2019-cu ilin “Böyük Vergi İslahatı” nələri dəyişəcək? – TƏHLİL

Date:

Paylaş:

Növbəti ildə ölkədə bir sıra vergi dərəcələrinə dəyişikliklər məqsədilə böyük islahata gediləcəyi haqda artıq bir neçə dəfə anons verilib. Bu barədə 2019-cu ilə dair dövlət büdcəsi layihəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov, həmçinin vergilər naziri Mikayıl Cabbarov bildiriblər. Məsələn, “Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktik olaraq imtina edirik”,- deyə, nazir Şərifov bildirib.

Vergilər naziri M. Cabbarov isə deyib ki, iqtisadiyyatın bir sıra sahələrinə tətbiq olunacaq vergi güzəştlərində dərəcələrdə və yığımda inzibatçılığı təkmilləşdirmək əsas məqsəd daşıyır. Bunun üçün isə ən mühüm meyarlar vergidən yayınmanı azaltmaq, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergi tutma rejimi kimi məsələləri təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirməkdir.

Ümumiyyətlə, sözügedən problemlərin həlli üçün vergi siyasətində 5 istiqamət müəyyənləşdirilib ki, bunlar kölgə istiqamətini azaltmaq, vergi tutma bazasını təkmilləşdirmək, vergi ödəyicilərinin hüquqlarını genişləndirmək və vergi inzibatçılığını genişləndirməkdən ibarətdir. Bəs, əslində, 2019-cu ildə nəzərdə tutulan islahatdan effekt gözləmək olarmı? Məgər, dövlətin vergi siyasətində ilk dəfədir dəyişikliklər ediləcəkmi? Buna qədər ölkədə vergi dərəcələrində dəyişikliklər həyata keçirilməyibmi? Vergi siyasəti heç vaxt təkmilləşdirilməyibmi?

Ölkədə sahibkarlığın və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması, habelə yenidən təşkili məqsədilə vergi siyasətinin fasiləsiz təkmilləşdirilməsi tələb olunur. Ümumiyyətlə, həyata keçirilən vergi siyasətinin əsas məqsədi iqtisadiyyatın inkişafını stimullaşdırmaq, mövcud vergi dərəcələri və onların sayını optimallaşdırmaqdan, hesablaşmaların isə daha sadə xarakter daşımasına nail olmaqdan ibarət olduğundan, təkmilləşdirməyə həmişə ehtiyac var.

Azərbaycan hökuməti də indiyədək vergi yükünün azaldılması istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirib, dərəcələri aşağı salıb və ümumilikdə dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüb. Lakin bununla belə, mövcud vergi siyasətinin iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək hələ də çətindir.

Məsələn, ölkədə mövcud vergi siyasətinin heç də tam olaraq stimullaşdırıcı xarakter daşımadığı irad tutulanda rəsmi olaraq həmişə misal gətirilir ki, inkişaf etmiş ölkələrdə bir çox vergi dərəcələri bizdəkindən qat-qat yüksəkdir. Bu, həqiqətən də belədir.

Ancaq söhbət ölkə iqtisadiyyatının ümumi strukturundan, sistemin özəlliklərindən gedərsə, bizdə bir sıra sahələrdə vergi dərəcələrinin aşağı olmadığını sübut etmək heç də çətin deyil. Götürək, növbəti ildə dəyişikliklərin əhatə edəcəyi vergi növlərindən biri olacaq fiziki şəxslər üzrə gəlir vergisini. Bu vergi növü bizdə aşağı gəlirli insanlar üçün o qədər də stimullaşdırıcı səviyyədə deyil. Yüksək gəlirli işçilərin sayı isə ölkədə çox deyil. Xüsusən də, büdcədən maliyyələşən strukturlarda çalışanlar üçün əmək haqqından 14% gəlir vergisinin stimullaşdırıcı xarakter daşıdığını heç cür söyləmək olmaz.

