Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda startaplara dəstək olacaq konsorsium yaradılıb

Azərbaycanda startaplara dəstək olacaq konsorsium yaradılıb

96
Paylaş

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, nazirliyin tabeli qurumu olan “AzİnTelecom” MMC, “Lenovo”, “Nutanix” və “iQRex” şirkətləri ilə birgə konsorsium yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Yüksək Texnologiyalar Parkının rəhbəri Tural Kərimli deyib.

Onun sözlərinə görə, konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.

“Konsorsium startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə yaradılıb”, – deyə T. Kərimli qeyd edib.

O həmçinin bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da startaplar riskli  hədəf qruplarına aid edilir. Bu baxımdan onlar böyük maliyyə yükü olan layihələrdən kənarda qalır.

“Əksər vaxt startaplar istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən elan edilən tenderlərə buraxılmırlar. Yaradılan konsorsium bu sahədə startapların şansını artıracaq”, – deyə T. Kərimli qeyd edib.