Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Bəs vətəndaşın heç bir fəaliyyəti yoxdursa, VÖEN-i necə bağlaya bilər?
Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi kimi fəaliyyətin müvəqqəti dayandırılması və ya fəaliyyətə xitam verilməsi üçün yerinə yetirilməli olan hərəkətlər fərqlidir.
Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqqında müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.
Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisi uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.
Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş” göndərilir.