Biznesin gizli açarı

Date:

Paylaş:

Bizneslə məşğul olmaq istəyən şəxs ilk növbədə, biznes psixologiyasını dərindən öyrənməli və dərk etməlidir. Çünki hansı biznes sahəsini seçməyimizdən asılı olmayaraq, “sahibkarlıq uğuru ” üçün biznes psixologiyasını bilmək əsas şərtdir və özümüzü psixoloji cəhətdən buna hazır hiss etməliyik. Öz biznesimizin psixologiyasına bələd olmaqla, qazanacağımız uğurlara müştəriləri cəlb etmək, heyət işinin səmərəliliyini artırmaq, komandamızı motivə etmək kimi nailiyyətlər əldə etmiş oluruq.

Psixologiya biznesin ən qabaqcıl və mühüm sahələrində özünü göstərir. Bu isə, o deməkdir ki, bizneslə məşğul olmaq istəyən şəxs qarşısındakı partnyora təsir etmə, gizli idarə etmə kimi psixoloji məqamları bilməli və öyrənməlidir. Beləliklə, biznesin psixologiyasını bilmək, həmin biznes sahəsinin “gizli açarını” əldə etmək deməkdir.  Biznesmenin hüquqi normaları bilməsi vacib amildir. Hər cür yollarla gəlir əldə etmək istəyi ümumbəşəri əxlaq normalarına və Azərbaycan Respublikasının Qanunvericiliyinə ziddir və qəbuledilməzdir.

Belə ki, dövlətin milli mənafeyinə ziyan vuran sahələrdə bizneslə məşğul olmaq qanunla qadağan olunmuşdur. Buraya, narkotik maddələrin, silah qaçaqmalçılığı, insan alveri və s. daxildir. Hər kəsin bildiyi kimi bunlar biznes fəaliyyəti sahəsində çoxlu gəlir gətirsə də, insan cəmiyyətinə böyük fəlakətlər gətirir. Məsələn, narkomaniyanın geniş yayılması, insanların sağlamlığının pisləşməsi cəmiyyətin məhvinə səbəb olur. Silah istehsalına gəldikdə isə bu yalnız dövlətin nəzarəti altında olmalıdır. Eyni zamanda çöl heyvanlarının gizli yolla ovlanıb satılması, uşaq oğurluğu və bu kimi qeyri-insani hərəkətlər dövlət tərəfindən ağır cəzalandırılır. Sadaladıqlarımız  “gizli biznes” adlanır və qanunla qadağan olunub. Odur ki, bu bizneslə məşğul olmaq tövsiyə olunmur. Buna görə biznesmenlərin bağladıqları müqavilələr təkcə öz xeyrinə deyil, dövlətin mənafeyinə də uyğun olmalıdır.

Seçəcəyimiz biznes sahəsi üçün reklam və özümüzə əminlik mühüm şərtdir. Reklam məhsulumuzun digərlərinə çatdıra biləcək ən gözəl yoldur. Reklam üçün seçəcəyimiz sözün asan və yadda qalan olmasına diqqət yetirməliyik. Ən əsası planlaşdırmağı və vaxta qənaət etməyi elə ilk gündən özümüzdə formalaşdırmalıyıq. Bununla, işin effektivliyini analiz edə və nəticəsini təhlil edə bilərik.

Planlaşdırmaq dedikdə, biznesin iş planı nəzərdə tutulur. Deyək ki, yaxın 3-4 ay ərzində edəcəyimiz işləri planlayırıq və hansı nəticələri gözlədiyimizi müəyyən edirik. Ekspertlərin bildirdiyinə görə, biznesə yeni başlayanlar hələ heç kimin ağlına gəlmədiyi bir ideya tapmağa çalışmamalıdır. Çünki bu ideyalar iflas etməyə gətirib çıxara bilər. Şəxsi kapital olmadan biznesə başlamaq da riskli iş hesab olunur. Ümumilikdə, dünyada son illər müşahidə olunan iqtisadi proseslər fonunda çalışmaq lazımdır ki, ölkədə real sektoru seçək və inkişafına nail olaq.

Azərbaycan iqtisadiyyatı günbəgün inkişaf edir və bazarda sahibkarlar üçün yeni-yeni imkanlar açılır.  Düşünürəm ki, ölkəmizdə turizm sahəsini seçmək daha real və məqsədəuyğundur. Azərbaycanda son dövrlər insanların istirahət seçimində ciddi dəyişikliklər olub. Belə ki, öncələr kəndə getmək, bağa getmək istəyirdiksə , indi səyahət etməyə üstünlük veririk. Bütün bunları nəzərə alaraq,  vətəndaşlarımıza gözəl xidmət təklif edərək daxili turizmi xeyli inkişaf etdirmək mümkündür.

