Bankdan biznesə – Bir uğurun sirri

1
4671

Camal Tağıyev 14 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.

Təhsilini Avropada Budapeşt şəhərində alan Camal bəy hal-hazırda “Bella Pizza” layihəsinin icraçı direktorudur. Evlidir və iki övladı var.

Sizlərə Camal Tağıyevlə apardığımız səmimi müsahibəni təqdim edirik.

İstərdim ilk dəfədən başlayaq. Necə oldu ki, Restoran sektoruna yönəldiniz? İdeyanın yaranma prosesi maraqlı olardı.

  • Əslində mən özüm pizza sevənəm. Avropada oxuduğum müddətdə tez-tez pizza sifariş edirdim. Bakıya qayıtdıqdan sonra, öz karyera yolumu şirkətlərdə davam etdim. Belə ki, bir müddət BP-də və Bank sektorunda çalışdım. Bu zaman kəsiyində alışdığım adətə davam etmək istədikdə, yəni pizza sifariş etmək istədikdə, müşahidə etdim ki, bu sahədə böyük potensial var. Yəni pizzanın sifariş edilməsi və çatdırılmasında imkanların zəif olduğunu hiss etdim. Təbii ki, söhbət təkcə pizzanın çatdırılma imkanlarından getmir, eyni zamanda keyfiyyətli pizzanın hazırlanması da nəzərdə tutulur. Biznesə yönəlmə fikri də artıq yeni bir nişanı yaratmaq imkanını kəşf etdikdən sonra formalaşdı.

Bank sektorundan uzaqlaşıb şəxsi biznes qurmaq ideyası böyük risk deyildimi?

  • Etiraf edim ki, bank sektorundan ayrılanda atdığım addımın düzgünlüyündən əmin deyildim. Çünki mən yeni bir sahəyə başlayırdım və nə qədər uğurlu olacağım məlum deyildi. Lakin, şəxsi biznes sahibi olmaq mənim uşaqlıq arzum idi və mən bunu mütləq reallaşdırmaq üçün bir addım atmalı idim. İndisə əminliklə deyə bilirəm ki, verdiyim qərardan qətiyyən peşman deyiləm..

İşə yeni başlayarkən, ilk çətinlikləriniz nələr idi?

  • İlk növbədə qeyd edim ki, bu işə sıfırdan başladıq. Biz o vaxtlar restoran fəaliyyəti göstərmirdik, çatdırılma və pərakəndə satış ilə məşğul idik. İlk pizzeriyanı “Fresco” marketin tərkibində 20 m2sahədə açmışdıq. Bu gün artıq 200 m2 sahədə fəaliyyət göstəririk. Yarandığımız  gündən bu yana bizim ilk çətinliyimiz və hədəfimiz etimad qazanmaq idi. Çünki bazarda pizza hazırlayanlar kifayət qədər idi. Biz öz keyfiyyətimizlə ortaya çıxmağı hədəfləmişdik. Elə də oldu. Bu gün müştərilər bizi keyfiyyətə görə tanıyırlar. Biznesin ən böyük çətinliyi məhz müştəri məmnuniyyətini, etimadını əldə etməkdir.

Adətən biznesə can atan hər kəsin qarşısında “Başını burax, alınmayacaq” deyən biri mütləq olur. Sizdə necə, belələri oldumu?

  • Ümumiyyətlə heç kim əldə olan işi tərk etmək istəməz. Çünki alışılan iş rejimi, qazanc imkanları var ki, insanlar bunlardan ayrılmağa hər zaman qorxur. Bu qorxu məndə də var idi. Lakin düşündüm ki, şans insana bir dəfə verilir və mən bunu əldən buraxsam çox gec ola bilər. Qərar verdim ki, artıq müstəqil fəaliyyətimə başlamalıyam. Düzdür, dəstək olanlarla birlikdə, əks fikirdə olanlar da az olmadı. Çoxları atdığım addımın riskli olduğunu bildirirdi. Lakin düşünürəm uğur qazanmaq üçün addım atmalı idim və mən də o addımı atdım.

Atdığınız addımın riskli olduğunu bildirənlərin indiki düşüncələri necədir?

  • Onlar indi bizim daimi müştərilərimizdir (gülümsəyir).

Biznesdəki uğurunuz göz qabağındadır. Bəs, ilk biznes uğursuzluğunuz necə, olubmu?

  • Uğursuzluq deyə bilmərəm, çünki nəyəsə cəhd etmişiksə mütləq nəsə qazanmışıq. Bu da təcrübədir. Təcrübə – qazanılmış ən böyük nailiyyətdir.

Bir il əvvəlki və bu günkü – Bella Pizza (biznesiniz) da nə kimi fərqlər var..

  • Biz bu işə kiçik bir məbləğlə (5000 AZN) başlamışdıq. Hətta avadanlıq və digər işlərin xərclərinin sadəcə bir qismini ödəyə bilmişdik. Qalan məbləği isə işimiz başlayandan, yəni gəlir əldə edərkən ödəyə bildik.

