Dünyanın ən məşhur elektron satış portalı “Alibaba” “Azexport” portalının fəaliyyətini uğur hekayəsi kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova “APA-Economics”ə bildirib ki, məqalədə “Azexport”un fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib.
Qeyd olunub ki, “Azexport” məhz “Alibaba” vasitəsilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda “Alibaba”da “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur.
Z.Talıbova bildirib ki, “Alibaba”nın uğur hekayəsi olması “Azexport”un 1 yaşına gözəl hədiyyə oldu. Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində “Alibaba”da “Azexport” tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.
Qeyd edək ki, “Azexport” 1 il öncə prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan mənşəli malların “Made in Azerbaijan” (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan “Azexport” portalı etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədi ilə portal “Alibaba” ilə yanaşı həm də “All.biz”, “TradeKey”, “Amazon”, “Agroserver” kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. “Azexport” “Alibaba” portalının qızıl üzvüdür.