Biznesin problemli sahəsi-şadlıq evləri

Date:

Paylaş:

Ekspert: “Türkiyədə 1000 nəfərlik şadlıq mərasimi 12 min manata başa gəlir, bizdə isə…”

Azərbaycan iqtisadiyyatında ən çox özünü doğruldan və iş adamlarının sevdiyi biznes sahələrindən biri də şadlıq evləridir. Belə ki, xalqımızın şənlik mərasimlərinə meyilli olması və hətta bir çox  hallarda normaları aşması restoran sahiblərinin də işinə yarayır. İlin  əksər aylarında toy, nişan, xınayaxdı, kiçik toy, ad günü  və sair kimi mərasimlər  üçün şadlıq evləri və restoranlara müraciət edilir.

İqtisadçı ekspert Vüsalə Əhmədova ölkəmizdə sözügedən ictimai-iaşə obyektlərinin fəaliyyəti ilə bağlı bəzi iqtisadi və ekoloji problemlərin olduğunu vurğuladı. İqtisadçının sözlərinə görə, Sovet İttifaqının çökməsindən sonra ölkəmizdə yeganə geniş vüsət alan “şadlıq sarayı biznesi” bəzi məmurların inhisarı altındadır. 

V.Əhmədovanın fikrincə, Türkiyədə “Düğün salonları”, Avro Birliyi  ölkələrində “Wedding Hall” adı altında  bənzər məkanlara rast gəlmək mümkündür ki, oradakı qiymətlər ölkəmizlə müqayisədə dəfələrlə ucuzdur. “Müqayisə üçün bildirim ki, İstanbulun mərkəzində yerləşən, 450-1000 nəfərlik tutumu olan toy salonlarının profesional heyət və musiqiçilərlə birgə icarə haqqı maksimum 10 min TL, yəni 3000 manat təşkil edir. Adambaşı menyu qiymətləri isə spirtli içkilər daxil olmaqla 30-50 TL, manatla 10-15 manat arasında dəyişməkdədir. Ümumi götürsək, 1000 nəfərlik bir yığıncaq bu tip salonda 40 min TL, yəni 12 min manata başa gəlir. Paytaxtımızda yerləşən analoji salonlardan birində adambaşına menyu qiymətləri 250-500 manat arasındadır. Bu salonda 1000 nəfərlik yığıncağın minimum qiyməti 250 min  manatdır. Müştərilərə standart menyu təklif edilir ki, bu seçimdən kənara çıxmaq da mümkün olmur”, deyə ekspert bildirib. 

“Şadlıq sarayları və restoranlarla bağlı digər bir problem isə onların ekologiyaya vurduğu zərərdir”- deyən iqtisadçı ekspert dünya təcrübəsində müxtəlif texnoloji avadanlıqlardan istifadə edilməklə bu problemin həll edildiyini vurğuladı: “İstər şadlıq sarayları, istərsə də restoranlar olsun, bütün ictimai iaşə obyektləri ölçüsünə, müştəri sayına, xidmət profilinə, ətraf mühitin şəraitinə uyğun erqonomik dizayn edilməlidir. Çox sayda restoran və ya şadlıq sarayları ekoloji meyarlara müvafiq və erqonomik dizayn edilmədiyi üçün sonradan bir sıra problemlər, qəza halları ortaya çıxır. Bir ictimai iaşə müəssisəsi inşa edilməzdən əvvəl ərazinin iqlimindən tutmuş, torpaq quruluşunadək bütün şərtlər ətraflı araşdırılmalı, şadlıq evi və ya restoranın küləyin və günəşin təsirinə məruz qalma səviyyəsi, hava sirkulyasiyası nəzərə alınmalıdır. Xüsusilə kanalizasiya, su, elektrik, təbii qaz, infrastruktur problemi olan ərazilərdə şadlıq saraylarının inşa edilməsi doğru deyil. Ən önəmlisi, ictimai iaşə müəssisələrinin ətrafdakı yaşayış binaları, iş yerləri, məktəblər, universitetlər, ticarət obyektləri, dini obyektlər, parklar, hava limanı, metro ilə arasında olan məsafəyə diqqət yetirilməsi tələb olunur”.

Xarici təcrübəyə toxunan ekspert bildirdi ki,  Türkiyənin böyük şəhərləri başda olmaqla, bir çox ərazilərində duman və qoxu restoran sahibləri ilə məhəllə sakinləri arasında narazılıq yaratmasın deyə bələdiyyələrdən “baca icazəsi” alınmaqdadır: “Bunun üçün restoran sahibləri ərizə ilə rayon bələdiyyələrinə müraciət edirlər. Bələdiyyələr bu cür icazələri o halda verir ki, ictimai iaşə müəssisələrindən çıxan duman və qoxu ətraf mühitə heç bir zərər verməsin. Buna görə də, restoranlar yüksək baca və yaxşı filtrasiya sistemləri quraşdırmaq məcburiyyətindədirlər”.

V.Əhmədova dünya təcrübəsində mövcud olan “Yaşıl restoran” təcrübəsinin də ölkəmizə gətirilməsinin məqsədəuyğun olduğunu bildirdi: “Son zamanlar qlobal istiləşmə və aşırı çevrə kirliliyi fonunda ”yaşıl restoran” (Green Restaurant) konsepsiyası dünyada geniş vüsət almaqdadır. “Yaşıl restoranların” ənənəvi restoranlardan ən önəmli fərqi enerji və sudan səmərəli istifadə, ətraf mühitə bacardıqca az zərər vurma, tullantıları minimum səviyyəyə endirmə və təkrar emalını təşkil etməkdir. “Yaşıl Restoranlar Birliyi” (Green Restaurant Association) müxtəlif qurumlar tərəfindən 1990-cı ildə ABŞ-da yaradılaraq ekoloji restoran sektoru yaratmaq missiyasını üzərinə götürüb. “Yaşıl Restoranlar Birliyi” tərəfindən hazırlanmış olan lazımi kateqoriyalara uyğun gələn restoranlara “Yaşıl Restoran” sertifikatı verilməkdədir. “Yaşıl Restoranlar Birliyi” sertifikatlaşdırma sistemi 500 ədəd ekoloji standartı özündə ehtiva edir ki, bu tip restoranlarda sağlam qidalanma, yerli və mövsümi meyvə və tərəvəzlərdən, ət və süd məhsullarından, ətraf mühitə zərər yetirməyən taxıl məhsullarından istifadə, təhlükəli tullantıların ayrılaraq səlahiyyətli təşkilatlara çatdırılması, birdəfəlik istifadə olunan əşyaların davamlı ləvazimatlarla əvəzlənməsi, enerji və sudan səmərəli istifadə, dürüst ticarət, xüsusi təhsil almış personal konsepsiyası əsas götürülür. Məsələn, hazırda Türkiyə ərazisində cəmi 6 ədəd bu tip restoran fəaliyyət göstərir ki, həmin restoranlarda rəqəmsal menyulardan, enerjiyə qənaət edən elektron alətlərdən, zibil üyütmə və şüşə qırma maşınlarından, təkrar istifadə edilə bilən aksesuarlardan, suya qənaət edən cihazlardan, orqanik, yerli və mövsümi qida məhsullarından istifadə edilir, suyun sürahidə servis edilməsi, yağ artıqlarının toplanması və qida tullantılarının kompostlaşdırılması təmin olunur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...