Əsas səhifə Biznes Biznes məqalələri 74 illik tarixi olan 1 mlrd. dollarlıq ailə biznesinin koronavirus uğuru

74 illik tarixi olan 1 mlrd. dollarlıq ailə biznesinin koronavirus uğuru

155
Paylaş

1946-cı ildə ABŞ-ın Oqayo ştatından olan bir ailə – Cerri və Qoldi Lippman cütlüyü Gojo adlı şirkət təsis edirlər. İkinci Dünya Müharibəsi zamanı Qoldi Akronda, Oqayo ştatında bir rezin məmulatları sexində usta işləyirdi. Bu fabrikdə xilasetmə vasitələri və digər məhsullar istehsal olunurdu. Qoldi görürdü ki, hər dəfə iş növbəsi bitəndən sonra ustalar qrafit və kömür izlərini əllərindən təmizləməkdə çətinlik çəkirlər və ləkələri çıxarmaq üçün kerosin, benzol kimi kimyəvi məhlullardan istifadə edirlər. O, yoldaşı Cerri ilə birgə belə qərara gəlir ki, daha keyfiyyətli təmizləyici vasitə hazırlasınlar. Kent Universitetindən olan kimya müəllimi ilə birlikdə cütlük ilk antibakterial “Gojo” (adlarının birləşməsi) gelini hazırlayırlar.

Cerri və Qoldi Lippman.

İlk əvvəl Cerri gelləri öz zirzəmilərində hazırlayıb köhnə turşu qabalarına dolduraraq maşının baqajından avtomobil ustalarına satırdı. Yoldaşı Qoldi isə mühasibat və xammal alışı işləri ilə məşğul idi. “Gojo”nun ilk alıcıları yağlarla və digər bu kimi çirkləndirici vasitələrlə işləyən sahibkarlar – məsələn, mexaniklər və avtosexlərin sahibləri olurlar. Gel o qədər məhşurlaşır ki,  şirkət işçiləri həmin gelləri yemək qablarına töküb evə aparmağa başlayırlar və bu da şirkət müştərilərinin narazılığına səbəb olur. 1952-ci ildə Cerri,  gel məhlulunun miqdarla axınını təmin edən avtomatik dispenser qab icad etdi və onu patentləşdirdi. Bu,  satışı daha da artırdı.

1972-ci ildə Qoldi dünyasını dəyişir. “Gojo”nun yeni prezidenti Cerrinin qardaşı oğlu Co Kanfer olur (ailənin özünün övladı yox idi). Sonralar Co Kanfer şirkətin idarə heyətinin sədri və baş direktoru olur. Co Kanfer həm də bu işlərdən anlayışlı birisi idi, belə ki, o demək olar ki,  “Gojo”nun mərkəzi ofisində böyümüşdü.

Co Kanfer.

1988-ci ildə “Gojo” tərkibində su olmayan, etil spirti əsaslı “Purell” gellərini buraxır. Bu gellərin Amerikada sevilməsi uzun zaman alsa onlar uğur qazana bilirlər. “Purell”in ilk iri alıcısı Nyu-Yorkun Wegmans mağazalar şəbəkəsi olur. O, 1990-cı illərin əvvəllərində, həm işçilərin həm də alıcıların istifadəsi üçün bütün mağaza boyunca gel dolu dispensenler quraşdıran şirkət olub.

“Gojo”ya brend, loqotip hazırlanmasında və gellərin qablaşdırılması işində köməkçi olan Nottingham Spirk firmasının rəhbəri Con Nottingam deyir ki, Purell ilk öncə müəssisələrə satılmaq üçün nəzərdə tutulmuşdu, 1997-ci ildə isə onu istehlak bazarına çıxarmaq qərarına gəlirlər. O zaman Spirk şirkəti “Gojo”ya təklif edir ki, geli şəffaf  plastik flakonda qablaşdırsınlar və “xoş təravət və təmizlik hissi oyatmaq” üçün gel məhluluna köpüklər əlavə etsinlər. Nottingam, Purell gellərinin bir inqilab yaratdığını və istehlakçıların münasibətilərində dəyişikliyə səbəb olduğunu deyir: “O, çox alınan məhsullardan olur”.

2002-ci il “Purell” tarixində ən yaddaqalan bir il olur. Belə ki, araşdırmalar zamanı məlum olur ki, bakteriyaların yayılmasının qarşısının alınması baxımından tibb işçiləri üçün spirt tərkibli antibakterial gellər adi sabun və sudan daha təsirlidir və bundan sonra ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi səhiyyə sahəsində gigiyena qaydalarını yeniləyir. Bu da Purell gellərinin tibbi məhsullar bazarını sürətlə ələ keçirməsinə gətirib çıxarır.

2005-ci ildə Cerri dünyasını dəyişir. İki il sonra Kanferin qızı, Marsella Kanfer Rolnik (dörd övladdan böyüyü) şirkətin idarə heyəti sədrinin müavini olur və 2018-ci ildə isə idarə heyətinin sədri postunda atasını əvəz edir.

