Dünya üzrə şirkətlərin böyük əksəriyyəti öz gündəlik əməliyyatlarında CRM (müştərilərlə münasibətlərinin idarəedilməsi) platformalarından aktiv olaraq istifadə edirlər. Bu artıq danılmaz faktdır ki, uğurla tətbiq edilmiş CRM platforması biznesə bir çox istiqamətdə faydalıdır. Burada satışların effektiv idarəedilməsi, proseslərin daim optimallaşdırılması və avtomatlaşdırılması, administrativ işlərin qüsursuz aparılması, xidmət keyfiyyətinə sistemli şəkildə nəzarətin həyata keçirilməsi və s. kimi şirkətə dəyər qata biləcək işlər xüsusi ilə qeyd edilməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan şirkətlərinin də CRM platformalarından istifadə etməsinin məqsədəuyğun olduğu qənaətinə gəldik. Bəs yerli şirkətlər hansı CRM platformasını əldə etsinlər? Araşdırmalarımız göstərdi ki, xarici ölkələrdən alınmış CRM platformaları bahalı olur və quraşdırılması çox vaxt tələb edir. Demək ki, ən optimal yol CRM platforması təklif edən yerli şirkətlərə müraciət etməkdir. Bu məqsədlə, bazarda mövcud olan CRM platforması üzrə təklifləri araşdırdıq və “CorpoLead CRM” şirkətinə çıxdıq.
Şirkət haqqında ətraflı məlumat almaq üçün “CorpoLead CRM” şirkətinin İdarəedici Partnyoru Orxan Məmmədovla müsahibə keçirdik.
– CRM platformasının hazırlanması fikrinə necə gəldiniz?
Bir müddət öncə həyata keçirdiyimiz layihələrin birində CRM platformasının qurulması ehtiyacı yarandı. Çünki, aktiv satışla məşğul idik və bu prosesdə heç bir məlumatın itməməsini, müştərilərlə işin keyfiyyətli aparılması və nəticə etibarilə müştəri məmnuniyyətinin yüksək olmasını istəyirdik. Bundan əlavə CRM platformasının bizim daxili proseslərimizin avtomatlaşdırılması yolunda da faydalı olacağını bilirdik. Bunun üçün CRM platforması təklif edən yerli və xarici şirkətləri araşdırmağa başladıq. Həmin dövr apardığımız araşdırmaya əsasən gördük ki, yerli bazarda CRM platrforması təklif edən çox az şirkət var və bu platformalar bizim istəklərimizə cavab vermir. Xarici şirkətlərin platformaları isə bizə uyğun gəlsə də təklif edilən qiymətlər çox baha idi. Bazarda CRM platformasının çox az olması, xarici şirkətlərin təklif etdiyi həllərin isə yerli şirkətlərin büdcəsinə uyğun gəlməməsi bizim üçün CRM platformasının hazırlanması yolunda işlərə başlamağımıza ciddi təkan vermiş oldu. Maraqlıdır ki, təsadufi olaraq eyni vaxtda başqa bir yerli şirkət xarici CRM platformalarından birinin qurulması üzrə məsləhət almaq üçün müraciət etdi və biz bu yolda onlara köməklik etdik. Məsləhət xidməti prosesində anladıq ki, bizim hazırlayacağımız CRM platforması xarici platformanın gördüyü işin eynisini görməklə bərabər yerli şirkətlər üçün çox daha ucuz qiymətə başa gələcəkdir.
Hal-hazırda, 1 ilə yaxın hazırlıq işlərindən sonra, tam funksional CRM platforması olan “CorpoLead CRM” məhsulunu bazara çıxarmışıq və qısa zaman ərzində aldığımız nəticələr doğru yolda olduğumuzu göstərir.
– Proqram təminatının hazırlanmasının kifayət qədər qəliz proses olduğunu bilirik. Bizə CorpoLead CRM-in hazırlanma prosesi haqqında məlumat verə bilərsiniz?
