“Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum. “Diqlas” ticarət mərkəzinin təməli qoyulandan burdayam. Bura öz övladım kimi baxıram. Həyat elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik”.
Bunu yanan “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov sahibkarlarla görüşündə deyib.
A.Rəhimov deyib ki, ticarət mərkəzinin tezliklə təmir olunmasını vacib sayıb: “Bu, mənim təklifimdir. Obyekt təmir olunsun, sahibkarlar fəaliyyətə başlasınlar, onlardan pul alınmasın. Ürəyim yanmasaydı, bura gəlməzdim, mən də sizinləyəm, zərərçəkmişəm. Orada olan sahibkarların da sığortası yoxdur. Ona görə də düşünüb bu məsələni başqa formada həll etməliyik. Hər kəs haqqını istəyir, dövlətin əleyhinə getmir. Xahiş edirəm, mənə vaxt verin, sahibkarların bəziləri ilə görüşüm, sonra sizə yekun məlumat verim”.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.