Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda bu səlahiyyət AMB-dədir) Azərbaycanın iri holdinqi olan “Gilan Holding” MMC-yə dair daha bir cərimə protokolu tərtib edibmiş. Cərimənin məbləği isə 632 209,6 dollar, 9149,7 dollar və 1702,24 dollar təşkil edib.
Bizplus.az xəbər verir ki, 1 noyabr tarixində iki dəfə olmaqla və 8 noyabr 2019 cu il tarixdə Yasamal Rayonu Məhkəməsində verilən qərara əsasən “Gilan Holdinq” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cərimələnəcək. Bir neçə sahə üzrə fəaliyyət göstərən iri holdinq Palatanın bu qərarı ilə yenidən razı qalmayıb və apelyasiyaya müraciət etməli olub.
MBNP Azərbaycan Prezidentinin 28 noyabr 2019-cu il tarixindəki fərmanına əsasən ləğv edilib və onun bütün funksiya və səlahiyyətləri demək olar ki əvvəlki yiyəsi – Azərbaycan Mərkəzi Bankına qayıdıb.
Hazırda “Gilan Holding”lə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsində baxılır.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarılır.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, bu holdinq 2005-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı hazırda 98,48 mln. manatdır.