«Business Insight» şirkəti Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədi ilə sorğu keçirib.
Sorğuda 650 nəfərə «Siqaret markalarından hansıları tanıyırsınız?», 385 nəfərə isə «Hansı siqaret markasından istifadə edirsiniz?» sualı verilib.
Sorğuya cəlb olunanların 59.2%-i (385 resp.) siqaret markalarını tanıdığını, qalan 40.8%-i (265 resp.) isə tanımadığını qeyd edib. Siqaret markalarını tanıyan 385 respondentin cəmi 43.1%-i (166 resp.) siqaret istifadəçisi olduğunu bildirib.
Araşdırmadan çıxan digər bir nəticə isə “Kent” siqaret brendinin ən çox tanınan və ən çox istifadə olunan marka olmasıdır. Belə ki, “Kent” markası 38%-lə ən çox tanınan siqaret markası olmaqla yanaşı, həm də siqaret markasını tanıyan 385 respondent arasında 11.7%-lə ən çox istifadə olunan siqaret markası ünvanına sahibdir.
Bundan başqa, sorğu iştirakçıları ayaqqabılarını adətən hardan aldıqları barədə sualı cavablandırıblar.
Məlum olub ki, Azərbaycanda əhalinin yarıdan çoxu (57,1%) ayaqqabılarını iri ticarət mərkəzlərindən (talkuçkalardan) alır. Belələrinə «Sədərək», «Binə», «Bakıxanov», «Laçın», «28 May – Keçid», «Ucuzluq», «Lotos» və s. tipli mərkəzlər daxildir.
Çarpaz təhlillər göstərir ki, bazar tipli ticarət mərkəzlərindən ayaqqabı almağa kişilərə nisbətdə xanımlar daha çox meyillidirlər (kişilər 48%; xanımlar 52%).
Ayrı-ayrı brendlərə gəlincə, Bakı şəhərində ayaqqabı brendləri arasında «FLO» böyük fərqlə qabaqdadır – respondenlərin 11 faizi ayaqqabılarını FLO-dan aldıqlarını qeyd ediblər. FLO-nun müştəriləri arasında kişilər üstünlük təşkil edir. İkinci yeri 2,2%-lə «İzabel», üçüncü yeri isə 1,2%lə «Poppy Gallery» tutur.
Ayaqqabısını online alanlara (6.5%), xaricdən alanlara (4.8%), sifarişlə tikdirənlərə (1.7%) də rast gəlinib. Ayaqqabılarını sifarişlə tikdirənlər isə ancaq kişilərdir.
Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540 AZN, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.