İnternet, onlayn ticarət və başqa yeni satış üsullarının inkişafına baxmayaraq, supermarketlər hələ də insanların alış-verişində mühüm yer tutur.
Ənənəvi olaraq gəlirli biznes sayılan supermarketlərin təqribən 140 il bundan əvvəl yaranması təkcə ticarət deyil, əmlak bazarına da böyük dəyişikliklər gətirib.
Müştəriyə baxıb qiymət deyilirdi
Supermarketlər bizim öyrəşdiyimiz formaya düşənə qədər uzun inkişaf yolu keçiblər. Amma ən maraqlısı odur ki, ticarət sektoruna belə dəlisov yeniliyin müəllifi utancaq və fərasətsiz bir gənc idi. Bu, sonradan ixtirası nəticəsində multimilyonçuyua çevrilmiş Frenk Vulfortdur.
Vəziyyətin necə dəyişdiyini təsəvvür etmək üçün 1870-ci illərə qayıtmaq lazımdır. Həmin vaxt mağazalar tamam fərqli qaydada işləyirdilər. Malların üzərində qiymət göstərilmirdi, alıcılar malların yanına keçə bilmir, hər dəfə malların qiymətini satıcıdan soruşmalı olurdular.
Ən maraqlısı da odur ki, satıcılar müştəriyə qiymət deməzdən əvvəl diqqətlə ona baxıb ödəniş qabiliyyətini – varlı və ya kasıb olmasını dəqiqləşdirir, sonra qiymət deyirdilər. Nəticədə bəzən eyni mal müxtəlif alıcılara fərqli qiymətlərə satılırdı. Bu hal Frenk Vulfortun dahiyanə ixtirasıına qədər davam etdi.
Ayda 6 dollara işləyən fərasətsiz satıcı
Frenk Vulvort 1852-ci ildə ABŞ-ın Vaşinqton ştatının Rodman şəhərində anadan olub. 21 yaşınadək kənddə yaşayandan sonra burada inkişaf olmadığını görüb, şəhərə – Pensilvaniyanın Lankaster şəhərciyinə üz tutub. Nə peşəsi, nə də təhsili olmadığından utancaq və sakit gənc kiçik bir mağazaya işə düzəlir. Frenk mağazada ən fərasətsiz satıcı sayılırdı. Mağaza sahibinin «mənim ayda 6 dollar maaş verdiyi işçilər arasında ən az satış edən və ən fərasətsiz birisən» -sözləri artıq adi hala çevrilmişdi. Bir dəfə iş yerində Frenkin huşunu itirməsi isə mağaza sahibinin səbr kasasını daşdırır. O bildirir ki, satıcıya sonuncu şans verir, sabah tək işləyəcək və satış həcmi başqalarından az olsa, onu işdən azad edəcək. Frenk dəhşət içində idi, mağazada tək qalmaq, alıcıları səsləmək və qiymət danışmaq onun işi deyildi.
«Hər şey 5 sentədir»…
Əvəzində o başqa çıxış yolu tapdı. Frenk həmin gün mağazaya çox tez gələrək bütün malların üzərinə endirim edilə bilən ən aşağı qiyməti yazdı. Üstəlik, anbarda yatıb qalan malların hamısını mağazanın ortasındakı böyük masanın üstünə yığdı və üzərinə «Hər şey 5 sentədir» yazısı olan lövhəcik asdı. Masanı elə yerə qoydu ki, pəncərədən görünsün. Mağazanın qapıları açılanda Frenk hələ də şübhə edirdi, amma bir anda şübhələr aradan qalxdı. Pəncərədən «Hər şey 5 sentədir» yazısını görən alıcılar buraya axışdılar və indiyədək anbarda yatıb qalan bütün mallar bir neçə saata satılıb qurtardı. Alıcılar artıq qiymət soruşmur, qiyməti aşağı salmağı xahiş etmirdilər, onlar sadəcə malı göstərib, pulu ödəyirdilər.
Nəticədə bir günün satış həcmi az qala həftəlik plana çatdı. Bu- ticarət sektorunda əsl inqilab idi. Baş verənlərdən heyrətə gəlmiş mağaza sahibi qiymət kağızlarını daha gözəl hazırlamağa tapşırdı. «5 sentlik satışlar» ildürüm sürəti ilə artırdı.
Frenk Vulvort deyil, «Woolworth»!
Müvəffəqiyyətdən ruhlanan Frenk Vulvort mağazada işdən çıxaraq, 300 dollar borc almaqla öz mağazasını açdı, ikinci mağaza Filadelfiyada, sonra isə başqa yerlərdə açıldı. 1886-cı ildə Vulvortun 5 mağazası, 1895-ci ildə 28 mağazası vardı. Vulvort imperiyasının əsası qoyuldu….
