Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Jurnalistlər “İNNOLAND” Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar

Jurnalistlər “İNNOLAND” Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar

387
Paylaş

Dekabrın 27-də Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi-informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib.

Jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzində ölkəmizdə aparılan elektronlaşma siyasətinin əsaslarından olan elektron hökumət sahəsində dövlət siyasəti və tənzimləmələri barədə məlumat verilib.

Məlumat verilib ki, burada startaplara və innovasiyalara dəstək ekosisteminin elementləri olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin İT savadlılığının artırılması məqsədilə İT Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.

Belə ki, “İNNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

Bildirilib ki, İT Təlim-Tədris Mərkəzi gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.