Kiçik və orta biznesdə ən yaxşı nəticəni qazanmaq üçün işə ən yaxşı mütəxəssisi götürürlər. Bəs bu həmişə işləyirmi? Bəs bazarda həmişə ən yaxşı olan sizin üçün ən yaxşı seçimdirmi?
Bəzən olur ki, kiçik və orta biznes bazarda ən yaxşı mütəxəssisi işə götürür, amma bir müddət sonra həmin şəxs daha böyük nüfuzlu bir şirkətdə iş taparaq çıxıb gedir.
Şirkət rəhbərləri nə zaman və nədə səhv edirlər?
Vəziyyəti obyektiv təhlil etmək, idarəetmədəki uğursuzluqları müəyyənləşdirmək əvəzinə rəhbərlik çox vaxt bütün problemlərin səbəbini HR-ın əməkdaşı saxlaya bilməməsində, əməkdaşın şəxsi keyfiyyətlərində, düşüncə tərzində, işləmək və inkişaf etmək istəməməsində görməyə meylli olur.
Bəli, bütün bunlar çox tez-tez baş verir – bu, həmişə olub, var və olacaq. Əslində problemə dərindən baxsaq, onun şirkət və vəzifə üçün uyğun işçini seçə bilməyən rəhbərliyin özündə olduğunu görə bilərik. İnsanlar gəlirlər və gedirlər; qalsalar belə, narazı olurlar və bu səbəbdən də effektivlik olmur; çox tez-tez, hətta qısa zaman ərzində şirkətə faydalı ola biləcək təcrübəli insanlar bir qədər qaldıqdan sonra çıxıb gedirlər. Bəzənsə ümumiyyətlə qəribə vəziyyət baş verir – şirkət əmək haqqından başqa, əlavə motivasiya kimi bonuslar verir, amma insanlar yenə də çıxıb gedirlər.
Problemin səbəbi əslində çox sadədir: rəhbərlər namizədləri adekvat dəyərləndirməlidirlər və öz şərtlərinə, imkanlarına çox vicdanla və obyektiv şəkildə, həm də işə götürdükləri şəxsin gözü ilə baxmalıdırlar.
Artıq çoxdandır belə bir fakt hökm sürür ki, əmək bazarında istənilən mövqe üçün iş axtaranları biliyinə, təcrübəsinə, şəxsi keyfiyyətlərinə və həm də gələcək məqsədlərinə görə ümumilikdə üç səviyyəyə bölmək olar: A sinfi adamları, B və C sinfi adamları. Eyni ixtisas amma fərqli sinif nümayəndələri arasındakı fərq böyük ola bilər və əgər şirkət namizədi kifayət qədər dərindən və doğru qiymətləndirməsə bir neçə müddətdən sonra problemlər yaranacaq və təkrarən yeni namizədlər axtarmaq lazım gələcək.
Ümumiyyətlə,
A sinfi – orta bazar səviyyəsindən yuxarı mütəxəssislərdir. Onlar bazarda azlıq təşkil edirlər və bunu özləri də çox yaxşı bilirlər. Onlarda rəqabət güclüdür. Bu mütəxəssislər bəzi hallar istisna olmaqla işsiz qalmırlar.
B sinfi – orta bazar səviyyəli mütəxəssislərdir, onların sayı çoxdur. Onları böyük məmnunluqla işə götürürlər, çünki bilirlər ki, onlar öz işlərini lazım olan səviyyədə icra edəcəklər.
C sinfi – orta bazar səviyyəsindən aşağı istənilən ixtisas nümayəndələridirlər.
Əgər siz bazarın liderisinizsə və baha qiymətə satırsınızsa A sinfi mütəxəssisləri sizin üçündür. Yox əgər siz bazarda orta mövqedəsinizsə və qiymət/keyfiyyət nisbətində satış həyata keçirirsinizsə B sinfi namizədləri daha uyğundur.