Proqram təminatının hazırlanması həqiqətən də qəliz prosesdir. Çünki, eyni vaxt ərzində alqoritmin inkişafı ilə yanaşı bir neçə istiqamətdə fərqli texniki işlər aparılmalıdır. Bu işlər aparılarkən keyfiyyət və sürət amilləri isə daim nəzarət altında olmalıdır. Bizim komandanın bu işlərdə uğurlu olmasının əsas amillərindən biri şirkətimizin global təcrübəsinin olması idi. Belə ki, 16 ilə yaxındır yerli və xarici bazarda digital platformaların hazırlanması üzrə ixtisaslaşan “GoCreative”-in yanaşması CorpoLead CRM hazırlanarkən peşəkarlığın üst səviyyədə olmasına və bir çox şirkətin buraxdığı səhvlərdən yayınmağa yardımçı oldu. Ümumilikdə bildirmək istəyirəm ki, platformanın hazırlanması prosesində GoCreative şirkətinin Bakı, İstanbul və London ofislərində çalışan əməkdaşlar iştirak etmişdir.
– CorpoLead CRM hal-hazırki vəziyyəti ilə kimlər üçün faydalı ola bilər?
İlk öncə məlumat verim ki, CorpoLead CRM 14 bölmədən ibarətdir. Bunlardan 11-i əsas, 4-ü isə köməkçi bölmə hesab edilir. Şirkətlər öz biznes modellərinə əsasən müştərilər, layihələr, satışla bağlı iş axışı, məhsullar, satınalma, tədbirlər, tapşırıqlar və s. üzrə məlumatlarını platforma daxilində asanlıqla idarə edə bilərlər. Buradakı bölmələr ən yaxşı beynəlxalq təcrübələrə əsasən dizayn edilmişdir və parametrik struktura malikdir. Parametrik struktur vasitəsilə platforma istənilən biznez modelinə uyğunlaşdırıla bilər. Bu isə o deməkdir ki, CorpoLead CRM bütün biznes sahələrində birbaşa və ya köməkçi vasitə kimi istifadə edilə bilər.
– Müştərilər CorpoLead CRM platformasını necə əldə edə bilərlər?
Hal-hazırda biz platformanı 2 fərqli yanaşma əsasında təklif edirik. Birinci yanaşma yalnız bizim korporativ internet səhifəsində onlayn üsulla əldə edilə bilər. Bu zaman müştərilərin məlumatları bulud texnologiyası vasitəsilə saxlanılır və platformaların bölmələrinin funksionallığı üzrə dəyişiklik etmək mümkün olmur. İkinci yanaşma isə “CorpoLead CRM Special” adlanır və bu məhsul əldə edilən zaman biz platformanı müştərinin serverlərində quraşdıra bilirik, bölmələrin funksionallığında isə müştərinin istəyinə əsasən dəyişikliklər edirik.
– Gələcəkdə platformanın imkanlarının genişləndirilməsi və mövcud modulların yenilənməsi üzrə işlər aparılacaq?
Yenilənmə işləri platforma üzərində gündəlik əsasla aparılır. Buraya həm planlaşdırılmış işlər, həm də müştərilərin istəklərinə əsasən həyata keçirilən dəyişiklikləri aid etmək olar. Bütün bu işlərdən əlavə platformanın bölmələrinin artırılması üzrə işlər də həyata keçirilir. Qeyd edim ki, yaxın zamanda 2 yeni bölmə yaradılaraq müştərilərin istifadəsinə veriləcəkdir, əlavə olaraq isə mövcud bölmələrdən biri tam olaraq yenilənəcəkdir.
– Yeni bölmələr hazırlandırdan sonra bu dəyişikliklər bütün müştərilərə şamil ediləcək yoxsa yalnız yeni müştərilərə?
Dəyişikliklər CorpoLead CRM platformasını onlayn əldə edən müştərilərə avtomatik olaraq şamil edilir, CorpoLead CRM Special əldə etmiş müştərilərdə isə istəyə görə quraşdırılır.
– Son olaraq redaksiyamızın oxucularına hansı müraciəti etmək istəyərdiniz?
Bildirmək istəyirəm ki, şirkətimizin internet səhifəsində (www.corpolead.com) platformadan, 30 gün müddətində aktiv olan, pulsuz istifadə imkanı əldə edilə bilər. Əlavə olaraq qeyd edim ki, müştəri məmnuniyyəti bizim üçün ən prioritet sahədir və əgər istifadə zamanı platforma haqqında rəy və ya təkliflər formalaşarsa, xahiş edirəm, bunu bizə mütləq göndərsinlər. Biz isə öz növbəmizdə bütün müraciətləri nəzərə alacaq və işimizdə tətbiq edəcəyik. Platformanın inkişafı üzrə faydalı olacaq müraciətlərin sahiblərinə isə platformadan istifadə üzrə xüsusi təkliflər yönləndirəcəyik.