Əsas səhifə Biznes Müsahibə Bakıdan kəndə qayıdıb brend yaratdı

Bakıdan kəndə qayıdıb brend yaratdı

842

“ABAD”ın dəstəyindən yararlanan fermerlərdən biri də Balakən rayonunun Qullar kənd sakini Eldar Novruzovdur. O, uzun illər Bakıda yaşasa da, 20 il əvvəl kəndə qayıdıb, təsərrüfatla məşğul olmağa başlayıb. Novruzovlar ailəsi bir müddət sonra həyətlərində olan müxtəlif növ meyvələrdən cem və mürəbbə bişirməklə öz kiçik ailə biznesini yaradıb. Kustar üsulla hazırlanan bu məhsulların bir hissəsini yerli bazarda satışa çıxarıb, qalan hissəsini isə qohumlara, dost-tanışa veriblər.

Eldar Novruzov biznesini inkişaf etdirmək, istehsal potensialını genişləndirmək üçün “ABAD” layihəsindən faydalanmaq qərarına gəlib və bu məqsədlə Balakəndə fəaliyyətə başlayan “ABAD Mərkəzi”nə müraciət edib. İstehsalçının müraciəti “ABAD” tərəfindən müsbət qarşılanıb və ona zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteyner təqdim olunub.

“ABAD”la əməkdaşlıqdan məmnunluğunu ifadə edən Eldar Novruzov müsahibəsində deyib: “Bir ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edirəm. Bizim üçün “4 fəsil” brendi yaradılıb. Artıq məhsullarımız ticarət şəbəkələrinə bu adla çıxarılır. Biz “ABAD”ın dəstəyindən çox məmnunuq. Hələlik 6 növ mürəbbə istehsal edirik. Gələcəkdə cem də istehsal etməyi planlaşdırırıq. İndiyədək satış üçün Bakı şəhərinə min bankaya yaxın mürəbbə göndərmişik. Bir o qədər də hazır məhsulumuz var. İnanıram ki, “ABAD”la əməkdaşlıq ailəmizin büdcəsinə daha çox gəlir gətirəcək”.

© Azərtac