“AzerGold” ölkə iqtisadiyyatına 400 mln. manat vəsait cəlb edib

Date:

Paylaş:

“AzerGold” QSC son üç ildə (2017-2020) ölkə iqtisadiyyatına 399,3 milyon manat vəsait cəlb edib. Bu pullar ümumilikdə 173 min unsiyadan çox qızıl və 290 min unsiya gümüş satışından daxil olub.

Bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkədə əlvan metalların işlənməsi, hasilatı və qiymətlilərin dünya birjalarına ixracı ilə məşğul olaraq ölkədə qeyri-neft sənayəsinin liderlərindən birinə çevrilib.

“Məlumdur ki, metalların beynəlxalq birjada satışının təşkili üçün hasilatçı şirkətlər bir sıra çətin prosedur və beynəlxalq audit yoxlamalarından keçməlidir. Bu gün biz qürur hissi ilə qeyd edə bilərik ki, “AzerGold” bütün bu çoxsaylı yoxlamalardan 2017-ci ildə uğurla keçib və İsveçrənin dünyaca məşhur aparıcı affinaj şirkətlərindən biri ilə müqavilə bağlayaraq, Azərbaycanda hasil edilən metalları dünya bazarına çıxara bilib. Bundan başqa, bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 30,6 milyon manatdan çox vergi və rüsum ödənilib. Bunun 3,8 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 26,8 milyon manatı isə Vergilər Nazirliyinə ödənilib”.

O əlavə edib ki, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Azərbaycan Dözvlət Neft Fondu, Prezident İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır:

“Ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, bir il öncə, ötən ilin fevral ayından etibarən ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başladıq. Belə ki, Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilmişdir və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasın Çələbi naxışı əks olunmuş bu məhsullar mədəniyyətimiz, incəsənətimiz və tariximiz kimi milli dəyərlərimizi təşviq edir. Bu layihənin icra edilməsinin əsas məqsədi ilk növbədə yerli istehsalın dəstəklənməsi və “Made in Azerbaijan” brendinin təşviq edilməsi olmuşdur. Məhz buna görə də məhsulların satışından əldə edilə biləcək minimal mənfəət nəzərə alınaraq satışa çıxarılmışdır. Məhsullarımız müvafiq keyfiyyət sertifikatı ilə təmin edilir ki, bu da alıcıların hüquqlarının Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin olmaması fonunda etibarlı təminatı kimi çıxış edir.

Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: Bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s.) satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi.

“AzerGold” isə fəaliyyətini tam şəffaf quraraq bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir ki, bu da öz növbəsində digər aidiyyati xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur. Nəticədə yaranmış situasiya Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətədavamlı fəaliyyət aparmasına müəyyən əngəllər yaradır”, – deyə sədr qeyd edib.

Onun sözlərinə görə, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər: “Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalatçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edə, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər.

Azərbaycanda zərgərliyin texniki cəhətdən çox yüksək səviyyədə inkişaf etməsinin tarixi sübutları mövcuddur. Düşünürəm ki, mövcud əngəllərin aradan qaldırılması və bu sahədə aparılacaq islahatlar nəticəsində vahid balanslaşdırılmış ekosistemin yaradılması zərgərlik bazarı ilə yanaşı, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr vermiş olacaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...