Yeri gəlmişkən, ölkəmizdə gəlir vеrgisi 1992-1995-ci illər arası 12-55, 1996-1999-cu illərdə 12-40, 2000-2003-cü illərdə 12-35, 2004-2009-cu illər arasında isə 14-35 və nəhayət, 2010-cu idən etibarən, 14-30% təşkil edirdi. Vergilər Məcəlləsinə edilən əlavə və dəyişiklik nəticəsində 2013-cü ildən isə fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsi 30%-dən 25-ə endirildi.

Ölkədə əksəriyyətin əmək haqqları heç 1000 manata çatmadığı halda qeyd etdiyim kimi 2013-cü ildən tədbiq edilən endirim, gəliri 2500-ü aşanlara aiddir. Ona görə də onun büdcə gəlirlərində pаyı bütövlükdə lazım olduğundan az təşkil edir və sabit şəkildə artmayaraq, həmişə aşağı və yuxarıya doğru rəqs edib. Halbuki, əksinə olmalıdır.

Ümumiyyətlə, əvvəlki şərhlərimdə də qeyd etmişəm ki, aylıq gəlirləri 2500 manatadək olan fiziki şəxslərə 14% vergi tədbiqi özəl sektorun inkişafı və dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması üçün stimullaşdırıcı xarakter daşımır və daşıya da bilməz. Odur ki, növbəti dəyişiklik də yuxarı gəliri olanlara şamil ediləcəksə, bundan nə iqtisadiyyat udacaq, nə də büdcə… Söhbət isə, kölgə iqtisadiyyatını azaltmaq, vergi tutma bazasını təkmilləşdirmək, vergi ödəyicilərinin hüquqlarını genişləndirmək və vergi inzibatçılığını genişləndirmək kimi məsələlərdən gedir.

Vergi siyasətinin yumşaldılması büdcəni hər hansı vəsaitdən məhrum etməli deyil və edə də bilməz. Vergi dərəcələrinin aşağı salınması və yaxud tədbiqinin diferensiallaşdırılması ilkin olaraq dövlət büdcəsinə daxilolmanı azaltsa da, qısa müddətdə bazanın genişlənməsinə yardım etdiyindən mədaxilin artması ilə nəticələnir və nəticələnməlidir də.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, nazir S.Şərifov həyata keçiriləcək vergi islahatı nəticəsində müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina ediləcəyini deyib. İş ondadır, digər məsələ isə bundan ibarətdir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə hökumətin vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, kölgə iqtisadiyyatının qarşısını alan islahatlara getmək şansı daha genişdir. Və nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu islahatlara getmək lazımdır. Əsas hədəf isə təkrar edirəm ki, vergi dərəcələrinin iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşmasını stimullaşdırmaqdan ibarət olmalıdır.

Bu gün vergi dərəcələrinin yüksəkliyi, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə maraq yoxdur ki, əmək müqaviləsi ilə işləsin. Sahibkarları və işçiləri bunda maraqlı etmək tələb olunur. Bu isə vergi siyasətindən çox asılıdır.

Neft və ondan gələn gəlirlər daimi deyil. Başqa sözlə, hər an bu gəlirlər dayana bilər. Odur ki, neftdən əlverişli gəlirlilik dövründən iqtisadiyyatın canlanması üçün maksimum istifadə olunmalıdır: vergi dərəcələrinin əhalinin məhz, aşağı gəlirli hissəsinin maraqlarını nəzərə almaqla endirilməsi, ödənişə marağın artırılması, əməkhaqlarının getdikcə artmasına – yüksəldilməsinə zəmin açılması və ümumiyyətlə, işçidə öz real və gələcək sosial sığortası haqda düşünməsinə və bunda həvəsli olmasına yol açılması yolu ilə….

Sözün qısası, hökumətin və dövlətin vergi siyasəti – onun təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir: dövlət büdcəsinə, işəgötürənə və həm işçiyə… Yalnız bu halda 2019-cu ildə gözlənilən böyük vergi islahatından səmərə gözləməyə dəyər.

Müəllif: Pərviz Heydərov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...