Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyasının açılış mərasimi keçirilib.
Nazirlikdən verilən məlumata görə, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək.
“Microsoft Lab” adlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.
Laboratoriyada “Əşyaların interneti” (İoT) sahəsi üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək.
Məlumat üçün bildirək ki, “Əşyalar interneti” texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur.
Dövlət və özəl təşkilatlar öz fəaliyyətlərində informasiya texnologiyalaının nailiyyətləri və yeni imkanlarını tətbiq etmək istədikləri halda müxtəlif layihə təkliflərini Laboratoriyaya təqdim edə biləcəklər. Bu təkliflər əsasında proqramçılar və İT şirkətlər tərəfindən laboratoriyada real layihələr yaradılacaq. Sonradan hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək veriləcək.
İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “Microsoft” şirkətinin dəstəyi ilə yaradılan innovasiya laboratoriyasının əlaqələndiricisi rolunu oynayacaq. Belə ki, layihə sifarişçiləri və bu sifarişləri icra edəcək startapçılar arasında işgüzar münasibətlər yaradılacaq. Laboratoriyada, həmçinin, proqramçılıq və elektronika sahələri üzrə təlimlərin keçirilməsi, mütəxəssislərin sertifikatlaşdırılması və prototiplərin hazırlanması reallaşdırılacaq.
Qeyd edək ki, “www.iktlab.az/mslab” internet səhifəsində “Microsoft Lab” haqqında ətraflı məlumat almaq mümkündür. Burada özəl və biznes qurumları sorğu doldurmaqla reallaşdırmaq istədikləri layihələrin senarilərini “Lab”-a göndərə bilər. Eyni zamanda, “Əşyaların interneti” sahəsi üzrə layihə icra etmək istəyən proqramçılar və startaplar sayt vasitəsilə qeydiyyatdan keçə bilərlər.