“Mənim üçün biznesdə ən çətin şey insanların sterotiplərini qırmaqdır”-Müsahibə

Date:

Paylaş:

Bu dəfə ki müsahibimiz “Free to Travel”, “Buta Art & Sweets” və  “Social Business Youth Center” layihəsinin təsisçisi, “NAYORA”nın Gənc elçilər proqramının üzvü, “EU Neighbours East” layihəsinin gənc avropalı səfiri Sara Rəcəblidir.

  1. Sara xanım, zəhmət olmasa özünüz haqqında məlumat verə bilərsinizmi?

Adım Sara Rəcəblidir, 22 yaşım var və sosial sahibkar kimi fəaliyyət göstərirəm. 2013- cü ildə Turizm Universtetinin Turizm və Otelçilik ixtisasına daxil olmuşam

Sara Rəcəbli
Sara Rəcəbli
  1. Sizi “BUTA Art & Sweets”-i və Sosial Biznes Gənclər Mərkəzini yaratmağa ilhamlandıran nə olub?

Universitet illərində qarşıma məqsəd qoymuşdum ki, ictimai həyatda da müəyyən bir rolum olmalıdır. Bunun üçün də könüllük proqramlarına qoşulurdum. İlk könüllük təcrübəm  “UNESKO”-nun VIII Formu olmuşdu. Mən bu tədbirdə öz üzərimdə çalışmalı və beynəlxalq tədbirlərdə iştirak etməli olduğumu başa düşmüşdüm. Düzdü, bundan əvvəl mən məktəbli olanda Ukraynada keçirilən beynəlxalq layihəyəyə qəbul olunmuşdum, lakin iştirak edə bilməmişdim. Mənim dil biliklərim digər iştirakçılara nisbətən zəif idi və bu da istər-istəməz məndə çox güclü bir motivasiya yaratdı. Bundan sonra mən öz üzərimdə çalışmaq, yeni biliklər və mədəniyyətlər öyrənmək, daima səyahətə çıxmaq və inkişafa meyilli olmaq haqqında düşünürdüm. İlk öncə ingilis və alman dilləri üzərində çalışmağa başladım.

Sara Rəcəbli
Sara Rəcəbli

Bununla bərabər, mən Universitetdə elan oluna bir çox tədbirdə könüllü iştirak etdikdən sonra “DAAD” fondunun Almaniyadaki 1 semestrlik programına müraciət etdim. Bu proqram Universitetimizlə Almaniya Universitetləri arasındaki saziş əsaslı turizm iqtisadiyyatlı bir proqram idi və mən təqaüdlü proqramın qaliblərindən biri idim. Bu təhsil müddəti ərzində mən həm işləyirdim, həm təhsil alırdım, həm də səyahət edirdim. Elə mənim ilk iş yerimdə Almaniyada resepşn kimi çalışdığım otel oldu. Çox maraqlı kollektivi və iş mühiti var idi. 18 yaşımda qərara aldım ki, təqaüd və maaşımdan ayırıb, səyahətə xərcləyim və beləliklə həyatımda ilk dəfə solo səyahətə çıxdım. Çox limitli bir büdcə ilə 16 gün ərzində 8 ölkəni gəzdim. Bu səyahətlər ərzində pulsuz xidmətlərdən istifadə edirdim. Parisdə bir fransız vətəndaşı mənə yardım əlini uzatması mənim bütün fikirlərimi dəyişdi və avropa xalqlarına qarşı olan sterotiplərimi sındırdı. Həmin hadisədən sonra səyahətimi və təhsilimi bitirib, ölkəyə qayıtdım. Mənim I kursdan sosial sahibkarlıq layihələrini yaradılmasına olan marağım mənə bununla bağlı tədbirlərə qatılmağa sövq edirdi, lakin hansı problemə istiqamətlənən bir layihə olmasını müəyyənləşdirə bilmirdim. 2017- ci ildə Universteti bitirdiyim il mənim ağlıma xüsusi ehtiyyacları olan və bunu qarşılaya bilmiyən xanımlar üçün kiçik bir sosial sahibkarlıq layihəsinə başlamaq ideyası gəldi. Beləliklə, mən 160 manatlıq çox kiçik bir büdcə ilə işə başladım. İlk öncə biz sosial şəbəkələrdə elanlar yerləşdirdik, lakin bunun elə də faydası olmadı, buna görə də biz qeyri-hökümət təşkilatlarından yardım aldıq.