Frenkin bütün mağazaları eyni sxemlə işləyirdi – mallar rəflərdə açıq düzülmüşdü, qiymətləri üstündə yazılmışdı, alıcılar özləri mallar yaxınlaşıb istədikləri qədər toxuna, götürüb baxa bilərdilər. Beləliklə, dünyada ilk dəfə olaraq ticarətdə özünəxidmət sistemi işə düşdü. Bu dəyişikliklər, xüsusilə də, qiymətin malın üstünə yazılması bütün dünya ticarətini kökündən dəyişdi.
«Beş sent kralı»
Vulvort mağazalarının digər fərqli cəhəti o idi ki, burada həmişə hansısa qrup mallara endirim edilir və onlar cəmi 5 sentdən satılırdı. Məhz buna görə ABŞ mətbuatı Frenki «beş sent kralı» adlandırdı.
Bundan başqa, mağazalarda qiymətlər 2 həftədən bir dəyişirdi. Hər hansı mala tələbat azalan kimi, ona endirim kampaniyası başlayırdı. Vulvort bahalı deyil, ucuz işçilər toplayırdı – onların işi sadəcə rəflərdə malların kifayət qədər olmasına nəzarət etmək idi.
Mağazadan çıxışda müştərilərə bir neçə kassir xidmət edirdi.
Bundan başqa mağazada hər axşam hesabat verilirdi ki, baş verən yeniliklərə dərhal reaksiya verilsin, eləcə də satışda çoxsaylı eksperimentlər edilirdi.
«Woolworth-building» və ABŞ prezidenti
Nəticədə, 1900-cu ildə Vulvortun mağazalarının sayı 50-ni, dövriyyəsi isə 5 milyon dolları keçdi.
1919-cu ildə, Vulvort vəfat edərkən onun ABŞ, Kanada və İngiltərədə mindən artıq mağazası, 65 milyon dollar varidatı vardı. Elə indi də bu marka altında Britaniya və Avstraliyada mağazalar var. Vulvort təkcə mağazaları ilə məşhur deyildi. 1913-cü ilin aprelində Nyu-Yorkda ən byöük göydələn «Woolworth-building» inşa edildi. 238 metrlik binanın açılışında ABŞ prezidenti Vudrou Vilson şəxsən iştirak edirdi. Burada ABŞ-ın 4 mindən artıq ən sanballı şirkəti icarədə idi.
Göydələnin zirvəsindəki baxış meydançasına gündə min nəfər turist gəlirdi. Onlardan heç kim binadan suvenirsiz getmirdi. Həmin suvenirlər binanın aşağı mərtəbələrində yerləşən çoxsaylı mağazalarda satılırdı. «Vulvortun Evi» indi də Nyu-Yorkun ən görməli yerlərindən sayılır.
25 sentdən 8 sentə – pis ticarət deyil.
Vulvortun gətirdiyi daha bir yenilik onun istehsalçılarla eksklüziv müqavilələr bağlaması oldu. Belə ki, bir dəfə qayçıların sürətlə satıldığın görən Frenk Almaniyaya, qayçı istehsal edən zavoda yola düşdü. «Bu qayçılardan böyük partiya alsam onları mənə neçəyə satarsınız» sualına zavod sahibi «16 sentdən» cavabını vermişdi. «Bəs zavodun bütün illik istehsalını alsam necə?» – «8 sentdən satarıq» cavabı gəldi. Bununla da malları ən aşağı qiymətə almaq baş tutdu.
«Milad Bayramı» da əsl biznesə çevrildi
Əvvəllər Vulvortun mağazalarında yalnız təsərrüfat malları satıırdı. Bununla yanaşı, oyuncaq zavodunun sahibi Frenki mağazalarda oyuncaq da satmaq üçün dilə tuturdu. Vulvort yoxlamaq üçün cəmi 25 dollarlıq mal götürdü. Həmin dövrdə Yeni İl indiki kimi qeyd edilmirdi. Bu barədə qəzetdən elanlar verilmir, endirimlər olmurdu. Amma oyuncaqlar bir anda satıldı.
3 ildən sonra Vulvortun mağazaları Milad bayramı üçün 80 min dollarlıq mal sifariş etdi, 10 ildən sonra bu rəqəm 2,5 milyon dollara çatdı. Amma başlanğıcda – 1891-ci ildə Vulvort işçilərini təlimatlandırırdı – bu sözlər ameriki ticarəti üçün yeni qanun olacaqdı – «Bu dövr (milad ərəfəsindəki dövr) bizim məhsul yığımı ayıdır. Elə edin ki, o bizə gəlir gətirsin. Mağaza bayramsayağı bəzədilməlidir. Yolka qurub bəzəyin. Elə edin ki, mağaza başqa cür görünsün. Bu, yatıb qalmış malların satışı üçün yaxşı vaxtdır. Çünki ajiotajda elə malları satmaq asandır, amma başqa vaxt bunu etmək çətin olacaq. Sınmış oyuncaqları və kuklaları dərhal təmir edin». Bütün bunların nə ilə nəticələndiyi artıq məlumdur….
