Fotolarda saçları rəngləməyə imkan verən “Teleport” mobil proqram əlavəsi “App Store” və “Google Play”də yerləşdirildikdən sonra qısa vaxt ərzində böyük populyarlıq qazanıb.
Lent.az-ın xəbərinə görə, 10 gün müddətində “Teleport” 1,5 milyon dəfə yüklənib. Nəticədə avqustun 1-nə olan məlumata əsasən “Teleport” “App Store”un pulsuz əlavələr reytinqində 2-ci yerə, “Google Play”də isə 8-ci yerə yüksəlib.
“Teleport” istifadəçilərə öz fotoları üzərində müxtəlif əməliyyatlar etməyə – saçların rəngini, fotonun arxa fonunu dəyişməyə, fotodakı insan(lar)ı müxtəlif yerlərə (məsələn, Paris, çimərlik və ya başqa görməli yerə) “sürüşdürməyə” imkan verir. Layihənin yaradıcılarından biri olan Viktor Kox bildirib ki, “Teleport” üzərində 7 ay işləyiblər. O, hələ ki işi davam etdirdiklərini söyləyib.
“Teleport” ABŞ-da qeydiyyatdan keçib və bu ölkənin iri texnoloji şirkətlərindən biri tərəfindən satın alınmağı gözləyir. Daha əvvəl layihəyə 1 milyon dollar investisiya yatırılıb. Əsas sərmayəçi qismində Azərbaycanda doğulmuş tanınmış rusiyalı iş adamı Qod Nisanovun yaxın qohumu Albert Nisanov çıxış edib.