​3 il əvvəlki “Bella Pizza” 20 m2-dən artıq 200 m2-ə çatıb.

Bu müddət ərzində biznesin düzgün idarəsi sahəsində olan təcrübələrimizi “Bella Pizza”ya uğurla tətbiq edə bildik. Bazar mühitini, müştərilərin alıcılıq qabiliyyəti və gözləntilərini nəzərə alaraq onlar üçün “Bella Pizza”nı daha da inkişaf etdirməyə çalışdıq. Bu istiqamətdə biz  pizzeriyada tez-tez aksiyalar təşkil edirik. Məsələn, istənilən iki böyük  boy pizza alana hədiyyə olaraq böyük boy “Margarita” pizza hədiyyə olur. Bu da bir növ müştərinin ödənişini kompensasiya edir.  Bundan başqa bonus sistemi tətbiq etdik. Belə ki, istənilən yolla pizza sifariş edən şəxs bonus kartlarından istifadə bilər. Hər sifariş edilən məbləğ karta yüklənir və 100 manat tamam olanda 10 manat avtomatik karta yazılır. Bu da bazarda yenilik idi. Çox uğurlu bir layihə oldu və müşətilər tərəfindən də müsbət qarşılandı.

Daha sonra müştərilər tərəfindən gələn təkliflərə əsasən, biz veb-saytımız vasitəsilə də onlayn sifariş imkanını təşkil etdik. Bu da təbii ki, müştərilərə rahatlıq yaratdı. Biz müştərilərə yönəlmiş addımlar atmağa çalışdıq.

Çünki məqsədimiz müştərilər üçün dəyər yaratmaq idi.

Biznesiniz qurulmasında ilk dəstək (maddi və mənəvi) kimdən gəlmişdi?

  • Bu işə kiçik bir məbləğlə başladığım üçün xüsusi bir maddi dəstəyə ehtiyacım olmadı. Lakin mənəvi dəstək həqiqətən çox vacib idi. Həyat yoldaşımın və bütün ailəmin dəstəyi olmasaydı yəqin ki, bu işə cəsarət edə bilməzdim.

Bir az da”Bella Pizza” nın komandasından söz açaq…

  • Bəli, bu mövzudan yan keçmək olmazdı. Çünki istənilən uğurlu bir biznesin təməlində uğurlu bir komanda durur.

Mən əvvəlki iş təcrübələrimdə əldə etdiyim prosesləri öz biznesimə tətbiq etdim və bu da öz nəticəsini verdi. Burada hər işin öz mütəxəssisi var və mən rəhbər olaraq çalışıram ki, onların işinə qarışmayım. Biz həftəlik görüşlər təşkil edirik və bu görüşlərdə hər kəs cavabdeh olduğu iş barəsində problemləri və nəticələri bölüşür.

“Bella Pizza”nın bu günkü uğurunda tək mənim deyil, bütün kollektivin payı var. Mən öz komandamdan çox razıyam və onlara öz minnətdarlığımı bildirirəm.

Azərbaycanda gördüyünüz iş sahəsində kifayət qədər rəqibləriniz var. Rəqabət çətin deyil ki?

  • Çətin yox, maraqlıdır. Biz rəqiblərin olmasında olduqca maraqlıyıq. Rəqabət olmalıdır ki, bazar inkişaf edə bilsin. Çalışırıq ki, rəqiblərlə yaxşı əlaqələr qura bilək və öz təcrübələrimizi bir-birimizlə bölüşək.

Doğru iş seçiminin əsas xırdalıqları sizə görə nədir?

  • İnsan ilk növbədə müəyyən yaşdan sonra sevdiyi işlə məşğul olmalıdır. Artıq təcrübə onu göstərir ki, insan sevmədiyi işdə xoşbəxt ola bilmir. Bu məsələdə xırdalıq yoxdur. Əgər bir insan hiss edirsə ki, bu iş ona lazımdır, onun ardınca getməlidir.

Necə düşünürsünüz, yeni bir biznesə başlamaq üçün ən önəmli şey nədir?

  • Yeni bir biznesə başlamaq üçün ən önəmli şey “başlamaqdır”. İlk addım  atmadan həmin işin uğuru haqqında  heç bir fikir söyləyə bilməzsiniz.

Gələcəyə dair planlarınız nələrdir?

  • Bazarın potensialı və müştərilərin tələbləri  “Bella Pizza”nın gələcək addımlarını formalaşdıracaq.

Yeni biznesə başlamaq istəyib, cəsarət edə bilməyənlərə msləhətləriniz nə olardı?

  • Məsləhətim odur ki, mütləq başlayın. Uğur sevincini dadmaq üçün və bizneslə bağlı xəyalları reallaşdırmaq üçün bütün riskləri gözə almağa dəyər.

 

©banco.az

1 COMMENT