“Məhsullarımız Azərbaycan bazarında özünəməxsus yer tutacaq”

0
1122
xanım zurnayeva

Balakən rayonu, Şambul kənd sakini Xanım Zurnayeva məktəb müəlliməsi olmaqla yanaşı, həm də öz ailə təsərrüfatını inkişaf etdirir. Xanım Zurnayevanın sözlərinə görə, 20 ilə yaxındır ki, ev şəraitində cem və mürəbbə bişirir.

“Müxtəlif çeşidlərdə mürəbbələr bişirirəm, müxtəlif şirələr hazırlayıram. Lakin əvvəllər böyük satışlarımız olmayıb. Kiçik həcmlərdə hazırladığımız məhsulları kəndimizdə, qonşularımıza satmışıq. Buna görə də, ailə biznesimizi daha da irəli aparmaq üçün Balakən regional “ABAD” mərkəzinə müraciət etmək qərarına gəldik”.

“ABAD” Zurnayevlər ailəsi üçün “Meyvə bağı” mürəbbə brendi yaradıb. İlkin mərhələdə ailə qarpız, qoz və armud mürəbbəsi hazırlayan ailə gələcəkdə məhsul çeşidlərini genişləndirmək niyyətindədir:

“Əvvəllər mən ev şəraitində gündə 15-20 kiloqramdan artıq mürəbbə bişirə bilmirdim. Şəraitimiz buna imkan vermirdi. Bu gün isə “ABAD” mənə daha böyük həcmdə, bir dəfəyə 300-400 kiloqram mürəbbə bişirməyə imkan verən avadanlıq təqdim edib. İndi işimiz xeyli asanlaşıb. Məhsullarımız bazara öz adı ilə çıxır, ailəmiz üçün “Meyvə bağı” brendi yaradılıb”.

Xanım Zurnayeva əmindir ki, onun hazırladığı məhsullar Azərbaycan bazarında özünəməxsus yer tutacaq:

“Ailəmizlə birlikdə yeni-yeni mürəbbə çeşidləri hazırlacayağıq. Məhsullarımız tam təbiidir və biz öz təsərrüfatımızdan, kəndimizdən toplanan meyvələrdən istifadə edirik. İnanıram ki, bizim “Meyvə bağı” brendi altında təqdim olunan məhsullarımızın dadı dillər əzbəri olacaq”.