Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Agentlik yanında İctimai Şuranın və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə “Qida təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilir.
Bizplus.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, indiyə qədər Azərbaycanda qida sahəsində 10 mindən çox kiçik və orta biznes (KOB) subyekti qeydiyyatdan keçib və onların maraqları daima qorunur.
KOBİA rəhbərinin sözlərinə görə, bu kimi sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin genişləndirilməsinə zəruridir: “Bu məqsədlə yaxın günlərdə Xaçmazda ilk KOB İnkişaf Mərkəzi açılacaq”.
Bundan başqa, O.Məmmədov qeyd edib ki, ölkədə KOB-ların istehsal etdiyi qida məhsullarının satışında problemlər var: “KOB-lar xüsusilə iri market şəbəkələrinə çıxışda çətinliklərlə üzləşirlər. Məhsulların keyfiyyətli formada qablaşdırılmasında, istehsalın davamlılığında, çatdırılmasında problemlər var. Lakin bu problemlərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Xoşagəlməz halların aradan qaldırılması üçün tənzimləmə alətlərinin təkmilləşdirilməsinə, eləcə də ticarət şəbəkələrinə giriş ilə bağlı dövlət dəstəyi mexanizmlərinə ehtiyac var və bu istiqamətdə Agentlik təkliflər hazırlayıb”.