Əsrlik keçmişi ilə Türkiyənin ayaqqabı sektorunun qabaqcıl oyunçularından biri olan “İnci Deri Ayakkabı”nın iflası istənilib.
Türkiyə miqyasında 78 mağazası olan “İnci”nin iflasını İstanbul Güngöründə ayaqqabı istehsalçısı bir firma istəyib.
Əsası 1917-ci ildə Kızıltaş ailəsi tərəfindən qoyulan “İnci Deri Mamulleri San. Ve Tic. AŞ” bir ilə yaxındır ki, maliyyə çətinlikləri çəkir.
Türkiyə mətbuatı yüzlərlə tədarükçüsü olan “İnci Deri AŞ”yə qarşı açılan məhkəmə sənədlərinin detallarını əldə edib.
Şirkət haqqında iflas tələbli iş İstanbul 3. Asliye Ticaret Mahkemesində baxılacaq. Məhkəmə işini açdıran isə Güngörendə ayaqqabı istehsalı ilə məşğul olan “Mass Ayakkabı San. ve Tic. Limited Şti”nin şəriki Servet Sorkuncukdur.
Məhkəməyə verilən ərizədə “İnci Deri”nin 3 milyon lirəlik borcunu ödəmədiyi bildirilib.
Qeyd edək ki, məhkəmə prosesinə iyunun 27-də baxılacaq.