İlk özünəxidmət mağazasının tarixçəsi
100 il əvvəl isə ABŞ-da ticarət tarixinin növbəti önəmli hadisəsi baş verdi. 1916-cı ilin sentyabrında Tenessi ştatında biznesmen Klarens Sonders tam özünəxidmət prinsipi ilə işləyən ilk ərzaq mağazasını «Piggly Wiggly»ni («Qırxılmış Donuz» deməkdir) qeydiyyata aldırdı. İndiki qaydalara görə bu ad supermarket üçün qətiyyən uyğun gəlmir, amma o vaxt işlədi. Klarens Sondersin təklif etdiyi üsul o vaxtadək görünməmişdi. Burada hər şey əksinə idi. Açıq rəflər, mallar, istədiyini götürüb baxa bilərsən, sonra ya yerinə qoymaq, ya da özünlə aparmaq olardı. Alıcılar bundan ləzzət alırdılar. Doğrudur, Sondersin ideyası az qala fəlakətlə bitəcəkdi. Məsələ ondadır ki, bəzi alıcılar açıq düzülmüş malları oğurlamağa başladılar və mağaza böyük zərərlə üzləşdi. Amma məsələ tezliklə yoluna qoyuldu və indiyədək gəlib çıxan «Piggly Wiggly»nin ABŞ-ın 17 ştatında 600-dən çox mağazası var.
Ticarətdə «təkərli inqilab»
Supermarketlərlə bağlı daha bir kiçik inqilab – 1936-cı ildə Oxlakomadakı mağaza sahibi Silvan Qodman tərəfindən arabacıqların ixtirası oldu. Mağaza arabası alıcıya mağazanı istədiyi qədər gəzməyə və istədiyi qədər mal götürməyə imkan verirdi. Nəticədə alıcılar mağazada daha çox vaxt keçirməyə deməli daha çox mal almağa başladılar.
Çörəkdən tutmuş, kondisionerə qədər
Supermarketlərdə satılan malların çeşidi də artırdı. Bu öz-özünə baş verməmişdi. Müharibədən sonra ABŞ-da ərzaq qıtlığı olanda supermarketlərdəki boş rəfləri gigiyena və kosmetik mallarla doldururdular. Alıcılar yeniliyi bəyəndilər və supermarketlərdə bundan sonra da təkcə ərzaqlar deyil, gündəlik tələbat malları, hətta vallar və açıqcalar da satılmağa başlandı.
İndi isə ticarət şəbəkələrinə evə lazım olan hər şey var – alıcı buradan çıxıb başqa mağazaya üz tutmamalıdır. Ona görə də hipermarketlərdə çörəkdən tutmuş geyim və kondisionerə qədər minlərlə çeşiddə mallar satılır.
Avropada supermarket dövrü başlayır
Okeanın bu tərəfində – Avropada isə supermarket dəbi 50-ci illərdə, qitə dağıdıcı müharibənin təsirindən ayılandan sonra başladı. 1951-ci ildə keçmiş hərbi dənizçi Patrik Qalvani Londonun cənubunda o vaxt üçün qeyri-adi mağaza – ABŞ-dakıü supermarketin oxşarını açdı. Yenilik alıcıların böyük marağına səbəb olmuşdu – «High Road» adlanan mağazanı həmin gün 1500 alıcı ziyarət etdi. Həmin vaxtlar Britaniyada adi mağazalar sahiblərinə gündə 100 funt gətirirdisə, Qalvani gündə 1000 funt qazanırdı.
Satıcıların qazanc hiylələri
Supermarket sahibləri boş oturmurdular. Alıcıları cəlb etmək, onları mağazada daha çox saxlayıb, daha çox satış etmək üçün yeniliklər yarandı. Məsələn, qapılar elə yerəşdirilir və mallar elə düzülür ki, gündəlik alınan malların yanına getmək üçün alıcı bütün mağazanı dolanmalı olur. Nəticədə daha çox mal görür və onları almaq ehtimalı artır. İkincisi, supermarketlərdə malların yerlərini tez-tez dəyişirlər ki, alıcılar onları axtarında yeni mallar görüb alsınlar və sair. Bunlar həmin sahənin kiçik hiylələridir.
