“Binə” və “Sədərək”də sahibkarların kassa aparatsız işləyəcəkləri son tarix bəyan edilib.
Vergilər Nazirliyi 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, kassa-nəzarət aparatlarının quraşdırılacağını bildirib və açıqlayıb ki, bu ticarət mərkəzləri sırasına “Binə” və “Sədərək” də daxildir.
Bizplus.az xəbər verir ki, 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Vergilər nazirinin müşaviri İlkin Vəliyev qeyd edib ki, kassa-nəzarət aparatları alan sahibkarlar dövriyyələrindən vergi qanunvericiliyinə uyğun vergiləri ödəyəcəklər:
“Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar pərakəndə ticarət qaydasında əldə etdikləri gəlirlərindən vergiyə cəlb olunmalıdırlar. Bütün ticarət mərkəzlərində, yarmarka və bazarlarda kassa-nəzarət aparatlarının quraşdırılması mərhələli şəkildə aparılacaq və 2021-ci ildə tam başa çatdırılacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələlər 2019-cu ildə başa çatmışdır. 3-cü mərhələ 2020-ci ildə icra ediləcəkdir. 2021-ci ildə də 4-cü mərhələ icra edilərək bütün ticarət və xidmət obyektlərində kassa-nəzarət aparatlarının quraşdırılması başa çatdırılacaqdır”.