

Yiğit Çağlayan “Mastercard” beynəlxalq ödəniş sisteminin Türkiyə və Azərbaycan üzrə baş direktoru təyin edilib.

Bundan öncə şirkətin inkişafda olan Avropa bazarlarında məhsulların hazırlanması üzrə rəhbər köməkçisi vəzifəsini tutan Yiğit Çağlayan yeni vəzifəsində Türkiyə və Azərbaycan bazarlarında nağdsız cəmiyyətin inkişafı və rəqəmsallaşma üzrə məsul şəxs olacaq.

Karyerasına başladığı 2000-ci ildən etibarən Türkiyə və Böyük Britaniyada fərdi bankçılıq sahəsində kart, ticarət tərəfdaşları ilə iş və satış kimi fərqli departamentləri idarə edən Yiğit Çağlayan “Mastercard” şirkətində rəqəmsal ödəniş həlli olan “Masterpass”ın regionda yayılması və inkişafına rəhbərlik edib. O, ödənişlərin rəqəmsallaşdırılmasında həm Türkiyə, həm də sürətlə böyüyən Avropa bazarlarında ilkləri həyata keçirən komandalara liderlik edib, “conversational commerce” və tranzit sahələrdə son istifadəçiyə yönəlmiş innovativ layihələrdə məsul şəxs olub.

“Bizim üçün strateji əhəmiyyət daşıyan Türkiyə və Azərbaycan bazarlarını əhatə edən bu vəzifəni yerinə yetirərkən nağdsız cəmiyyət və rəqəmsallaşma məsələlərinə fokuslanmağa davam edəcəm”, – deyə Yiğit Çağlayan bildirib.

Yiğit Çağlayan Mərmərə Universitetində “Menecment” təhsilinin ardınca Yedditəpə Universitetində MBA dərəcəsini alıb. “Mastercard” şirkətinin Türkiyə və Azərbaycan üzrə yeni baş direktoru Yiğit Çağlayan ondan əvvəl bu vəzifədə çalışan Yasemin Bediri əvəzləyib.