Ticarət inqilabına fransızların cavabı
Belə böyük hipermarket ilk dəfə 1963-cü ildə Fransada, Paris yaxınlığında işə düşdü. «Carrefour» adlanan hipermarketin sahəsi 2,5 min kvadrat metr olmaqla ənənəvi böyük mağazaları 3 dəfə üstələyirdi. Həmin illərdə Belçika və ABŞ-da da belə böyük marketlər işə düşdü. Amma «Carrefour» daha sürətlə inkişaf etdi – 2012-ci ildə 2166 mağaza ilə 76,1 milyard dollarlıq dövriyyə edib, 1,2 milyatd dollar qazandı.
ABŞ-ın isə öz riteyl nəhəngi yaranmışdı – 4069 mağazası olan Wal-Mart 2012-ci ildə 466 milyard dollarlıq satış edərək 17 milliard dollar qazanıb.
Özü açılan qapılar, ştrix-kodlar
Yeni texnologiyalar da supermarketlərin görünüşünü dəyişdi və prosesi rahatlaşdırdı. Burada kondisionerlər və özü açılıb-bağlanan qapılar quraşdırıldı. Açıq soyuducuların yaranması ilə müştərilərə daha çox meyvə-tərəvəz və süd məhsulları göstərmək mümkün oldu. Çörək məmulatları isə elə süupermarketdə bişirilirdi. Hazır yeməklərin alına biləcəyi bölmələr ilşə düşdü. Kassalarda ştrix kodları oxuyan aparatların tətbiqi isə alıcıları sürətlə yola salmağa imkan verdi. Artıq adamlar hipermarketlərə gündəlik deyil, həftəlik bazarlıq üçün gəlməyə başladılar.
5 futbol meydançası ölçüsündə hipermarketlər
Bu qədər çeşidin yerləşməsi üçün mağazaların sahəsi bir neçə min kvadrat metr olmalı (hazırda orta hesabla 5 min kvadratmetr) və bunlar mümkün olduğu qədər bir mərtəbədə yerləşməli idi. Nəticədə əgər 50-ci illərdə ABŞ-da supermarketlərin sahəsi orta hesabla 2 min kvadratmetr idisə və burada 6 min adda mal satılırdısa, 60-70-ci illərdə sahə 2800 m²-ə, çeşid sayı isə 8 minə çatdı. Hazırda super-hipermarketlərin sahəsi 4-20 min kvadratmetr arasında, mal çeşidi isə 25-150 min arasında dəyişir. Avropanın ən böyük hipermarketi Tesco olaraq İrlandiyanın Neyse şəhərindədir – 67 min kvadratmetr. Asiyanın ən byöük hipermarketi isə Malayziyanın Şah-Alam şəhərindəki «GiantTiger»dir – 112 min kvadratmetr.
Belə böyük sahələri şəhərdə tapmaq çətindir, ona görə də hipermarketlər şəhərin kənarlarında yaradılmağa başladı. Alış-veriş üçün şəhər kənarına çıxan şəxslər uşaqları evdə tək qoymamaq üçün bura uşaqları ilə gəlirdilər və nahar etmək üçün geri qayıtmamalı idilər. Ona görə də hipermarketlərdə kafe-restoran, aptek, kinoteatr və uşaqlar üçün əyləncə yerləri də yaradıldı.
Yeni ticarət dünyası
Əlbəttə ki, supermarketlər ticarət tarixinin son yeniliyi deyil. İnternetin inkişafı ilə satış üsulları da dəyişir. Əvvəllər internetdə yalnız qeyri-ərzaq malları almaq olurdusa və supermarketlər bu məsələdə özlərini rahat hiss edirdilərsə, indi sürətli çatdırılma üsullarının tətbiqindən, eləcə də ərzaqların yeni qablaşdırma formaları yaranandan sonra ərzaq malları da internetlə satılmağa başlayıb. Nəticədə 2014-cü ildə amerikalılar lazım olan malların 19%-ni internetlaə alırdılarsa, indi bu göstərici 50%-ə çatır. Üstəlik, alış prosesi də avtomatlaşır – artıq supermarketə getməkdənsə, malları telefondakı tətbiqlə sifariş populyarlaşır. Ən maraqlısı odur ki, bəzi tətbiqlər özləri hesablayır ki, artıq evdə hansısa mal bitmək üzrədir və onu almaq lazımdır.
İnternet ticarətin supermarketlərdən daha bir üstünlüyü – alıcılara sonsuz sayda, minlərlə mal təklif edə bilməsidir. Heç bir supermarket fiziki olaraq bunu bacarmaz.
Amma supermarketlər də müasirləşirlər. Bəzi şirkətlər ənənəvi ticarətlə yanaşı, malların onlayn satışına da başlayıblar. Başqa sözlə, 140 il əvvəl yaranan supermarketlər hələ uzun illər tiarət və əmlak bazarının mühüm hissəsi olacaq.