Cənubi afrikalı tələbə Sibongile Mani təqaüd hesablanması zamanı yol verilmiş səhv nəticəsində gözlənilmədən milyonçuya çevrilib. O iki aydan çox müddət ərzində universitet hesabına sözün əsl mənasında gözəl günlər yaşayıb. Lakin onun birdən-birə dəbdəbəyə çevrilmiş həyatı nəzərə çarpmaz olaraq qalmır. İndi tələbə qız təhsil müəssisəsinə borcunu ödəməlidir.
17 yaşlı Sibongile Mani Cənubi Afrikanın Mtata şəhərində Uolter Sisulu adına universitetdə mühasibatlıq işi öyrənir. O hər ay 108 ABŞ dolları dəyərində sosial təqaüd alır. Bu məbləğ isə ona yalnız qida və kitabla bağlı xərclərini qarşılamağa kifayət edir.
Sibongile Mani yayın əvvəlində öz bank hesabını yoxlayarkən burada əsl sərvətin olduğunu aşkar edir. Belə məlum olur ki, universitetin maliyyə məsələrini icra edən Intellimali şirkəti səhvən Maninin hesabına 1,1 milyon dollar köçürüb. Bununla da, Sinbongile Mani iyun ayının 1-dən avqustun 13-ə qədər Afrikanın ən zəngin tələbəsinə çevrilir.
Tələbə qız səhvin baş verməsi ilə bağlı heç kimə məlumat verməməyə qərar verir. Bunun əvəzində o özünə yeni əşyalar, dostlarına isə hədiyyələr alır, əyləncələr təşkil edir. Lakin onun bu əyləncəli həyatı diqqətsiz ötüşmür. Universitetdə şayiələr başlayır və nəticədə kimsə Maninin qəbzində onun hesabında çox pulun olduğunu aşkar edir.
Tezliklə Manini təqaüdlə təmin edən proqramın nümayəndələri məsələdən xəbər tutur. Universitet belə bir “dəhşətli” səhvin necə baş verə bildiyini anlaya bilmədiyini bildirib. Artıq qızın hesabından geri qalan məbləğ silinib. O xərclədiyi miqdarı isə geri qaytarmalıdır.
©banker