Biznesin mövcud durumu və gözləntilərinin müəyyən edilməsi ilə bağlı sorğu analizi

Date:

Paylaş:

 Sorğunun məqsədi və əhatə dairəsi

Ölkədə biznes mühitini dəyərləndirmək və yaxın perspektivlə bağlı situasiyanı proqnozlaşdırmaq baxımından biznesin gözləntilərinin öyrənilməsi çox önəmlidir. BRİ (Baku Research Institute) ekspert qrupu bu məqsədlə 2018-ci ilin avqust-sentyabr aylarında Azərbaycanın 6 iqtisadi rayonunu və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 nəfər sahibkar arasında sorğu təşkil edib. Sınaq xarakterli olduğu üçün ilk sorğuya bir qədər az sahibkarlıq subyekti cəlb edilib. Növbəti mərhələlərdə daha çox sayda biznes təmsilçisinin sorğu ilə əhatə olunması xüsusi diqqətdə saxlanacaq.

Respondentlərin 41%-ni paytaxtın da daxil olduğu Abşeron iqtisadi rayonundan olan sahibkarlar təşkil edib. Bundan başqa rəyi soruşulanların 21%-i Aran, 14%-i Quba-Xaçmaz, 9%-i Yuxarı Qarabağ, 9,0%-i Şəki-Zaqatala, 6,0%-i Lənkəran iqtisadi rayonunda çalışan sahibkarlar olub (Q1).

 

 

Respondentlərin cinsi tərkibinin analizi göstərir ki, kişilər üstünlük təşkil edib. Respondentlərin 79%-i kişi, 19%-i isə qadın cinsinin təmsilçiləri olub. İştirakçıların 1%-i cinsini göstərməyib. (Q2)

 

 

Sorğuya cəlb edilən sahibkarların 30%-i sənaye, 24%-i kənd təsərrüfatı, 20%-i xidmət, 22%-i ticarət sektorunda çalışırlar. Bundan savayı respondentlər arasında tikinti sektorunu (2%) təmsil edən sahibkarlar da olub. Xidmət sektorunu təmsil edən sahibkarların 15%-i təhsil, 12%-i turizm, 8%-i ictimai iaşə üzrə ixtisaslaşıb. (Q3)

 

 

2.Sorğu üzrə respondentlərin cavablarının analizi

Ötən bir ildə bizneslərinin vəziyyəti ilə bağlı suala cavablarında respondentlərin 47%-i biznesin genişləndiyini bildirib. Respondentlərin 18%-i biznesin kiçildiyini iddia edib. Sahibkarların 35%-i isə cavab variantlarında dəyişiklik olmadığını qeyd edib. (Q4)

 

 

 

Biznesin sektorlar üzrə təhlili göstərir ki, daha çox tikinti sektoru (100%) biznesin genişləndiyini qeyd edib. Kənd təsərrüfatısektorunun yarıdan çoxu (52%), xidmət sektorunun isə 46%-i vəziyyətin müsbətə doğru dəyişdiyini bildiriblər. Sənaye (39%) və ticarət sektorunun (37%) təmsilçilərinin təxminən 1/3-i bu fikirləri bölüşüblər.  (Q4-1)

 

Q4-1. Ötən bir ildə biznesin sektorlar üzrə vəziyyəti

 

Digər sektorlarla müqayisədə biznesin kiçilməsini daha çox ticarət (26%) sektoru qeyd edib. Xidmət sektorunun 19%-i, sənayenin 17%-i, kənd təsərrüfatının 14%-i ötən il ərzində bizneslərinin kiçildiyini iddia ediblər. (Q4-1)

Sorğunun regional analizi göstərir ki, ötən il ən yaxşı vəziyyət Yuxarı Qarabağ iqtisadi rayonunda olub. Bu regionu təmsil edən sahibkarların 67%-i biznesin genişləndiyini qeyd ediblər. Eyni zamanda Abşeron iqtisadi rayonu üzrə respondentlərin 53%-i bu mövqeni bölüşüblər. Ən pis vəziyyət Quba-Xaçmaz və Aran iqtisadi regionunda olub. Bu regionların təxminən 30%-də biznesin genişlənməsi qeydə alınıb. Sorğuya əsasən, Zaqatala-Şəki təmsilçilərinin 43%-i biznesini genişləndirməyə nail olublar. (Q4-2)

Q4-2. Ötən bir ildə biznesin regionlar üzrə vəziyyəti

 

Biznesin kiçilməsi daha çox Aran (29%) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonunda çalışan hər beşinci respondent biznesin kiçildiyini bildirib. Yuxarı Qarabağ, Zaqatala-Şəki (14%) və Quba-Xaçmaz regionlarının respondentlərinin cavablarından aydın olur ki, bu regionları təmsil edən sahibkarların təxminən 10%-də biznesin kiçilməsi baş verib. Lənkəran iqtisadi rayonundan respondentlər hesab edirlər ki, onların biznesində ümumiyyətlə dəyişiklik olmayıb.

