“Ailə biznesimi daha da inkişaf etdirmək istəyirəm”

0
1238

Bakı şəhəri sakini Ceyhunə Əliyeva milli üslubda suvenirlər və bəzək əşyaları hazırlayır. Onun zərif əl işləri xüsusilə uşaqlar tərəfindən böyük maraqla qarşılanır.

“Müxtəlif növlərdə milli oyuncaqlar hazırlayıram, Tıq-tıq xanım, Cırtdan kimi obrazları canlandırıram. Düşünürəm ki, belə suvenirlər azyaşlı uşaqların milli köklərə bağlığının artmasında öz rolunu oynayacaq”- deyə, sənətkar hesab edir.

Təbii daşlardan, toxunma əl işlərindən bəzək əşyaları hazırlayan sənətkar deyir ki, əvvəllər yalnız ailəsi üçün işləyib:

“Peşəkar fəaliyyətə başlamağımdan 2 il ötür. Əvvəllər ailəim üçün müxtəlif milli oyuncaqlar, bəzək əşyaları hazırlayırdım. Lakin bir müddət sonra əl işlərimin satışını təşkil etməyə qərara gəldim və sosial şəbəkələrə üz tutdum”.

İxtisasca həkim olan Ceyhunə Əliyeva, bununla belə, öz peşəsi ilə heç zaman məşğul olmayıb:

“Dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olmaqdan zövq alıram. Əl işim insanlar tərəfindən bəyənildikdə, bu məni daha da qürurlandırır, həvəslənərək yeni-yeni əşyalar hazırlamaq istəyirəm”.

Facebook sosial şəbəkəsi vasitəsilə “ABAD”a müraciət edən Ceyhunə Əliyeva deyir ki, indi satış bazarının daha da genişlənəcəyini gözləyir:

“Daha geniş kütləyə tanınmaq, ailə biznesimi daha da inkişaf etdirmək istəyirəm. Bu sahədə “ABAD”a güvənirəm”.

Qeyd edək ki, Ceyhunə Əliyevanın nəfis əl işləri ilə “ABAD” sərgi-satış mərkəzlərində tanış olmaq mümkündür.