2013-2018-ci illərdə “Microsoft” şirkətinin həllərində boşluqların sayı 110% yüksəlib. 2018-ci ildə texnologiya nəhənginin məhsullarında ümumilikdə 700-dən çox problem aşkar edilib. Bu haqda “BeyondTrust” şirkətinin “Microsoft”un proqram təminatında aşkar edilmiş boşluqlara həsr edilmiş yeni hesabatında məlumat verilib.
6 il ərzində “kritik” kimi təsnif edilmiş boşluqların sayı 29% artıb. 2018-ci ildə aşkar edilmiş problemlərin əsas hissəsi (292 boşluq) kodun məsafədən icra edilməsinin payına düşür, 197 boşluq (61%) isə “kritik” kimi təsnif edilib.
Ötən il “Windows Vista”, “Windows 7”, “Windows RT”, “Windows 8/8.1” və “Windows 10” platformalarında ümumilikdə 499 boşluq aşkar edilib ki, onların da 169-u (34%) kritik kimi təsnif olunub.
“Microsoft Edge” brauzerinin yeniliyinə baxmayaraq onda aşkar edilmiş boşluqların sayı (112) “Internet Explorer”in göstəricisini (39) 3 dəfə ötür. Müəlliflər, həmçinin qeyd edirlər ki, 2 il ərzində “Edge” brauzerində aşkar edilmiş boşluqların sayı 6 dəfə yüksəlib. Bundan başqa, 6 ildə “Microsoft Office” paketindəki boşluqların sayı 121% yüksəlib.