Bu gün BMW şirkəti 1 Series hetçbekinin üzərindəki sirr pərdəsini götürüb. Artıq xəbər verdiyimiz kimi, yeni 1 Series öndənçəkişli platformaya keçib. Beləliklə, yeni hetçbek alman istehsalçısının X1 krossoverinin və 2 Series miniveninin təmsil olunduğu öndənçəkişli modelləri cərgəsinə qatılıb.
Yeni platforma ilə yanaşı, avtomobil tamamilə yeni eksteryer və interyer dizaynına malik olub. Alman şirkətinin digər modellərində olduğu kimi, yeni 1 Series də irilənmiş radiator barmaqlığına malik olub. Yeni radiator barmaqlığı əvvəlki kimi iki hissəyə bölünməyib – əksinə bu hissələr vizual olaraq birləşdirilib.
BMW 118i
Avtomobil sənayesində cərəyan edən son tendensiyaların əksinə olaraq hetçbekin qabarit uzunluğu 5, təkər bazası isə 20 millimetr kiçildilib. Bununla belə, avtomobilin eni və hündürlüyü, müvafiq olaraq, 34 və 13 millimetr artırılıb. Beləliklə, yeni BMW 1 Series hetçbekinin qabarit uzunluğu 4319 millimetr, eni – 1799 millimetr, hündürlüyü isə 1434 millimetr təşkil edir. Hetçbekin təkər bazasının genişliyi 2670 millimetrdir.
İlkin olaraq, BMW 1 Series modeli iki benzin və üç dizel mühərriki ilə təklif ediləcəkdir. Benzin versiyaları ən güclü M135i xDrive və başlanğıc 118i modifikasiyaları ilə təmsil olunurlar. BMW M135i xDrive modeli 302 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik,, tam çəkiş sistemi və səkkiz pilləli avtomatik qutu ilə təchiz edilir. Ən güclü hetçbek 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
BMW M135i xDrive
BMW 118i versiyası isə 138 at qüvvəsi və 220 Nm fırlanma anı hasil edən 1,5-litrlik üçsilindrli mühərrik ilə təchiz edilir. Öndənçəkişli hetçbek altı pilləli mexaniki və ya yeddi diapazonlu avtomatik qutu ilə təchiz edilə bilər.
Dizel aqreqatlarının siyahısını 114 at qüvvəsi və 270 Nm (116d) təklif edən 1,5-litrlik üçsilindrli mühərrik açır. BMW 118d modeli isə 147 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli aqreqatla təchiz edilir. Hər iki mühərrik standart olaraq 6-pilləli mexaniki qutu ilə təchiz edilir. Opsional olaraq yeddi (116d) və səkkiz (118d) pilləli avtomatik qutunu da sifariş etmək olar. Nəhayət, ən güclü dizel modifikasiyası 188 at qüvvəsi və 400 Nm fırlanma anı təklif edən 2,0-litrlik mühərrik ilə təchiz edilir. Bu aqreqat yalnız səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışır. Top dizeli tamçəkişli ötürmə ilə də sifariş etmək mümkündür.
BMW M135i xDrive
Yeni platformanın tətbiqi hetçbekin iç məkanını genişləndirməyə imkan verib. Belə ki, arxa sərnişinlərin ayaq zonasındakı artım 33 millimetr, baş üzərindəki – 19 millimetr, dirsəklər zonasında isə 13 millimetr olub. Baqaj bölümünün həcmi 20 litr artaraq 380 litrə çatıb. Arxa cərgənin qatlanması halında bu rəqəm 1200 litrə qədər artır. Baqaj bölümünün girişi də 67 millimetr genişlənib. Üstəlik, baqaj qapağını elektrik ötürməsi ilə də təchiz etmək mümkündür.
Yeni modelin təchizatına 8,8 düymlük ekranı olan və əl hərəkətləri ilə idarə edilən multimedia sistemi daxil edilib. Daha bahalı modifikasiyalarda multimedia sistemi 10,25-düymlük displey və tamamilə rəqəmsal cihazlar paneli lə təchiz edilir.