Ötən bir ildə işçilərin sayının dəyişməsi ilə bağlı suala rəyi soruşulanların 42%-i işçilərin sayının artdığını, 25%-i isə azaldığını bildirib. Respondentlərin 33%-i isə işçilərin sayının dəyişmədiyi qənaətindədir. (Q5)

 

Sorğu cavablarının təhlili göstərir ki, tikinti və xidmət sektorunun yarısında ötən bir ildə  işçilərin sayının artması baş verib. Sənayesektorunun 39%-də, kənd təsərrüfatının 43%-də işçi heyəti artıb. İşçilərin sayında ən az artım (26%) və ən çox azalma (32%) ticarətdə qeydə alınıb. Tikinti sektorunda azalma olmayıb. Sənaye, kənd təsərrüfatı  xidmət sektorunda isə azalma uyğun olaraq 28%, 19% və 27% olub. (Q5-1)

Q5-1. Ötən bir ildə biznesin sektorlar üzrə vəziyyəti

 

Sorğu nəticələrinin analizi göstərir ki, respondentlərin yarısı ötən bir ildə biznes mühitinin yaxşılaşması qənaətindədirlər. Respondentlərin 23%-i hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib. 27% respondent biznes mühitindən hər hansı dəyişikliyin olmadığını qeyd edib. (Q6)

 

 

Biznes mühitinin yaxşılaşdığını iddia edənlər bunu müxtəlif səbəblərlə izah ediblər. Respondentlərin 27%-i bu yaxşılaşmanı satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması ilə əlaqələndiriblər. İkinci əsas səbəb olaraq yoxlamaların azalması (18%) və vergi münasibətlərinin yaxşılaşması (18%) qeyd edilib. Respondentlər arasında gömrük sistemində şəffaflığın artmasını (14%), istehsalın genişlənməsini (14%), satdıqları məhsulların və ya göstərdikləri xidmətlərın bahalaşmasını (11%) müsbət addım kimi dəyərləndirənlər də olub. Respondentlərin 9%-i dövlət dəstəyinin artmasını və rəqabət mühitinin yaxşılaşmasını, 7%-i elektronlaşmanın genişlənməsini və maneələrin aradan qalxmasını müsbət indikator olaraq göstərib. Respondentlərin az qismi (5%) yaxşılaşma olaraq sənədləşmə işlərinin azalmasını və kredit əldə etməyin asanlaşmasını qeyd ediblər. Sorğu iştirakçılarının 27%-i digər məsələləri göstərib. Digər məsələlər qismində qiymətlərin sabitləşməsini, korrupsiyanın azalmasını, tikinti sahəsinin aktivləşməsini və s. qeyd ediblər. (Q7)

 

Sorğuda iştirak edən sahibkarlar müsbət məqamlarla yanaşı mənfi məqamları da qeyd ediblər. Respondentlər biznes mühitində baş verən pisləşməni bir sıra amillərlə göstəriblər. Əsas problem olaraq əhalinin alıcılıq qabiliyyətinin pisləşməsi səbəbindən müştərilərin sayının azalmasını (85%) göstəriblər. Respondentlər eyni zamanda əsas pisləşmə olaraq bazarda məhsulların bahalaşmasını (55%) və xammalın bahalaşmasını (45%) qeyd ediblər. Gömrük prosedurlarının çətinləşməsini, rəqabətin sərtləşməsini, satdığı məhsulun ucuzlaşmasını  bazarda rəqiblərin artmasını qabardanların sayı eyni olub (20%). Respondentlərin 15%-i ixtisarlar səbəbindən kadr potensialının pisləşməsini bildiriblər. Hər 10-cu respondent isə inhisarın, xərclərin, vergi yükünün artmasından və bazarın kiçilməsindən narahatlıqlarını qeyd ediblər. Respondentlər digər amillər sırasında idxal malları ucuzlaşmasını, lisenziya alınmasının çətinləşməsini, maneələrin sayının artmasını, xarici bazara çıxmaq imkanının çətinləşməsini və s. göstəriblər. (Q8)

 

 

