Fuad Gülməmmədov: “Öz mağarasında yaşayan insanın heç vaxt milyonçu olduğu görünməyib” 

0
1906

23 yaşı var. Hamının keçdiyi yolla deyil, özünün yaratdığı yolla yerimək istəyir. Düşünür ki, insanın əlindəki ən böyük silahı  kreativliyidir. Bu kreativliyi yaratmaq üçün isə öz üzərində daim işləyir. Ən əsası, qarşısına çıxan problemlərdən qorxmur. Deyir ki, hansısa işə başlayanda qorxdunsa, bir addım geri düşürsən. Ona görə, problemdən qorxmaq əvəzinə, onun üzərinə gedib həll etdikdə, uğur da səninlə olur.

Müsahibimiz gənc startapçı, “Bakcell”in “AppLab” proqramının iştirakçısı, “Tusi” layihəsinin rəhbəri Fuad Gülməmmədovdur.

“Ayıldım ki, həyatımı dəyişməliyəm”

Fuad Bakı Mühəndislik Universitetinin 4-cü kursunda təhsil alır. Amma, o, cəmi iki ildir oxumağa başlayıb. Birinci və ikinci kursları isə xatırlamaq istəmir. “Tələbəlik illərimin ilk iki ili “bərbad” keçib. Oxumağa, təhsilə meyilli deyildim. Əyləncəyə daha çox vaxt ayırırdım. Ona görə də, 14 kəsrim yaranmışdı. Plansız yaşayırdım, həyatım tam boşluqda idi. Qəfildən ayıldım ki, belə heç nə əldə edə bilmərəm. Həyatımı dəyişmək qərarına gəldim. Gecə-gündüz oxudum və 14 kəsrimin hamısını bağladım. Davamlı olaraq 5 semestr saat 9-dan-6-ya qədər dərslərdə olurdum. Yay aylarında belə oxuyurdum. Bir sözlə, çox çalışdım və nəhayət, universitet həyatımdakı bütün problemləri aradan qaldıraraq yeni işlər görməyə başladım”.

“Gənclər pulsuz işləmək istəmir”

“Startap”la məşğul olmasından danışan Fuad deyir ki, insanı ətrafda buna cəlb edən səbəblər çoxdur: “Oxuduğum kitablar məni çox dəyişdi. Hər dəfə özümə “kiməm, yaxud “kim olmaq istəyirəm” sualını verirdim. Düşünürdüm ki, mən də uğur qazana, karyera pillələrində yüksələ bilərəm. Düzdür, ilk günlər bəzi insanlar kimi həyatımdan narazılıq edir, gənclərə imkanlar yaradılmadığından şikayətlənirdim. Sonra dərk etdim ki, danışmaqla olmur, dəyişmək lazımdır. Universitet illərində xeyriyyə işi ilə məşğul olurduq, ailələrə kömək etməyə çalışırdıq. Lakin 100 nəfər ailəyə yardım etməklə inkişaf mümkün deyildi. Düşündüm ki, texnologiyanın yaratdığı imkanlardan istifadə edərək sistemi dəyişə və daha çox insana xitab edə bilərəm. Buna görə də fərdi iş, biznes sahələri ilə maraqlanmağa başladım və beləliklə, startap mühitinə daxil oldum. Startapımı tanıtmaq üçün “Bakcell”in prestijindən yararlanıram. Gənclər pulsuz işləmək istəmirlər. Bu səbəbdən layihəmi icra etmək üçün komanda yığa bilmirdim. AppLabdan sonra artıq developerlər nəinki maaş tələb edirlər, artıq özləri CV göndərirlər”.

Amazona rəqib texnologiya

Fuad hazırda “Tusi” layihəsi üzərində işləyir. Bu layihə Amazonun məşhur “Augmented Reality” texnologiyasının rəqibidir. Səhiyyə, təhsil, alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsidir: “Bu, virtual 3d görüntülərlə real oxutma və canlandırma platforması olan layihədir. “Tusi” ilə müştəri evində almaq istədiyi saatı 3d texnologiyası ilə yoxlaya, ölçülərini, ona yaraşıb-yaraşmadığını görə bilər. Başqa sözlə desək, bundan sonra saatın ölçülərini görmək üçün mağazaya getməyə ehtiyac olmayacaq. “Tusi”ni yazarkən araşdırma apardım və məlum oldu ki, Amazon belə layihələrlə məşğuldur. Hətta şirkət “Argumenti Relitiy” texnologiyasına milyardlarla pul yatırır. Tusi isə Amazona rəqib layihədir. Biz hazırda süni intellekt sistemlərindən istifadə edirik”.