buta art and sweets
buta art and sweets
buta art and sweets
buta art and sweets

Tapdığımız xanımlarla və şəraitləri ilə tanış olduqdan sonra onların şirniyyatlarını alıb, şirkətlərə satırdıq. Fiziki şəxslərin şirniyyatlara qarşı müəyyən sterotipləri var, onlar düşünürlər ki, əlil insanlar yaxşı şirniyyat bişirə bilməz.  Biz bir-bir şirkətlərə zəng vurur, onlarla görüşür, tədbirlərə gedir, layihələrə qatılır, özümüz haqqında təqdimatlar edirdik. Tədricən heç kimdən aslı olmayaraq, inkişaf etməyə başladıq. Artıq bizim şirniyyatlarımız 13 ölkənin müxtəlif beynəlxalq tədbirində təmsil olunub. Hal-hazırda komandamızda 15 xanım çalışır və biz Azərbaycanı ilk dəfə BMT səviyyəsində sosial sahibkarlıq mövzusunda təmsil edən sosial biznes brendi olmuşuq, bundan əlavə Prezident tərəfindən mükafatlandırılan sosial biznes brendi adına da layiq görülmüşük.Təbii ki, çətinliklər çoxdu, amma biz bilməzdik ki, belə qısa bir müddət ərzində sosial sahibkarlıq layihəsi inkişaf edər. Bu cür inkişafdan sonra ötən ilin aprelində biz düşünüb, qərara aldıq ki, sosial sahibkarlıq konsepsiyasını daha da inkişaf etdirək və beləcə sıfır büdcə ilə “Social Business Youth Center” yaratdıq. Artıq biz 2-i uzunmüddətli olmaqla 40-dan çox tədbir, düşərgə, proqram hazırlamışıq. 3500-dən çox müraciət almış və 1200-dən çox iştirakçını əhatə etmiş, 3 ölkədə təmsil olunmuş, bir çox beynəlxalq təşkilatlarla, şirkətlərlə əməkdaşlıq etmişik. Bizim speakerlər həm yerli sahibkarlar, həm xarici ölkələrdən gələn sahibkarlar olub. Bizim məqsədimiz odur ki, bizim gənclər biznesi təkcə alış-verişdə görməsinlər.

  1. Sosial biznes layihə rəhbəri olmağın mənfi və müsbət tərəfləri nələrdir?

Ümumiyyətlə, mən sosial sahibkarlıq sahəsində mənfi tərəf görmürəm, lakin hər şeyin mənfi və müsbət tərəfləri olduğu kimi bu sahənin də müsbət və mənfi tərəflərini qeyd etməliyəm. Müsbət tərəfi odur ki, siz kiminsə həyatına  təsir göstərməklə bərabər humanizmi və sosial təsiri davamlı şəkildə həyata keçirirsiz və ən önəmlisi heç kimdən asılı olmursuz. QHT-lər donorlarla işləyir və onlar hər hansı sosial problemi həll etmək üçün mütləq kimdənsə aslı olur, amma siz sosial sahibkarsınızsa, heç kimdən asılı olmursunuz. Siz biznes modeli və sosial təsiri birləşdirərək cəmiyyətə müəyyən təsir göstərir və iz qoyursuz. İz qoymaq, kiminsə həyatına təsir göstərmək mənim üçün ən böyük müsbət tərəfdir.

Sara Rəcəbli
Sara Rəcəbli
Sara Rəcəbli
Sara Rəcəbli

Azərbaycanda,  xüsusən də sosial sahibkarlıq layihəsinin rəhbəri olmağın digər bir müsbət tərəfi odur ki, siz ilklərdənsiniz. Azərbaycanda hələ bu konsepsiya yetərincə inkişaf etmədiyinə görə ilk olmaq həmişə bazarda bizi irəliyə apardı. Düzdü, biz çətinlikdə görürük, bizi başa düşmürlər, müəyyən enerji sərf etməli oluruq, amma biz bilirik ki, biz ilklərdənik və zaman keçdikcə bazarda artıq digər insanlar bizdən örnək götürəcək. Mənfi tərəfləri isə odur ki, siz çox vaxt və enerji sərf etməli olursunuz ki, insanların həyatına təsir edib, onların düşüncəsini dəyişə biləsiniz. Mənə həmişə sual verilir ki, sosial biznesdə ən çətin şey nədir? Mənim üçün ən çətin şey insanların sterotiplərini qırmaqdır, çünki bu həm çox vaxt, həm də enerji aparır. Bu, təkcə bizdən aslı deyil, cəmiyyətimizin hazırlıq səviyyəsindən də aslıdır. Sosial sahibkarlıqda digər mənfi tərəflərdən biri də budur ki, sizə bu yolda istiqamət verəcək insanlar çox azdı və nəticə də siz çoxlu səhvlər edirsiniz. Bu da sizin əlavə enerji sərfinizə gətirib-çıxarır. Onsuz insanları inandırmaq çətin olur. Bu təkcə bizim ölkədə deyil, bütün dünyada belədir.

