Əsas səhifə Biznes Bədrəddin Həsrətov: Azərbaycan balına dünya bazarında xüsusi maraq var

Bədrəddin Həsrətov: Azərbaycan balına dünya bazarında xüsusi maraq var

872
Paylaş
bəhrəddin həsənov

Azərbaycan balına dünya bazarında xüsusi maraq var.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib. Azərbaycanın 9 iqlim tipi, zəngin florası, 600-dən çox yabanı bal verən bitkisi olduğunu xatırladan Bədrəddin Həsrətov, ölkənin dağlıq, düzənlik və dağətəyi ərazilərində arıçılıq üçün ideal şəraitin olduğunu söyləyib.

“Azərbaycanın bala olan tələbatı hazırda 5 min tondur, lakin biz ancaq 3 min ton bal istehsal etmişik və artıq bal ixracına da başlamışıq. 2017-ci ildə Yaponiyaya 6 ton bal ixrac olunub, Qətərə 450 kiloqram bal nümunə kimi göndərilib. Digər ərəb ölkələrinə də ixrac missiyaları həyata keçirilib, bazar araşdırmaları aparılıb. Avropa ölkələri üzrə də bazar araşdırmaları aparılır. Ümidvarıq ki, yaxın vaxtlarda bu sahəni sürətlə inkişaf etdirib, dünyanın digər ölkələrinə də bal ixrac edəcəyik”, – deyə B.Həsrətov bildirib.

O diqqətə çatdırıb ki, bu gün arıçılıq sahəsində mütəxəssis az olsa da, kifayət qədər məlumatlı, ixtisaslı kadrlar var. Azərbaycanın bal satışı brendləri, o cümlədən “Qiynet oğulları”, “Ballı”, “Saf bal”, “Balım”, “Öz bal”, “Bizim bal” və başqaları fəaliyyət göstərir. Onların çoxu xaricə bal ixrac etmək üçün yaradılıb.

Bal biznesi necə qurulur?

Xatırladaq ki, Arıçılar Assosiasiyası 2016-cı il oktyabrın 31-də rəsmi qeydiyyatdan keçib. Bu gün Azərbaycanın 40 rayonunda mərkəzlər yaranıb və bu proses davam edir. Assosiasiyanın tərkibində bir neçə komissiya fəaliyyət göstərir. Bu sıradan arı xəstəliyinin araşdırılması, bal bazasını yaxşılaşdırmaq, satış üzrə komissiyaları qeyd etmək olar.

Arı ailələrinin sayına görə subsidiyalar verilməsi məsələsinin gündəmdə olduğunu qeyd edən B.Həsrətov bu gün Azərbaycanda təxminən 300 min arı ailəsi olduğunu, lakin ölkəmizin ərazisinin 600-700 min arı ailəsi saxlamağa imkan verdiyini söyləyib.

Müsahibimiz deyib: “Dünya ölkələri ilə müqayisədə respublikamızda bal sahəsində məhsuldarlığımız aşağıdır. Hər arı ailəsindən 10 kiloqram bal almışıq, lakin bunu 30-40 kiloqrama çatdırmağı planlaşdırırıq. Bunun üçün seleksiya damazlıq işlərinə başlanılıb. Artıq Gəncə Arıçılıq mərkəzində damazlıq seleksiya təsərrüfatı yaradılıb. Qaxda “Api-Delta” MMC şirkətində Boz dağ Qafqaz arısının seleksiyası aparılır. İnanıram ki, yaxın illərdə biz hər arı ailəsindən indikindən 3-4 dəfə çox məhsul əldə edəcəyik ki, bu da balın maya dəyərinin aşağı salınmasına və insanların alıcılıq qabiliyyətinin artmasına gətirib çıxaracaq”.