Layihənin adını dahi astronom, alim Nəsirəddin Tusinin şərəfinə adlandırıb: “Elon Musku daim izləyirdim və onun “Tesla” layihəsi ilə maraqlanırdım. Layihələrimdən birində qara dəliklər haqqında araşdırmalar aparırdım. Məhz, fizikanı da, Teslanı da həmin vaxt sevdim. Gördüm ki, avropalılar öz alimlərinə çox dəyər verir, adını yaşadırlar. Mən də dahi alimimiz Nəsirəddin Tusinin adını yaşatmaq üçün Tusi adını seçdim”.
Tusi tibb sahəsinə hansı yenilikləri gətirə bilər?

Tibb sahəsində orqanların şəklini çəkib 3d ilə bir-birinə birləşdirmək mümkündür. Tələbə vizual olaraq orqanları görə və onun üzərində rahatlıqla əməliyyat edə bilər. Bu, əslində təkcə biznes sahəsi deyil, yeni bir texnologiyadır. Mühafizə sahəsində isə kameralar insanın üzünü tanıdığı halda, “Tusi” vasitəsilə insanın sadəcə üzünü deyil, bütün obyekti yaxınlaşdırıb göstərmək mümkün olacaq”.

“Riskləri sevirəm”

Fuad hesab edir ki, bizneslə məşğul olmaq savaşa qatılmağa bənzəyir. Savaş meydanında səndən yaxşı olan mütləq qazanacaq: “İdeya, fikir cəmiyyətə açıq olmalıdır. Biri sənin işini səndən yaxşı bacarıb ortaya qoyursa, məğlubiyyətini etiraf etməlisən. Yox, bacarığını göstərə bilirsənsə, deməli qazanacaqsan. Biznes dünyası savaş meydanı kimidir, burada risklərdən də, uğursuzluqlardan da qorxmamalısan. Biznesdə qorxmaq lazım deyil. Yaquar  kimi atılıb bütün şansları qiymətləndirməliyik. Uğursuzluqlara görə qətiyyən ruhdan düşmək olmaz. Çünki uğursuzluq insana həyat dərsi keçir”.

“Kimsənin bilmədiyi yolu getmək istəyirəm”

“Startap”ın çətinliklərindən danışan həmsöhbətimiz bildirir ki, gənclər standartlardan kənara çıxmaq istəmirlər: “Hamı iş axtarır, amma heç kim ortaya yeniliklər qoymur. Mənə də iş təklifləri olub, amma standartlardan uzaq qaçıram. Ümidlərimi aylıq maaşa bağlamaq istəmirəm. İşləyən insanları tapmaq startapçılar üçün çox çətindir. Hamı öz rahatlığında, standart həyatında yaşamaq istəyir. Amma öz mağarasında yaşayan insanın heç vaxt milyonçu olduğu görünməyib. Ortaya bir fərqlilik, əziyyət, məqsəd qoymalısan. Məsələn, hansısa işə gedəndə insanın qarşısına sənədlər qoyurlar ki, standartlarımız budur və hər şey standartlara uyğun olmalıdır. İşçi işə başlamadan çərçivələnir. Startap sahəsində standartlar olmamalıdır.  “Bakcell”in bizə ən böyük dəstəyi odur ki, fikirlərimizi, ideyalarımızı dəyişmir, onlara dəstək olur. Öz standartlarını tətbiq etməyə çalışmır. Mən kimsənin yazmadığı, bilmədiyi yolu getmək istəyirəm. O yolu Azərbaycanda özüm yaratmaq istəyirəm”.

Müsahibimiz xəyallarından danışır. Deyir ki, ən böyük xəyalı Azərbaycanda texnoloji baza yaratmaqdır: “Süni intellekt, robot sahəsində bir mərkəz yaradıb təhsil sistemini biznes sistemi ilə birləşdirmək istəyirəm. Hesab edirəm ki, hazırda bizim sistem yanlış işləyir. Universitetlər, tələbələr şirkətlərdən ayrı fəaliyyət göstərirlər. Mənim müəllimim deyirdi ki, şirkətlər böyük qardaş, universitetlər kiçik qardaşdırlar. Böyük qardaş kiçik qardaşa dəstək olmalıdır ki, kiçik qardaş böyüdükcə qarşılığını əlbəttə verəcək. Tələbələr yayda iki-üç ay təcrübədə olmaqla kifayətlənirlər. Hər bir tələbə imtahandan 2 həftə qabaq 6 ayın dərsini öyrənib imtahandan keçir. Biz iki həftə əvvəl 6 ayın proqramını öyrənə biliriksə, dərs saatını sıxışdırıb praktikaya yönəlmək olar”.

Həmsöhbətimiz sonda vurğuladı ki, “Tusi” proqramı insanların işini rahatlaşdıran proqramdır: “Hazırda alış-veriş sahəsində tətbiq edilir və uğurlu nəticələr də əldə edirik. “Bakcell” “AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə, onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”.

Qeyd edək ki, Gənclər innovativ ideyalarını “AppLab”da həyata keçirirlər. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim imkanları ilə yanaş, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

kaspi