Sorğu suallarından biri də respondentlərin indiki dövrdə bizneslərində üzləşdikləri 3 əsas problemlə bağlı idi. Cavabların analizi göstərdi ki, rəyi soruşulan sahibkarlar üçün 3 əsas problem maliyyə resurslarına çıxışın çətinliyi (26%), müştərilərin azlığı (25%) və xərclərin çoxluğu (21%) olub. Bundan savayı respondentlər arasında əsas problem qismində vergi yükünün ağırlığını (18%), kadr çatışmazlığını (10%), idxal problemini (10%), devalvasiyanı, süni maneələri, inhisarın mövcudluğunu (hər biri 7%) və xarici bazarlara çıxışın çətinliyini (6%) qeyd edənlər də olub. (Q9)

 

Sorğuda iştirak edən sahibkarlara eyni zamanda bizneslərini  genişləndirmək üçün vacib olan 3 məsələni qeyd etmələri xahiş olunmuşdu. Rəyi soruşulanlar 3 vacib məsələ qismində maliyyəyə əlçatanlığın yaxşılaşmasını (38%), xərclərin azalmasını (17%) və vergi yükünün azalmasını (17%) qeyd ediblər. Respondentlər arasında eyni zamanda yeni texnologiyaların tətbiqini (15%), kadr potensialının gücləndirilməsini (14%), müştərilərin və dövlət dəstəyinin artmasını (13%) istəyənlər də olub. (Q10)

 

Yaxın 6 ayda gözləntilərlə bağlı suala respondentlərin yarıdan çoxu (57%) bizneslərini genişləndirmək niyyətlərini bəyan ediblər. Rəyi soruşulanların təxminən 1/3-i isə gözləntilərinin dəyişmədiyini qeyd edib. Bununla yanaşı sahibkarların 9%-i başqa sferaya keçəcəklərini, 2%-i isə ixtisara gedəcəklərini bildiriblər. Cəmi 1% respondent biznesi bağlayacağını deyib. (Q11)

 

 

Sorğu nəticələri göstərir ki, respondentlərin yaxın aylarda biznes mühiti ilə bağlı gözləntiləri əsasən müsbətdir. Sorğu iştirakçılarının 57%-i hesab edir ki, yaxın 6 ayda ölkədə biznes mühiti yaxşılaşacaq. Respondentlərin 1/3-i heç bir dəyişikliyin olmayacağıqənaətindədirlər. Təxminən hər 10-cu respondent mühitin pisləşəcəyindən narahatçılığını bildirib. (Q12)

 

Yaxşılığa doğru dəyişikliklərin olacağına ümid edənlərin 14%-i bunu dövlət dəstəyinin artacağı ilə əlaqələndirib. Respondentlərin 18%-i satışın həcminin artacağını, 16%-i vergi yükünün azalacağını, 6%-i isə inhisarın aradan qaldırılacağını və infrastrukturun yaxşılaşacağını gözləyir. Əlavə olaraq respondentlərin cəmisi 2%-i yaxşı dəyişiklik qismində gömrük prosedurlarının və viza rejiminin sadələşdirilməsini, yoxlamaların azalmasını, elektron xidmətlərin və qanunvericiliyin təkmilləşdirilməsini qeyd ediblər. Respondentlərin 22%-i digər səbəbləri göstəriblər. 8%-i isə yaxşılaşmanın nədən ibarət olacağını qeyd etməyiblər. (Q13)

 

 

“Yaxın 6 ayda biznes mühitində nəyin pisləşəcəyini gözləyirsiniz?” sualına respondentlərin 33,3%-i  mal-materialların bahalaşacağını, milli valyutanın ucuzlaşacağını, müştərilərin sayının azalacağını qeyd ediblər. Bundan başqa mal idxalının çətinləşəcəyini və yanacağın bahalaşacağını gözləyənlər də olub.

 

