“Azərbaycan builki mövsümdə 220 min tondan çox xurma ixrac etməyi planlaşdırır”.
Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.
O qeyd edib ki, xurma ixracından 125 mln dollar gəlir gözlənilir.
Q.Yusifovun sözlərinə görə, Azərbaycan Rusiyaya artıq təzə xurma ixracına başlayıb: “İxrac hələ ki, kiçik həcmlərdə həyata keçirilir. Ümumiyyətlə, Rusiya, Ukrayna, BƏƏ, Moldova və Qazaxıstana xurma ixracını həyata keçirməyi planlaşdırırıq. Sözügedən ölkələrin Azəbaycandan xurma idxalında maraqlıdırlar. Ümumiyyətlə isə, bu il havalar yaxşı keçsə, yəni məhsula ziyan dəyməsə 220 min tondan çox məhsul ixrac etməyi planlaşdırırıq”.
O xatırladıb ki, ötən mövsümdə təzə xurma ixracı bu ilin aprel ayınadək davam edib.
Assosiasiya rəhbəri bildirib ki, Baltikyanı ölkələrə, Almaniya, Hollandiyaya isə qurudulmuş xurma ixrac etməyi planlaşdırırıq.
Xatırladaq ki, yanvar-apreldə Azərbaycan 23,832 min ton xurma ixrac edib və 18,113 mln dollar gəlir əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,3%-ni təşkil edib.
2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib. 2018-ci ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci olub. Xurma isə (114,5 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb.