Belə görünür ki, Çexiya seçiciləri baş nazir postu səlahiyyətlərini milyarder Andrej Babis-ə – ölkənin ikinci ən zəngin adamına həvalə edəcəklər.
Babis seçkiqabağı kampaniyasını korrupsiya ilə mübarizə əsasında qurub.
Lakin hazırda ona qarşı istintaq aparılır.
Çexiya parlamentinə seçkilər ərəfəsində başlıca mövzu avroya keçid, miqrasiya problemləri, Rusiya ilə münasibətlər, həmçinin daha az qlobal olan, məsələn yağın qiymətinin qalxması məsələləri olub.
Antonin Kokes-in – 50 yaşı var. Onun üzündən təbəssüm əskik deyil.
Kokes-in sevinmək üçün səbəbləri var.
Sərvətini stolüstü oyunların istehsalından qazanan iş adamı əsas həvəsi olan çörək bişirməklə məşğul olub.
Xeyr, o özü çörək bişirmir, hətta özünü gözəl aşpaz və çörəkçi də hesab etmir.
Lakin o, artıq onun adını daşıyan dördüncü çörəkxanasını açıb.
Ən birincisi yerlilər arasında dəbdə olan Podebrad Yirji meydanınad yerləşir. Biz bir fincan qəhvə içməyə əyləşən zaman ora insanlarla dolu idi.
“Bu çörəkxana 4 il əvvəl açılıb. Praqada mənim yaxşı çörəyə ehtiyacım vardı. Mən tez-tez Almaniya, İsveçrə və Fransada səfərdə olurdum. Və burada qarşıma hər gün təzə çörək və səmimi ab-havası olan kiçik çörəkxanalar çıxırdı. Mən fikirləşdim ki, niyə burada belə bir yer olmasın “.
Onun hər çörəkxanası gün ərzində 100 kq yağdan istifadə edir. Mən yağ qiymətlərinin qalxmasının onun biznesinə təsir edib-etmədiyi barədə sual verəndə o güldü.
“Düzünü desəm, bunun belə aktual məsələ olması məni təəccübləndirir. Niyə bu qədər səs-küy qalxıb onu anlaya bilmirəm “, – o deyir .
Lakin mən ondan Andrej Babis barədə soruşanda Kokes-in xeyirxahlığını sanki bir anda külək sovurub aparır.
Maliyyə naziri olarkən Babis Kokes kimi sahibkarların işini hamarlaşdırmaq üçün bürokratik süründürməçiliyə son qoyacağını vəd etmişdi.
“Mən Babis-i birinci dəfə görəndə və ona qulaq asanda düşündüm ki, o da bizdən birisidir. O, kiçik biznesə köməklik edəcək. Lakin bu heç də belə olmadı “.
Kokes deyir ki, onlayn satışların mərkəzləşdirilmiş reyestri, həmçinin ƏDV ödənişlərinə aylıq nəzarət Çexiya şirkətlərinə kömək etmir, əksinə mane olur.
Babis ölkəni biznesi kimi idarə etməyi vəd edir. Onun sözlərinə görə, yeniliklər vergilərin toplanmasına və Çexiya büdcəsini təkmilləşdirməyə imkan yaradıb: hazırda iqtisadiyyat inkişafdadır, həyat səviyyəsi yaxşılaşır.
Onun şəxsi maliyyəsilə bağlı vəziyyət o qədər də aydın deyil.
Böyüyən aqrokimyəvi imperiayadan savayı o, iki gündəlik qəzetə və bir radiostansiyaya başçılıq edir.
Lakin məhz ona məxsus “Leylək yuvası” ferması və konfrans mərkəzi onun maliyyə naziri karyerasına son qoyub.
O, rəsmən Avropa İttifaqından (Aİ) subsidiya vəsaitləri alarkən fırıldaqçılıqda ittiham edilib.
Babis deputat toxunulmazlığından məhrum edilib.