“Purell”in, 74 il əvvəl Oqayo ştatında əsası qoyulmuş Gojo Industries ailə biznesinin məhsulu olduğunu çox az adam bilir. Gojo Amerikanın antibakterial gellər bazarının təxminən 25%-ni əhatə edir və şirkət hər növ təmizləyici vasitələr, antibakterial gellər və antiseptiklər istehsal edir. IBISWorld araşdırma şirkətinin məlumatına görə, onun gəliri 2018-ci ildə 370 mln. dollardan çox olub və hal-hazırda tam olaraq Kanferlər ailəsinə məxsus olan şirkətin dəyəri 1 milyard dollardır.

Marsella Kanfer Rolnik, Co Kanfer

Son iki ildə Purell şirkəti öz antibakterial gellərini saytda və sosial şəbəkələrdə qrip, norovirus və hətta güman ki, Ebola əleyhinə vasitə kimi reklam etməyə başlayır. 17 yanvarda ABŞ-ın  FDA-sı  (Qida və Dərman Administrasiyası) Gojo şirkətinə xəbərdarlıq göndərərək tələb edir ki, reklamda əsası olmayan ifadələrin istifadəsini dayandırsın. Çünki Administrasiyaya, gellərin bakteriya və virusları məhv etməsi və ya həmin virusların səbəb olduğu xəstəlik və infeksiyaların azalması ilə bağlı kliniki göstəriciləri əks etdirən  heç bir etibarlı araşdırma nəticəsi məlum deyildi. Gojo şirkəti tələbə əməl edir və saytlarında FDA-nın məktubuna cavab olaraq bildirir ki, artıq marketinq materiallarını dəyişib.

Cerri Lippman, Marsella Kanfer Rolnik, Co Kanfer

Hal-hazırda isə məlum koronavirus səbəbindən yerli apteklərdə Purell çox çətinliklə tapılır, amma şirkət özü Purell qıtlığının olmamasında israrlıdır. “Gojo” nümayəndəsi Samanta Uilyams bildirib ki, şirkətin artan tələbatı ödəyə bilməsi üçün fabrikləri tam gücü ilə işləyirlər. Sorğularla işləməyə görə ayrılmış xüsusi komanda çoxsaylı onlayn tələbatı qarşılamaq üçün iş vaxtından əlavə də çalışır.  Bu, koronavirusdan öncəki epidemiyalarda ( 2003-cü il, SARS ağır respirator sindromu və 2009-cu il, H1N1 donuz qripi) istehsal həcmini lazımi səviyyədə saxlamağa kömək etmişdi.

Uilyams təkidlə bildirir ki, hazırda Purell gellərinə olan tələbat çox böyükdür, amma bu misli görünməmiş həddə də deyil. Amma mağazalarda əhval-ruhiyyə başqadır. Manhetten mərkəzində yerləşən Duane Reade aptekinin meneceri deyir ki, onlar ehtiyat “Purell”lərdən satıblar, növbəti təchizat isə ancaq bir neçə gündən sonraya mümkün olacaq. Adıçəkilən aptekin Kvinsdəki filialında da Purell qurtarıb və bir daha nə vaxt olacağı da bilinmir. Lorensdə yerləşən Costco mağazasında təmizləyici və gigyenik vasitələrin cümə axşamı günü gələn yeni partiyası bir saatın içində satılıb qurtardı. “Bu, panikadır. Adətən ilin bu vaxtı satışlar az olur”- deyə, mağazanın əməkdaşı bildirir.

Brend antibakterial gel əldə edə bilməyən istehlakçılar əvəzləyici axtarırlar. Araq istehsalçısı Tito bəyan edib ki, onların 40% spirt tərkibli araqları koronavirusu məhv etməyə qadir deyil (federal qurumlar bildiriblər ki, spirt tərkibi 60%-dən aşağı olmamalıdır). Yerli idarəetmə orqanları bacardıqları qədər problemin öhdəsindən gəlməyə çalışırlar. Bazar ertəsi günü Nyu-York ştatının qubernatoru bildirib ki, ştat öz antibakterial gellərinin istehsalına məhbusları da cəlb edəcək.

Bu ağılasığmaz bir haldır, çünki, nə “Purell”in, nə də hər hansısa başqa sanitar vasitənin insanları virus və bakteriyalardan qoruyub-qorumaması tam olaraq məlum deyil və təsdiqini də tapmayıb. Antibakterial gellərin istehsalı ABŞ-da FDA-nın nəzarəti altındadır və bu qurum, belə məhsulların virusdan qoruyan vasitə kimi reklam olunmaması və ya onların konkret infeksiyanın adını hallandırmaması ilə bağlı sərt qaydalar tətbiq edib.

Bununla belə, koronavirus panikası başlanan kimi Purell təmizləyici gelləri mağazaların piştaxtalarından alıcılar tərəfindən demək olar ki, “süpürülür”. Panikaya düşən alıcılar ümumiyyətlə, mağaza və apteklərdən, makarondan tutmuş termometrlərə qədər hər şeyi dayanmadan alıb aparırlar. Bəs çətinliklə tapdıqları nədir? Elə Amerikada çox populyar olan Purell geli – hər dəfəsində sürətlə satılıb bitdiyinə görə.