-Salam Vüsal bəy, xoş gördük, lütfən bizə özünüz haqqında qısa məlumat verin. İşinizi qurmazdan əvvəl nələr edirdiniz, təhsiliniz, təcrübəniz?
-Salam. Əvvəla qeyd edim ki, təhsil aldığım sahə ümumiyyətlə məşğul olduğum sahə ilə əlaqəli deyil. Ali təhsilimi beynəlxalq münasibətlər sahəsi üzrə almışam. Ümumiyyətlə təşəbbüskar olmağa qərar verməzdən əvvəl bu sahə ilə əlaqəli çoxlu sayıda kitab və məqalə oxumuşam. Oxuduğum bir çox uğur hekayəsi bu sahədə fəaliyyət göstərməyim üçün həvəsləndirici amil olub.
-Təşəbbüskar olmağa necə və nə vaxt qərar verdiniz?
-ABŞ-da MBA təhsili ilə maraqlananda qarşıma çıxan bir məqalə məni MBA təhsili almaqdan tamamiylə daşındırdı və təşəbbüskar olmaq üçün ilk addımı onda atdım. Bu qərarda məni dəstəkləyənlər daha çox dostlarım oldu.
-Startup layihəniz haqqında bizə məlumat verin.
-Biz handy unicorn adlı çox funskiyalı açarlıq dizayn etmişik. Layihə kickstarter platformasında 7595 dollarlıq satış edib. Bu demək olar ki, atdığımız ilk uğurlu addımdır və ümid edirik arxası gələcək.
-İşinizi nə qədər sərmayə ilə qurdunuz? Sərmayənizin qaynağı nə idi? Öncədən biznes planınız var idimi, yoxsa işlərin gedişində formalaşdı?
-İşimiz üçün toplam 5 min ABŞ dolları sərmayə qoymuşuq. İşə başlayanda hazırladığımız biznes planı işlərin gedişatında tamamiylə dəyişdi. Heç bir biznes planını olduğu kimi həyata keçirmək olmur, çünki bazar şərtləri tez tez dəyişir.
-Gələcəklə əlaqədar nə kimi planlarınız var? İşinizi böyütmək mövzusunda nə düşünürsünüz?
-Gələcək üçün hələlik tək planımız əlimizdəki məhsul çeşidliliyini artırmaq və patentimizi hər hansı bir aksesuar brendinə satmaqdır.
-Təcrübələrinizə əsaslanaraq, sahibkarlıq fəaliyyətində müvəffəqiyyət üçün ən kritik ünsürlər olaraq nələri görürsünüz?
-Sahibkarlıq fəaliyyətində müvəffəqiyyətli olmaq üçün bir çox amil eyni anda mövcud olmalıdır. Əvvəlcə güclü iradə tələb olunur. Çünki birinci dəfədən uğur qazanmaq mümkün deyil. Bəzi hallar olur ki dörd beş dəfə ard-arda uğursuz nəticə əldə edirsiz. Gərək bu uğursuzluq sizi sahibkarlıq fəaliyyətindən soyutmasın. Qazanılan hər bir uğursuzluq bu yolda əldə olunan dəyərli təcrübədir. İkinci kritik ünsür komandadır. Bir çox sahibkarlıq fəaliyyətinin uğursuz olmasının əsas səbəbi komandanın zəif olmasıdır.
-Sizi bir təşəbbüskar olaraq ən çox motivasiya edən faktorlar nələrdir? Bu fəaliyyətinizdə sizin qarşınıza çıxan əsas əngəllər nələrdir və bunlarla necə mübarizə aparırsınız?
-Sahibkarlıq fəaliyyətinin üçün ən gözəl motivasiya onun gətirdiyi müstəqillik anlayışıdır. Yəni səhər 9-dan axşam 6-a kimi olan iş rejimindən azad olursuz və həyatınızı özünüz planlaşdıra bilirsiz. Sahibkarlıq fəaliyyəti demək olar ki əngəllərlə doludur. Əngəllərlə mübarizəni sistemli şəkildə aparıram. Qarşıma çıxan hər bir problemi kiçik hissələrə ayırır və onları tək-tək həll edirəm.
-Sizcə kimlər təşəbbüskar olmalıdır? Kimlər isə belə fəaliyyətdən tamamilə uzaq durmalıdır?
-Çətinliyi sevən, məcaranı sevən insanlar adətən təşəbbüskar olurlar. Risk etməyi sevməyən insanlar isə adətən təşəbbüskarlıqdan uzaq dururlar.
-İş qurmaq istəyən gənclərə tövsiyyəniz nələrdir?
-Vaxtınızı yalnız oxumağa və işləməyə sərf edin. Özünüzə güclü komanda qurun.
–bizplus.az layihəsi haqqında nə düşünürsünüz?
-Bizplus ehtiyacdan irəli gələn layihədir. Ümid edirəm ki, bu layihə bir çox gəncin həyatında müsbət mənada öz tövhəsini verəcək.
-Bizə vaxt ayırdığınız üçün, təşəkkürümüzü bildiririk.
-Mən sizə təşəkkür edirəm. Çox sağolun.