Kiçik sahibkarlar ABAD-la əməkdaşlığı genişləndirir

0
861

Bu gün Bakıda “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.

“APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, dünya iqtisadiyyatında çox çətin proseslər baş verir və bu bunlar dünya ölkələrinə öz təsirini göstərməkdədir. “Azərbaycan iqtisadiyyatı isə çətin proseslərə dayanıqlıq nümayiş etdirir”, – deyə o vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycan prezidentinin iqtisadi-siyasi kursuna uyğun olaraq qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyin artırılmasında yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişlənməsinə, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov kiçik və orta sahibkarlığa, həmçinin ailə təsərrüfatlarına və ailə biznesinə başlamaq istəyən insanlara verdiyi dəstəkdən geniş danışıb. O, ABAD-ın orta və kiçik sahibkarların istehsal etdiyi məhsulların satış mərkəzlərindən da söz açıb və bildirib ki, tezliklə ABAD-ın satış mərkəzləri Qəbələdə və Bakının beşulduzlu mehmanxanalarında açılacaq.

O həmçinin qeyd edib ki, yaxın zamanlarda Bakının Nardaran qəsəbəsində və Şəki şəhərində keramika mərkəzi inşa olunacaq. “ABAD öz sektoru və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə bundan sonra da sıx əməkdaşlıq davam etdiriləcək”.

Sonda sahibkarların sualları cavablandırılıb.