Sorğunun əsas nəticələri

  • Respondentlərin təxminən  yarıya qədəri (47%) ötən bir ildə bizneslərinin genişləndiyini bildirib. Sorğu iştirakçılarının 18%-nin biznesi kiçilib, onlardan 35%-i iqtisadi göstəricilərinin sabit qaldığını bəyan ediblər.
  • Regional baxımdan analiz etdikdə biznesinin genişləndiyini bəyan edən respondentlər Yuxarı Qarabağ  üzrə 67%, Abşeron üzrə 53%, Zaqatala-Şəki üzrə 43%, Quba-Xaçmaz və Aran iqtisadi regionları üzrə 30% təşkil edib.
  • İqtisadiyyatın sektorları üzrə sorğunun nəticələrinə diqqət yetirdikdə, məlum olur ki, ən yaxşı vəziyyət tikinti sektorunda olub. Tikinti biznesini təmsil edən bütün respondentlər son bir ildə bizneslərinin böyüdüyünü qeyd edib. Bu nəticə kənd təsərrüfatı sektoru üzrə 53%, xidmət sektoru üzrə 46%, sənaye  üzrə 39%, ticarət sektoru üzrə 37% təşkil edib.
  • Biznesin kiçilməsi ən çox ticarətdə olub – 26% respondent bunu qeyd edib. Xidmət sektorunun 19%-i, sənayenin 17%-i, kənd təsərrüfatının 14%-i ötən il ərzində bizneslərinin kiçildiyini vurğulayıblar.
  • Biznesin kiçilməsi daha çox Aran (29%) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonu üzrə həmin nəticə 20%, Yuxarı Qarabağ və Şəki-Zaqatala regionu üzrə 14% təşkil edib. Lənkəran iqtisadi rayonundan olan respondentlərin hamısı bildirib ki, onların biznesində ümumiyyətlə dəyişiklik olmayıb.
  • İşçilərin sayının dəyişməsi biznesin durumunu dəyərləndirmək üçün vacib göstəricilərdən biridir. Sorğu iştirakçılarının 42%-i ötən bir ildə işçilərin sayının artdığını, 25%-i azaldığını, 33%-i isə işçilərin sayının dəyişmədiyini qeyd edib.
  • Sorğu cavablarının təhlili göstərir ki, tikinti və xidmət sektorunun yarısında, sənaye sektorunun 39%-də, kənd təsərrüfatının 43%-də ötən bir ildə  işçi heyəti artıb. İşçilərin sayının azaldığını qeyd edən respondentər ticarətdə 32%, sənayedə 28%,  xidmət sektorunda 27%, kənd təsərrüfatında 19%, olub. Tikinti sektorunda azalma olmayıb.
  • Sorğu nəticələrinin analizi göstərir ki, respondentlərin yarısı ötən bir ildə biznes mühitinin yaxşılaşması qənaətindədirlər. Respondentlərin 23%-i hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib. 27% respondent biznes mühitində hər hansı dəyişikliyin olmadığını qeyd edib.
  • Biznes mühitinin yaxşılaşmasını respondentlərin 27%-i satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması, 18%-i yoxlamaların azalması və vergi münasibətlərinin yaxşılaşması, 14%-i gömrük sistemində şəffaflığın artması,  9%-i dövlət dəstəyinin genişlənməsi, 7%-i elektronlaşmanın miqyasının böyüməsi kimi müxtəlif amillərlə əlaqələndiriblər.
  • Biznes mühitində baş verən pisləşmənin əsas səbəbi kimi respondentlərin 85%-i əhalinin alıcılıq qabiliyyətinin pisləşməsi və bu səbəbdən müştərilərin sayının azalmasını qeyd ediblər. Bununla yanaşı sorğuya cəlb olunanların 45%-i xammal və materialların bahalaşmasını biznes mühitinə mənfi təsir göstərən amil kimi göstəriblər.
  • Respondentlərin 10%-dən çoxu inhisarın, xərclərin və vergi yükünün artmasından, eləcə də bazarın kiçilməsindən, lisenziya alınmasının çətinləşməsindən, xarici bazara çıxmaq imkanının daralmasından narahatlıqlarını ifadə ediblər.  Hazırkı dövrdə biznesin üzləşdiyi 3 əsas problem kimi maliyyə resurslarına çıxışın çətinliyi (26%), müştərilərin azlığı (25%) və xərclərin çoxluğu (21%) qeyd olunub.
  • Bizneslərini  genişləndirmək üçün ən vacib addımlar kimi respondentlər maliyyəyə əlçatanlığın yaxşılaşmasını (38%), vergi yükünün azalmasını (17%), yeni texnologiyaların tətbiqini (15%), kadr potensialının gücləndirilməsini (14%) prioritet kimi önə çəkiblər.
  • Yaxın 6 ayda biznesdə gözləntilərlə bağlı suala respondentlərin 57%-i bizneslərinin genişlənəcəyinə, 30%-dən bir qədər çoxu fəaliyyətin sabit qalacağını, 10%-dən bir qədər çoxu isə fəaliyyət sferasını dəyişəcəyini və dövriyyəsinin kiçiləcəyini gözlədiklərini bəyan ediblər.
  • Sorğunun nəticələrinə görə, biznesin cəmi 16%-i yaxın dövrlərdə vergi yükünün azalacağını, 6%-i isə inhisarın aradan qaldırılacağını, 2%-i gömrük prosedurlarının sadələşəcəyini, 33%-i mal-materialların bahalaşacağını və milli valyutanın ucuzlaşacağını gözlədiklərini qeyd ediblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...