Məqsədi “Bal kimi” brendini xarici bazarlara çıxarmaqdır

0
1469

“ABAD”ın ərzaq məhsulları istehsalı üzrə dəstəklədiyi ailələrdən biri də Masallı rayonu sakinləri Əliyevlər ailəsidir. Ailənin nümayəndəsi Samir Əliyev artıq bir neçə ildir ki, öz təsərrüfatını mürəbbə istehsalı üzrə qurub.

İlk dəfə qoz mürəbbəsi bişirərək fəaliyyətə başlayan Samir, zamanla bu peşənin mütəxəssisinə çevrilib, hazırladığı mürəbbə çeşidlərinin sayını artırıb.

Ailə hazırladığı məhsulların bir qismindən şəxsi tələbat üçün istifadə etsə də, digər hissəsini ilk dövrlərdə yerli bazarda satışa çıxarıb.

Mürəbbə istehsalı sahəsində qazandığı uğurlar Samir Əliyevi öz ailə biznesini daha da inkişaf etdirməyə həvəsləndirib.

O, məhsullarını kustar deyil, müasir tələblərə cavab verən şəraitdə hazırlamaq, sertifikatlaşdırma, satışın təşkili, brendinq və dizayn kimi xidmətlərdən yararlanmaq üçün Masallı regional “ABAD” mərkəzinə müraciət edib.

“ABAD” birinci mərhələdə Samir Əliyevi mürəbbələri daha yüksək keyfiyyət və bütün standartlara uyğun hazırlamağa imkan verən zəruri istehsal avadanlıqları ilə təmin edib.

Növbəti mərhələdə “ABAD”çı üçün “Bal kimi” mürəbbə brendi yaradılıb. İstehsal olunan məhsullar “ABAD”ın dəstəyi sayəsində “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılıb.

“ABAD” həmçinin məhsulların satış nöqtələrinə daşınmasını təmin edib.

Bu gün Əliyevlər ailəsinin “Bal kimi” brendi altında təqdim olunan mürəbbə çeşidləri sürətlə artmaqdadır.

Hazırladığı mürəbbələri digərlərindən fərqləndirmək üçün o, Azərbaycan kulinariyasını diqqətlə öyrənir və nadir reseptlər əsasında məhsul hazırlamağa üstünlük verir.

Samir Əliyevin sözlərinə görə, onun əsas məqsədi “Bal kimi” brendi altında hazırladığı məhsulları xarici bazarlara çıxarmaqdır və o, bu işdə “ABAD”ın dəstəyinə güvənir.