  1. Layihələrinizin haqqında gələcək planlarınız nələrdir?

Təbii ki, layihə rəhbərinin sahibkar düşüncəsi olmalıdır, biz ancaq genişlənmək, inkişaf etmək haqqında düşünürük. Artıq hər iki layihəmiz üçün sayt yaratmaq arzusundayıq. Həmin saytda bütün yeni layihələr haqqında məlumat vermək, həm də “Sosial Biznes Gənclər Mərkəzi” və “Buta art sweets”-in layihələrinin xanımları haqqında bloqpostlar, şirniyyatlar reseptləri, online ödənişlə bağlı məlumat yerləşdirmək istəyirik. “Social Youth Business Center”də yeni əməkdaşlıqlar həyata keçirik ki, yayda daha çox işlər görə bilək. Bu yaxınlarda gənclər üçün uzunmüddətli sosial sahibkarlıq mövuzusunda mentorluqla bağlı elan verəcik. Digər layihəmiz olan “Buta Art Sweets”də  qadınların və şirniyyatların sayını artırmaq, həmçinin çərəzlər, furşet üçün olan məhsulları da siyahıya əlavə etmək istəyirik. Eyni zamanda biz rəqəmsal kampaniyalara da start vermək niyyətindəyik ki, həmin xanımların videolarını, hekayələrini daha çox insana çatdıra bilək.

Sara Rəcəbli
Sara Rəcəbli
  1. Həmyaşıdlarınıza tövsiyəniz?

Həmyaşıdlarıma tövsiyələrim, mütləq deyil ki, hamı sosial sahibkar olsun, sadəcə ən əsas şey işi sevmək və ona hörmət etməkdir. Mən çox vaxt eşitmişəm ki, mənim gördüyüm iş heç kimə lazım deyil, yararsızdır. Amma mən sizə bir şeyi deyim ki, siz bunu çox adamdan eşidəcəksiniz, ona görə də heç vaxt öz işinizə qarşı, xüsusilə də nəticələri varsa, belə düşünməyinizə səbəb olan heç kimə yol verməyin. Əgər bu gənc sektor deyilsə, insanları təbii ki, inandırmaqda çətinlik çəkəcəksiz. Xüsusilə  bu cəmiyyətə, ölkəyə yenilik gətirən bir layihədirsə, nəzərdə saxlamalısız ki, insanlar həmişə sizi pisliyə, lağa qoya bilərlər və bu normal haldır.

Sara Rəcəbli
Sara Rəcəbli

Mən  düşünürəm ki, heç bir ideya yararsız, işləksiz və yaxud da lazımsız deyil. Ən pis ideya belə istifadə olunur, buna misal olaraq fast foodu və siqareti göstərmək olar. İnsanlara zərər verən bir ideya olsa belə bütün ölkələr tərəfindən qəbul olunub. Ona görə də hər hansı bir problemi həll edən bir ideya varsa və sizdə ona inanırsızsa, onda onun arxası ilə gedin.

Ən önəmlisi biz hər şeyin niyəsin bilməliyik, çünki biz çox vaxt biznes quranda biz məhsuldan başlayırıq, biz düşünür ki mənim qonşum rəfiqəm ingilis dili kursu açıbsa, yaxşı pul qazanırsa, deməli məndə qazana bilərəm, Əslində müasir dövrdə bu belə işləmir, siz mütləq hər hansı bir problemi həll etməli və unikal həll yolu tapmalısız. Çünki siz insanlara müəyyən unikal dəyər verə bilirsinizsə, siz mütləq qabağa gedəcəksiniz və sizin haqqınızda danışacaqlar.  Bu yolda ziyana da gedə bilərsiz, bu da normaldır. Hər hansısa bir işə başlamazdan əvvəl əsas məsələ niyə sualına cavab verməkdir, bu təkcə sosial sahibkarlığa aid deyil. Özünə sual vermək lazımdır ki, niyə bu mənə lazımdı, niyə mən bu sahəyə lazımam və niyə məhz mən burda olmalıyam. Biz öz məqsədimizi bilmiriksə, heç vaxt o sahədə uzunmüddətli fəaliyyət göstərə bilməyəcik.

Sara Rəcəbli
Sara Rəcəbli
  1. Bu layihə ilə yanaşı, başqa bir işlə məşğulsunuzmu?

Başqa işlə məşğul deyiləm. Dövlət qurumunda altı ay işlədim və bu müddət ərzində anladım ki, mən heç harda işləyə bilməyəcəm. Mən, ancaq öz layihələrimə fokuslanmaq istəyirəm. Çünki öz layihələrimə daha çox diqqət ayıranda həm layihələrim inkişaf edir, həm də mən bu təcrübəni gənclərlə də bölüşə bilirəm, həmçinin vaxtım və enerjimdə daha çox olur.

Mənim ən böyük arzularımdan biri sosial sahibkarlığı Azərbaycanda yüksək səviyyədə təmsil və təbliğ edə bilməkdir. Çünki bu sahədə ekspertlər, sosial sahibkarların və layihələrin sayı azdır. Məsələn, Gürcüstanda sosial sahibkarlıq layihələrin sayı 90 dan çoxdur, amma Azərbaycanda bəlkə də maksimum 20-30 olar. Düzdü, mən bu yaxınlarda siyahını çıxardım və gördüm ki, bizim insanlar yavaş-yavaş sosial sahibkarlığı anlamağa başlayır və cəmiyyətdəki hər hansı problemi biznes yolu ilə birləşdirərək möhtəşəm layihələrə imza atır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...