Azərbaycanın turizm sahəsində dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı var. Belə ki, zəngin təbii sərvətlərimiz,qədim tarixi və memarlıq abidələrimiz, mentalitetimiz, əlverişli ictimai-coğrafi mövqeyimiz, Xəzərin sahil zonaları ölkəmizdə turizmin inkişafında mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə ölkəmizin güclü turizm potensialına malik olduğunu bir daha təsdiq edir. Ölkəmizin ayrı-ayrı bölgələrində yerləşən nadir memarlıq abidələrimizə- Qobustan qayaüstü təsvirləri, qədim insan məskənləri və s. aiddir. Bundan əlavə, qədim incəsənət nümunələrimiz, mineral sularımız, palçıq vulkanlarımız da turistləri cəlb edir və maraqla qarşılanır. Bu gün turizm biznesi əhəmiyyətli dərəcədə yüksəliş dövrünü yaşayır. Çünki, bu biznes zahirən çox cəlbedici və böyük sərmayə tələb etməyən sahədir. Hazırda, turizm kütləvi xarekter daşıyır və ildən-ilə ölkəmizə səyahət etmək istəyən turistlərin  sayı artır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə turizm agentlikləri də çoxalır.

Azərbaycanda turizm biznesini necə qurmaq olar?

İlk əvvəl,  bu sahədə müəyyən biliyə malik olmalıyıq. Daha sonra açacağımız turizm şirkətinin ofisi üçün düzgün yer seçiminə xüsusi fikir veririk, mərkəzə yaxın olması məqsədəuyğundur. Bu sahə üçün əhəmiyyətli olan mövsüm məsələsi amilini nəzərə alırıq. Ekspertlərin bildirdiyinə görə, ənənəvi olaraq satışların çox olduğu vaxtlar avqust, iyul, dekabr, Iyun və mart aylarıdır. Ən zəif aylar isə aprel, yanvar və oktyabr aylarıdır.

Turistlərə yüksək keyfiyyətli istirahət təşkil etmək üçün mütəxəssislərin səyləri bir çox strukturların dəqiq və yaxşı təşkil edilmiş qarşılıqlı əlaqəsi tələb olunur. Turizm müəssisələri turistlərin gəzintisini, yaşamasını, ekskursiyaların təşkilini, qidalanmasını, sağlam istirahətini və digər lazımi şəraiti təmin etməlidir. Belə ki, sərmayə sərf edib, turizm müəssisəsi açmaqla, alıcıların imkanını nəzərə almaq şərtilə, turizm məhsulu yaradır, onu münasib qiymətə satmaqla gəlir götürürük və götürdüyümüz gəlirin bir hissəsini yenidən öz biznesimizin genişlənməsinə sərf edirik.

Hazırda bazarda oxşar qiymətə oxşar turlar təklif edən çoxlu sayda turizm agentliklərinin olmasını nəzərə alaraq  sizin gələcək turizm biznesinizin xoş, xarici, cəlbedici olması çox vacibdir.  Əlbəttə ki, işə götürdüyünüz menecerlərin, marketing menecerlərinin, reklam menecerlərinin, təşkilatçıların yüksək səviyyədə  peşəkarlığı çox mühüm amildir. Belə ki, işə götürdüyünüz mütəxəssislərin xoş xarici görünüşü, yaş həddi, müvafiq sahə üzrə təhsili, bu sahə üzrə təcrübəsi nəzərə alınmalıdır. Turizm fəaliyyəti ona qoşulması asan olan biznes hesab olunur. Bu biznes üçün 10-15 min manatlıq ilkin kapital kifayət edir. Sərf etdiyimiz sərmayənin 25-30%-i isə reklama xərclənməlidir. Çünki reklam turizmin əsas hərəkətverici qüvvəsidir. Belə ki, ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün reklam yaxşı təbliğat vasitəsidir. Bu baxımdan turizm sahəsindədə reklam əsas yer tutur.

Xatırladaq ki, bir çox ölkələr reklam kampaniyalarının mövzularını işləyib hazırlayır. Buna misal olaraq, Almaniyanı göstərə bilərik. Bu ölkə uzun illərdir ki, öz ölkəsini romantik bir diyar kimi reklam edir və çoxlu sayda turist cəlb edə bilir.  Həmçinin, İsveçrə özünü qış turizm ölkəsi, göllər diyarı kimi tanıdır və bunun hesabına qazanc əldə edir. Odur ki, təkcə turizm sahəsində deyil, digər sahələrdə də reklam aparıcı rol oynayır. Bütün bunları nəzərə alaraq reklam işinə xüsusi diqqət yetirmək lazımdır. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda turizm müəssisələrinin çoxluğuna baxmayaraq, turizm sahəsinin inkişafı heç də ürəkaçan deyil və ləng inkişaf edir. Buna əsas səbəb kimi biznesmenlərin bu sahəyə az maraq göstərmələri, digər səbəblər kimi isə turizm agentliklərinin reklamı zəif təşkil etmələri satışa çıxardığı məhsuldan yüksək mənfəət qazanmaq istəyini göstərmək olar.

Unutmamalıyıq ki, Azərbaycanda turizmin inkişafı təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Belə ki, çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə tanıdılmasına böyük ehtiyac var. Çünki, torpaqlarımızın bir qismini işğal edən və işğalçılıq siyasəti yürütməkdə davam edən Ermənistan dövlətinə qarşı əks təbliğat və təşviqat  işləri aparmaq, ölkəmiz haqqında reallıqları, həqiqətləri dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin çox mühüm əhəmiyyəti var.

Bildiyiniz kimi, turizm səfərlərinə gələn turistlərin əksəriyyəti öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır.

Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanımızı bütün dünyaya tanıtmış oluruq.

Müəllif: Elnarə Bayramova

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...