2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6% üstələyərək 39,4 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 20,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2% və 4,0% artmışdır.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 39 391,7 | 103,6 |
o cümlədən: | ||
ərzaq məhsulları | 18 048,0 | 103,3 |
içkilər və tütün məmulatları | 1 919,4 | 101,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 910,9 | 104,1 |
elektrik malları və mebellər | 2363,0 | 103,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 342,6 | 102,9 |
əczaçılıq və tibbi mallar | 528,1 | 103,6 |
avtomobil yanacağı | 2 310,5 | 102,7 |
digər qeyri-ərzaq məhsulları | 6 969,2 | 104,6 |
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0%-i elektrik malları və mebellərin, 5,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21,0%-i ticarət müəssisələri, 52,0%-i fərdi sahibkarlar tərəfindən, 27,0%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5%, fərdi sahibkarlar üzrə 1,8% artmış, bazar və yarmarkalarda isə 7,6% azalmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.