Hazırda Forbes jurnalının hesablamalarına görə sərvəti 4,1 milyard dollar olan sahibkar Çexiya polisinin və Aİ-nın fırıldaqçılıqla mübarizə bürosunun apardığı iki istintaqın əsas fiqurudur.
Biznesmenin mətbuat katibi və onun üzvü olduğu ANO partiyasının deputatları BBC-nin müsahibə xahişinə cavab verməyiblər.
Babis özü isə ünvanına səslənən bütün ittihamları qətiyyətlə rədd edib, bunu əleyhdarlarının apardığı kampaniyanın hissəsi adlandırır.
O, əvvəlki kimi arzusunda olduğu vəzifəyə dönməyə cəhd göstərir.
“İşləmək bacarığına, möhkəmliyinə, idarə etmək bacarığına görə, onunla müqayisə ediləcək çox az siyasətçi var “, – deyə Avropa Parlamentində ANO partiyasını təmsil edən Pavel Telitska seçkilərə bir həftə qalmış Babis-lə mübahisə etməmişdən əvvəl deyirdi.
Mübahisəyə səbəb isə xarici siyasət olmuşdu.
“Çox az çex siyasətçisi onun kimi bir neçə dildə danışa bilər. Çox az adam mobil telefonunda Almaniya maliyyə naziri Wolfgang Schaeuble və ya Fransa prezidenti Emmanuel Macron-un telefon nömrəsinin olmasıyla öyünə bilər” ,-deyə Telitska BBC-yə bilirib.
“Başlıca məsələ onun baş nazir olan zaman hökuməti hansı istiqamətdə aparmasıdır. Və bu son aylarda baş verənlərdən və bizim aramızda yaranan fikir ayrılıqlarından sonra mənim üçün əsas məsələdir “, deyə o əlavə edib.
Çexiya siyasi səhnəsində hər kəs Babis-ə münasibətini müəyyən etməyib. Pavel Telitska-dan fərqli olaraq o, məsələn ölkənin avroya keçməsinin əleyhinədir. O, Aİ-nın qaçqınların qəbul edilməsi kvotalrına qarşı sərt mövqe tutaraq müsəlman mühacirlərə düşməncəsinə yanaşır.
Lakin çex siyasətçiləri üçün bu cür fikirlər az qala adiləşib – əks mövqe təəccüb doğurardı.
Babis-in digər məsələ, məsələn, Rusiya ilə münasibətlərindəki mövqeyi də başa düşülən deyil.
“Babis Kremlin adamı deyil “, – deyə Çexiyanın liberal həftəlik Respekt qəzetində Babis haqqında çoxlu məqalə yazan Ondrey Cundra iddia edir.
“Digər tərəfdən onu Avropa tərəfdarı adlandırmaq da düzgün deyil. O, hardasa mərkəzdə dayanır. Hal-hazırda biz Mərkəzi Avropada bir dənə də olsa xalq partiyasının hökumətdə təmsil olunmadığı tək ölkəyik.
Sözsüz ki, əgər Babis ultrasağçı SPD partiyası və ya kommunistlərlə koalisiya yaratsa bu dəyişə bilər.
O zaman biz əlbətdə ki, Macarıstanın yolu ilə gedə bilərik “, – deyə o əlavə edir.
Antonin Kokes öz çörəkxanasında həmçinin Avropadan, avroatlantizmdən, liberal demokratiyadan ayrılmaqdan ehtiyat edir.
“Bizim yol ayrıcında olduğumuzu düşünürəm. Dünya dəyişir. Mənə elə gəlir ki, çexlər qərar verməlidirlər, biz Aİ-nın bir hissəsi olmaq istəyirik, yoxsa başqa istiqamətdə irəliləməliyik “.
“Bəli, bu istiqamət Rusiya ola bilər. Lakin bu ünvansız istiqamət də ola bilər. Məsələ də elə bundadır “, – deyə o bildirib (BBC).